"Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar" və "Fəal interaktiv təlimin fəlsəfəsi" mövzusunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin müəllimləri üçün keçirilən təlimlər davam edir.
TƏHSİL.BİZ xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə reallaşan növbəti təlim paytaxtdakı 7 nömrəli tam orta məktəbdə keçirilib.
İctimai Şuranın sədri Hikmət Əlizadə və Şuranın katibi Günay Əkbərova tərəfindən keçirilən təlimdə innovativ və interaktiv tədris metodları, sinif idarəçiliyi, şagirdlərin motivasiyası, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi və təlim prosesində texnologiyaların roluna dair geniş müzakirələr aparılıb.
Təlim zamanı müəllimlərin sualları cavablandırılıb, mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonda təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.