Logo

Qarabağ Universiteti və Dünya Azərbaycanlı Alimlər Birliyi arasında əməkdaşlıq genişlənir

29.04.2025 15:02 50 baxış
IMG

Qarabağ Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) arasında əməkdaşlıq məsələlərinə dair növbəti görüş keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, onlayn formatda keçirilən görüşdə dünyanın müxtəlif ölkələrinin universitetlərində və elmi-tədqiqat müəssisələrində çalışan tanınmış azərbaycanlı alimlər iştirak ediblər.

DAAB İdarə Heyətinin sədri, professor Məsud Əfəndiyev giriş sözü ilə çıxış edərək DAAB-ın əsas fəaliyyət istiqamətləri və Qarabağ Universiteti ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə iştirakçıları məlumatlandırıb. M.Əfəndiyev regionun hərtərəfli inkişafına mühüm töhfə verəcək Qarabağ Universitetinə DAAB üzvləri tərəfindən müvafiq dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov təmsil etdiyi ali təhsil müəssisəsində həyata keçirilən fəaliyyətlər və gələcək planlar barədə danışıb. Rektor DAAB ilə bu günədək formalaşan əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək Qarabağ Universitetinə göstərilən maraq və dəstəyə görə təşəkkürünü bildirib. Ş.Bayramov birgə əməkdaşlığın Universitetin strateji inkişaf hədəflərinə çatmasında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Görüş çərçivəsində ortaq elmi-tədqiqat layihələrinin icrası, müasir laboratoriyaların yaradılması, onlayn dərs və seminarların təşkili, xaricdə yaşayan azərbaycanlı alimlərin mühazirələrinin təşkili, birgə elmi konfrans, forum və simpoziumların keçirilməsi və digər əməkdaşlıq istiqamətləri müzakirə olunaraq razılaşdırılıb.

Görüşün sonunda Qarabağ Universiteti və DAAB arasında konkret əməkdaşlıq istiqamətlərini əhatə edən birgə fəaliyyət planı təsdiq edilib.

Xəbər lenti