Logo

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

30.04.2025 22:05 54 baxış
IMG

 

Bakı Slavyan Universitetinin (BSU) “Konstitusiya və Suverenlik İli” üzrə Fəaliyyət Planı çərçivəsində Bolqarıstanın ən böyük ali təhsil müəssisələrindən biri olan Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində professor-müəllim heyəti və tələbələrin iştirakı ilə mühazirə keçirilib. Universitetin rektoru Anar Nağıyev “Azərbaycan regional lider və strateji tərəfdaş kimi” mövzusunda çıxış edərək yerli tələbələrin sullarını cavablandırıb.

Tədbiri giriş sözü ilə açan Sofiya Universitetinin tədris məsələləri üzrə prorektoru professor M. Donava mühazirənin aktuallığını vurğulayaraq Azərbaycanın artan beynəlxalq nüfuzu və BSU ilə qurulan əməkdaşlığın əhəmiyyətindən danışıb.
Rektor Anar Nağıyev çıxışı zamanı müxtəlif geosiyasi nəzəriyyələrə istinad edərək coğrafi mövqeyin beynəlxalq münasibətlərdə rolundan, Azərbaycanın timsalında siyasi coğrafiyanın çağırışlarının üstünlüyə çevrilməsi və yeni geosiyasi reallıqların formalaşdırılması prosesindən bəhs edib. O, Azərbaycanın Qafqaz regionunda və daha geniş təhlükəsizlik müstəvisində tutduğu mövqeni şərtləndirən amilləri sistemli şəkildə izah edib. Çıxışda həmçinin Azərbaycanın Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər hövzəsi və Avropaya qədər uzanan geniş bir geosiyasi məkan daxilində strateji tərəfdaşlıq mövqeyi müxtəlif aspektlərdən təhlil olunub.

Tədbir zamanı Anar Nağıyev Prezident İlham Əliyevin liderliyi ilə yeni dövr Azərbaycanının regional və qlobal müstəvidə uğurlarından bəhs edib, Azərbaycanın Cənubi Qafqazda tutduğu mühüm geosiyasi mövqe, beynəlxalq əlaqələr sistemindəki artan rolu və həyata keçirilən strateji layihələr barədə ətraflı məlumat verib. O bildirib ki, qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan bu gün də Şərqlə Qərbi birləşdirən əsas loqistika və enerji mərkəzi kimi çıxış edir.

Rektor, həmçinin Zəngəzur dəhlizinin açılmasının regional əməkdaşlıq və iqtisadi inteqrasiya baxımından böyük əhəmiyyət daşıyacağını bildirib. O, Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi təkcə iqtisadi deyil, həm də təhlükəsizlik sahəsində Türk dünyasının inteqrasiyasında mühüm rol oynadığı qeyd edib.

A.Nağıyev çıxışında Azərbaycanın qlobal problemlərin müzakirəsində və həllində fəal iştirakını xüsusi vurğulayıb. Rektor çıxışında Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi fəaliyyətini, eləcə də Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edərək, Azərbaycanın ev sahibliyində keçirilən BMT-nin iqlim dəyişikliyi konfransı COP29-da əldə olunan mühüm nəticələrdən bəhs edib. Çıxışda Azərbaycanın enerji sahəsində Avropa üçün etibarlı tərəfdaş rolu xüsusi vurğulanıb.
Rektor qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verməklə yanaşı, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirib. Avropa İttifaqı ilə 2022-ci ildə imzalanmış anlaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycanın Avropaya qaz ixracının ikiqat artırılması istiqamətində mühüm addımlar atılır. Bu prosesdə Azərbaycanın Balkan regionu ilə əməkdaşlığı da xüsusi rol oynayır.

Anar Nağıyev çıxışı zamanı Azərbaycanın yaşıl enerji potensialına da toxunaraq, bu sahədə Avropaya yönəlik layihələrin əhəmiyyətini önə çəkib.

Tədbirdə çıxış edən Sofiya Universitetinin professoru, sabiq diplomat K.Veliçkov mühazirəyə görə təşəkkürünü bildirərək, Azərbaycanın nailiyyətlərinin mərkəzində Prezident İlham Əliyevin liderliyinin və Qarabağın azad olunmasının dayanması haqqındaki tezisləri xüsusi olaraq dəstəklədiyini, Azərbaycanın regional liderliyinin və əldə etdiyi uğurların Mərkəzi Asiya üçün də mühüm əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda rektor Anar Nağıyev professor-müəllim heyətinin və tələbələrin suallarını cavablandırıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

Xəbər lenti