Gəncə Dövlət Universitetində (GDU) “Var və Yox” Mədəniyyət və İncəsənət Platformasının təşkilatçılığı ilə “Gender stereotipləri - onların gənclərə və cəmiyyətə təsiri” mövzusunda təlim keçirilib.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, təlimdə çıxış edən universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva xalqımızın adət-ənənələrində qadına böyük hörmət və qayğı ilə yanaşıldığından danışıb. Prorektor qeyd edib ki, Azərbaycan xalqı tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duyub, ana adını uca tutub, qadına dərin hörmət, ehtiram və məhəbbətlə yanaşıb.
Təlimdə gender və media üzrə tədqiqatçı və təlimçi Vəfa Əli iştirakçılara gender stereotiplərinin gənclərin həyat seçimlərinə, sosial münasibətlərə və cəmiyyətin inkişafına təsirini izah edib. Eyni zamanda Azərbaycanda aktual sosial problem olaraq qalmaqda davam edən gender-selektiv abort məsələsindən də danışıb. Bildirib ki, gender-selektiv abortların qarşısının alınması Azərbaycan dövlətinin gender bərabərliyi siyasətinin əsas istiqamətlərindən biridir. Bu məsələni həll etmək məqsədilə Azərbaycan hökuməti 2020–2025-ci illəri əhatə edən “Gender əsasli cins seçiminin qarşısının alınması üzrə Fəaliyyət Planı”nı təsdiq edib.
İnteraktiv formada davam edən təlimdə iştirakçılar diskussiyalarda fəal iştirak ediblər.