SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2025”də iştirak edəcək tələbələr və onların elmi rəhbərləri ilə görüş keçirib.
Görüş zamanı Elmar Qasımov müsabiqənin əhəmiyyətinə toxunaraq, bu cür beynəlxalq platformalarda iştirakın tələbələrin bilik və bacarıqlarının inkişafı baxımından mühüm rol oynadığını vurğulayıb. O, tələbələrə dəyərli tövsiyələr verib və onları layiqli şəkildə ölkəmizi və BANM-i təmsil etməyə çağırıb.
Rektor çıxışı zamanı Bakı Ali Neft Məktəbinin əvvəlki illərdə “TEKNOFEST”də əldə etdiyi uğurları xatırladaraq, bu ənənənin davam etdirilməsinin vacibliyini bildirib.
O deyib ki, builki festivalda Azərbaycandan təmsil edilən komandaların 75 faizini (6 komanda) məhz BANM tələbələri təşkil edir və bu, ali məktəbin yüksək potensialının göstəricisidir.