Aprelin 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində “Heydər Əliyev dərsləri”nin növbəti məşğələsi baş tutub.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci ildə imzaladığı sərəncamla 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Dövlət başçısının digər sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında isə il ərzində bütün pillələrdən olan təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi nəzərdə tutulub. Sözügedən Tədbirlər Planına uyğun olaraq, 2023-cü ilin ilk aylarından etibarən ADPU-nun Heydər Əliyev Mərkəzi mütəmadi olaraq universitetin müxtəlif fakültələrinin birinci tədris ili qruplarında analoji dərsləri keçirməyə başlayıb.
“Heydər Əliyev İli” başa çatsa da, universitet rəhbərliyinin qərarına əsasən, bu fəaliyyət hər il birinci kurs tələbələrinin iştirakı ilə davam etdirilməkdədir.
Növbəti dərs, ənənəvi olaraq, Heydər Əliyev Muzeyindən başlayıb. Mərkəzin baş mütəxəssisi Aynurə Əsgərova muzeyə baş çəkən tələbələrə burada nümayiş olunan fotoşəkillər, suvenirlər və arxiv sənədlərinin surətləri barədə ətraflı məlumat verib.
Daha sonra Ümummilli Liderin adını daşıyan lektoriyada tələbələr “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda mühazirəni dinləyiblər. Qeyd ediilb ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq bir dövr ölkənin dirçəliş və tərəqqi mərhələsini təşkil edir. Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş yaranıb, beynəlxalq əlaqələri genişlənib. Ümummilli Lider öz uzaqgörən siyasəti ilə dövlətçilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri ehtiva edən azərbaycançılıq ideologiyasının əsasını qoyub.
Mühazirədən sonra dünyanın tanınmş dövlət və hökumət başçılarının Ulu Öndərlə bağlı fikirlərindən ibarət slaydlar nümayiş olunub. Heydər Əliyevin həyat və fəaliyyətinə, zəngin siyasi irsinə həsr olunmuş sənədli film tələbələrdə xüsusi maraq doğurub.
Dərsin son hissəsi qarşılıqlı sual-cavab və fikir mübadiləsi formasında keçib.