Logo

ADPU-nun Şamaxı filialında “Mədəni irsimiz: dünən və bu gün” mövzusunda sərgi təşkil edilib

02.05.2025 14:04 110 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Konstitusiya və Suverenlik İli” və Quba Soyqırımı Memorial Kompleksinin layihəsi çərçivəsində “Mədəni irsimiz: dünən və bu gün” mövzusunda sərgi təşkil edilib.

TƏHSİL.BİZ  xəbər verir ki, sərginin açılışında çıxış edən Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova Quba Soyqırımı Memorial Kompleksi ilə filial arasında imzalanmış memoranduma uyğun olaraq keçirilən bu sərginin gənclərimizin maarifləndirilməsi baxımından əhəmiyyət daşıdığını bildirib. Filialın direktoru qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı 30 illik işğaldan azad edib. Bu Zəfər yürüşündə, həmçinin Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırımının qisası alınıb.

Bildirilib ki, Ermənistan işğal dövründə Azərbaycanın maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizmə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır. Hazırda bu abidələrin bərpası və tarixi irsin qorunması istiqamətində araşdırmalar aparılır. İşğaldan azad edilmiş Qarabağda bərpa və quruculuq işləri sistemli şəkildə həyata keçirilir.

Daha sonra sərgi haqqında ətraflı məlumat verən filialın Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı mədəni irsin qorunmasına və bərpasına dair aktual məsələlərə toxunub. O qeyd edib ki, Qarabağda işğal dövründə dağıdılmış abidələrin bərpası yalnız bir tikinti prosesindən ibarət deyil. Bu, həm də xalqımızın kimliyini bərpa etməsi, itirilmiş dəyərləri yenidən əldə etməsi deməkdir. Hər bir abidə bir tarixdir, hər bir daş bir xatirədir. Bu abidələrin bərpası həm də bizə keçmişimizi unutmamağı, gələcəyimizi isə daha möhkəm və güclü qurmağı öyrədir. Çıxışda Qarabağ xanlığı, Qarabağın ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi vəziyyəti, Ermənistanın Azərbaycanın tarixi-mədəni abidələrinə qarşı terroru, İrəvanda erməni vandalizmi, işğal zamanı Qarabağda dağıdılmış türk-müsəlman, Alban abidələri haqqında geniş məlumat verilib, abidələrin bərpa prosesləri ilə bağlı görülən işlər diqqətə çatdırılıb.

Sərgi bir neçə gün davam edəcək.

Xəbər lenti