Logo

BDU və YAP-ın birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin siyasi irsi: qüdrətli dövlətin əsasları” mövzusunda konfrans keçirilib

05.05.2025 12:46 79 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin siyasi irsi: qüdrətli dövlətin əsasları” mövzusunda konfrans keçiriliB.

TƏHSİL.BİZ  xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə çiçəklər düzülüb, xatirəsi ehtiramla yad edilib. Konfrans iştirakçıları BDU-nun Heydər Əliyev muzeyini də ziyarət ediblər.

Konfransın açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik fəaliyyətindən bəhs edən videosüjet nümayiş olunub.

BDU rektoru Elçin Babayev konfransın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu ilk Konstitusiyasının 30, Azərbaycan tarixində qızıl hərflərlə yazılmış böyük Qələbəmizin 5 illiyi münasibətilə, “Konstitusiya və Suverenlik İli”ndə keçirilməsinin xüsusi rəmzi məna daşıdığını bildirib. Rektor vurğulayıb ki, hələ sovet dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev respublikada sənayenin yüksək səviyyədə inkişafına nail olub. Sonralar - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə də Ulu Öndər bu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəltdi.

“Naxçıvanda olduğu illərdə isə bu torpaqlarımızın işğalının qarşısının alınması və regionun inkişafı istiqamətində misilsiz xidmətlər göstərdi. Ölkəmiz üçün mürəkkəb bir dövrdə, parçalanmaq təhlükəsi ilə üzləşdiyi illərdə Ulu Öndər Heydər Əliyev xalqımızın yenidən nicatı oldu. O, xalqın tələbi ilə Azərbaycana rəhbərliyə qayıdaraq xilaskarlıq missiyasını davam etdirdi. Ulu Öndər tərəfindən tez bir zamanda qüdrətli Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi. Azərbaycan etibarlı tərəfdaş kimi dünyada qəbul olundu. Ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, Ulu Öndər Heydər Əliyevin neft strategiyası dövlətimizi qüdrətləndirdi. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı.

Azərbaycanın bir dövlət kimi prioritetlərini, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi isə, heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan Prezident İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. Prezident İlham Əliyev təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik siyasətini əzmlə inkişaf etdirərək ölkəmizi dünyanın modern və qüdrətli dövlətlərindən birinə çevirdi, müqəddəs ata vəsiyyətini, xalqımızın ən ülvi arzusunu şərəflə yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi”.

Rektor diqqətə çatdırıb ki, Ulu Öndərin hər zaman sonsuz diqqət və qayğı ilə yanaşdığı, “çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin kollektivi də bütün xalqımız kimi, hər zaman Ulu Öndərin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edir, onun zəngin siyasi irsinin tədqiqi və gənc nəslə ötürülməsi istiqamətində əlindən gələni əsirgəmir. BDU-da Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində hərtərəfli fəaliyyət aparılır. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ilində universitetin 100-dən çox əməkdaşı (102 nəfər) və 100-dən çox tələbəsi YAP sıralarına qəbul edilib.

YAP sədrinin müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov isə bildirib ki, Ümummilli Lider Heydər Əliyev istər zəngin dövlətçilik irsi, istərsə də mütərəqqi ideyaları ilə əbədiyaşarlıq qazanıb. Müasir dövlətçilik tariximiz Heydər Əliyev siyasətinin Azərbaycan xalqının taleyində hansı müstəsna əhəmiyyətə malik olduğunu təsdiqləyir. Müdrik dövlət xadimi sovet dövründə Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahına müvəffəq olaraq gələcək müstəqilliyinin əsaslarını formalaşdırıb. Ulu Öndərin həmin dövrdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük siyasi-ideoloji əhəmiyyətə malik fəaliyyəti, o cümlədən Azərbaycan dilinin respublika Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması və azərbaycançılıq ideologiyasının təşviqini daim diqqətdə saxlaması bu baxımdan xüsusi qeyd edilməlidir.

Qeyd olunub ki, 1992-ci ilin noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və xalqın öz Liderinin ətrafında sıx birləşməsi isə dövlətçilik tariximizin dönüş nöqtəsi - mühüm bir taleyüklü mərhələnin başlanğıcı olub. Ölkədə xaos və anarxiyanın hökm sürdüyü, qonşu Ermənistanın ozamankı geosiyasi şəraitdən və respublikanın ağır vəziyyətdə olmasından istifadə edərək torpaqlarımızı işğal etdiyi bir vaxtda xalqın çağırışı ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan və 15-də Ali Məclisin Sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanı ciddi siyasi və iqtisadi problemlərdən, böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxarıb və ölkəmizə real müstəqillik qazandırıb. İctimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, milli birliyin təmini, ardıcıl sosial-iqtisadi və siyasi-hüquqi islahatların reallaşdırılması, müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi və müstəqillik dönəminin ilk Konstitusiyasının qəbul edilməsi Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib. Bununla yanaşı, milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursu dünya birliyindən təcrid olunmuş Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsini və etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirib. Bir sözlə, Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmi – 1993-2003-cü illəri əhatə edən dövr Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoyması, böyük Zəfərin əldə edilməsi üçün möhkəm təməllərin yaradılması ilə əlamətdardır.

YAP sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunan “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlər, o cümlədən Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutan bugünkü konfrans bütün bu reallıqlara, o cümlədən müstəqillik dövründə ölkəmizdə müasir - hüquqi və demokratik dövlət quruculuğuna, möhtəşəm Zəfər yoluna hərtərəfli nəzər salınması baxımından mühüm əhəmiyyət kəsb etməklə bərabər, gələcək hədəflərin müəyyənləşdirilməsi üçün də olduqca önəmlidir: “BDU-da çalışan qabaqcıl elm xadimləri, ziyalılar da Ulu Öndərin ideyalarının reallaşmasında mühüm rol oynamış, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinə qətiyyətli dəstək ifadə ediblər. Ümummilli Liderimiz məzunu olduğu Bakı Dövlət Universitetinin fəaliyyətinə hər zaman böyük önəm verib, 50, 60, 75 və 80 illik yubileylərində iştirak edərək bu ali təhsil ocağını “Azərbaycan xalqının milli sərvəti” adlandırıb. Tarixi ənənələrə və zəngin elmi nailiyyətlərə malik olan Bakı Dövlət Universitetinin elm və təhsil sahəsi ilə yanaşı, siyasi proseslərdə də fəal rol oynayan, prinsipial mövqeyi və sağlam əqidəsi ilə fərqlənən, milli məsələlərdə və tarixi-siyasi məsuliyyət anlarında öz sözünü deyən nüfuzlu alimləri partiyamızın sıralarında təmsil olunurlar. Yeni Azərbaycan Partiyasının üzvü olan elm xadimlərinin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik prinsipləri əsasında çalışmaları, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri Heydər Əliyev irsinə və ideyalarına sədaqət nümunəsi olmaqla yanaşı, Azərbaycanın inkişafına, qarşıda duran hədəflərin reallaşmasına önəmli töhfədir. Sevindirici haldır ki, bu ənənələr davam edir və Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş Bakı Dövlət Universitetinin bir qrup nümayəndəsinə bu gün üzvlük vəsiqələri təqdim olunacaq. Onların hər birinə Heydər Əliyev yolunda inam və əzmlə addımlamağı arzulayıram”.

Sonra YAP sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

YAP sıralarına yeni qəbul olunmuş BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin müəllimi Arzu Orucova, Tarix fakültəsinin II kurs tələbəsi Ayan İsmayılova çıxışlarında Ulu Öndərin ideallarını davam etdirəcəklərini bildiriblər.

Yeni Azərbaycan Partiyasının himni səsləndiriləndən sonra tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib.

Xəbər lenti