Logo

AMEA Rəyasət Heyətinin iclası keçirilib

24.04.2024 12:54 143 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin (AMEA) növbəti iclası keçirilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, iclasda müzakirəyə çıxarılan ilk məsələ AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Füzuli şəhərinə səfərinin nəticələri haqqında olub. Akademik İsa Həbibbəyli Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə böyük özbək alimi və dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak etdiyini qeyd edib. O, həmin tədbirin “Böyük Qayıdış” hərəkatı çərçivəsində təşkil olunan ilk böyük beynəlxalq elmi konfrans olduğunu bildirib. AMEA prezidenti tədbir çərçivəsində AMEA Rəyasət Heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunmuş bir çox kitabın məktəbin kitabxanasına hədiyyə edildiyini diqqətə çatdırıb.

İclasda AMEA-nın elmi müəssisə və təşkilatlarına Özbəkistanın elmi və ali təhsil müəssisələri ilə əlaqələrin daha da gücləndirilməsi istiqamətində zəruri addımların atılmasının davam etdirilməsi tapşırılıb.

AMEA rəhbəri daha sonra Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti və Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində akademik Rəhim Rəhimovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Nəsillərə nümunə” adlı konfransda iştirakı barədə məlumat verib. Qeyd edib ki, həmin konfransda dinlənilən çıxışlarda Rəhim Rəhimovun Azərbaycan tibb elminə şərəflə xidmət etdiyi, respublikamızda onkologiyanın inkişafında misilsiz xidmətlər göstərdiyi, yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasına və onkoloji sahənin maddi-texniki bazasının formalaşmasına mühüm töhfələr verdiyi vurğulanıb.

AMEA Rəyasət Heyətinin iclasında daha sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.

İdarəetmənin optimallaşdırılması, dünya elmindəki prioritetlər və günün tələbləri nəzərə alınmaqla daxili imkanlar və mövcud ştat vahidləri hesabına AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin bazasında Antik dövr və Alban arxeologiyası şöbəsi və İlk orta əsrlər dövrü arxeologiyası şöbəsinin, Azərbaycanın orta əsr dövrü arxeologiyası şöbəsinin bazasında İslam dövrü arxeologiyası şöbəsinin, eləcə də Məhkəmə arxeologiyası şöbəsi və Elmi informasiya şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub, Xəzərin arxeologiyası şöbəsinin adında dəyişiklik edilib və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yeni strukturu təsdiqlənib.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin “AMEA-da ekspedisiyaların təşkili üzrə Komissiyanın yaradılması haqqında” 2023-cü il 13 mart tarixli qərarına dəyişiklik edilib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-da aparılan kompleks islahatların mühüm istiqamətlərindən birini elmi tədqiqatların ölkənin tarixi, siyasi, sosial, hüquqi və mənəvi- mədəni sahələrini əhatə edən inkişaf istiqamətlərinə uyğun təşkil edilməsi və həyata keçirilməsi təşkil edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixi torpaqlarını azad edərək dövlət suverenliyini tam bərpa edib. Azərbaycanın regionda və dünyada siyasi arxetektonikanın müəyyənləşməsində əsas amilə çevrilməsi ilə xarakterizə olunan yeni tarixi şəraitdə Qafqazın tarixinin daha sistemli və bütün dövrlər üzrə öyrənilməsi, bu istiqamətdə yüksəkixtisaslı kadrların hazırlanması elmi və ictimai-siyasi əhəmiyyətə malikdir.

Qeyd olunanları nəzərə alaraq Rəyasət Heyətinin qərarı ilə daxili imkanlar hesabına AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin bazasında Qafqaz tarixi şöbəsinin, Qafqaz tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin bazasında Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.

İclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına yeni şöbələrinin yaradılması haqqında məsələ də müzakirə edilib.

Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da son dövrlərdə həyata keçirilən islahatların mühüm tərəflərindən birini elektron elmin inkişafı, sənədlərin rəqəmsallaşdırılması, arxiv sənədlərinin elektron bazasının yaradılması istiqamətində atılan addımlar təşkil etməkdədir. AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili, xidmət prosesinin və elektron xidmətlərin göstərilməsinin cari vəziyyəti, məlumatların toplanılması, sistemləşdirilməsi, parametrlər üzrə axtarılması və təhlilində ortaya çıxan məsələlər MEK-in elmi informasiya təminatının müasir tələblər səviyyəsində yenidən təşkili, bəzi şöbələrin fəaliyyət istiqamətinin konkretləşdirilməsi və adında dəyişiklik edilməsi zərurətini yaradır. Qeyd edib ki, bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi və sistemliliyin təmin edilməsi məqsədi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında biblioqrafiya xidmətinin elektronlaşdırılmasına xüsusi ehtiyac var.

İclasda qeyd olunanları nəzərə alaraq, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiya xidməti şöbəsi yaradılıb.

Eyni zamanda, iclasda AMEA Rəyasət Heyəti aparatının Nəqliyyat xidməti şöbəsinin Əsasnaməsi təsdiq edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb və cari məsələlər müzakirə olunub.

Xəbər lenti