Logo

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

24.04.2024 15:07 145 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə reallaşan “Pilot tədris” həftəsi çərçivəsində "Work4CE 4.0: Gələcək üçün təhsil və sənayenin birləşdirilməsi" modelinin Azərbaycan təhsil sistemində tətbiqinə həsr olunan görüş keçirilib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə prorektorlar Akif Qasımov, Nərgiz Abdullayeva və Orxan Naqdiyev, “Work4CE” layihəsinin koordinatoru İsa Muradov və layihə üzvləri, “Erasmus+ Azərbaycan” milli ofisinin direktoru Pərviz Bağırov, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, partnyor şirkətlərin rəhbər şəxsləri və xarici mütəxəssislər iştirak ediblər.

Görüşdə layihənin məqsədi və “Work4CE 4.0: Gələcək üçün təhsil və sənayenin birləşdirilməsi” modelinin əhəmiyyəti haqqında qısa məlumat verildikdən sonra Belçika Löven Katolik Universitetinin mütəxəssisi Peter Arras və Ukrayna Zaporoje Politexnik Milli Universitetinin professoru Qalina Tabunshchiki və digər xarici mütəxəssislər tərəfindən universitetlər və biznes qurumları arasında əməkdaşlığı gücləndirmək üçün innovativ yollar təklif olunub. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və monitorinq şöbəsinin müdiri Əzizə Vidadi isə cari təşəbbüslər, təhsil müəssisələri ilə tərəfdaşlıq və hədəflər barədə məruzə ilə çıxış edib.

Daha sonra müzakirə olunan əsas məqamların xülasəsi, universitetlər və biznes qurumları arasında əlaqələrin genişləndirilməsi üçün yol xəritəsi müəyyənləşdirilib. Universitet və sənaye müəssisələri arasında əməkdaşlığın həyata keçirilməsi üçün növbəti addımlar qeyd olunub.

Qeyd edək ki, layihənin məqsədi Work 4.0 konsepsiyalarının təhsilə inteqrasiyasında Avropa universitetlərinin təcrübələrini bölüşmək və bu innovasiyaların Azərbaycan universitetlərinə fənlərarası yanaşmaları və sənaye əməkdaşlığını əsas götürərək daxil edilməsi üçün praktik strategiyalar üzərində müzakirələr aparmaqdır.

Xəbər lenti