Logo

Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub - FOTO

24.04.2024 18:30 192 baxış
IMG

Aprelin 24-də UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Qlobal istiləşmənin yaratdığı problemlər: vəziyyətdən necə çıxaq?” mövzusunda ictimai müzakirə keçirilib.

Tehdil.biz xəbər verir ki, ictimai müzakirədə UNEC-in nəzdində Sosial İqtisadi Kollecin direktoru Vidadi Orucov qlobal iqlim dəyişikliyinin ciddi fəsadlar törətdiyini, təbii fəlakətlərin, sel və daşqınların artdığını, infeksion xəstəliklərin yayıldığını bildirib. Onun sözlərinə görə, qlobal ekoloji böhranı yaradan səbəblər diqqətlə öyrənilməli və problemlərin həlli istiqamətində müvafiq addımlar atılmalıdır. Direktor “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərdən danışaraq bildirib ki, hər bir vətəndaş yaşıl dünya ilində həmrəy olmalı, ətraf mühitin qorunması, yaşıllıqların artırılması sahəsində atılan addımlara dəstək verməlidir.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli qlobal iqlim dəyişikliyinin son 30 ildə yaratdığı problemlərdən danışıb. O bildirib ki, dünya əhalisinin sürətlə artması, sənayeləşmə və şəhərləşmə meşə sahələrinin azalması və iri meqapolislərin yaranması ilə müşayiət olunub.

“Dünyanın taleyini düşünən beynəlxalq təşkilatlar artıq qlobal iqlim dəyişikliyi ilə bağlı həyəcan təbili çalırlar. Son illər fəsillər sanki yerini dəyişib. Bəzi fəsillərdə mövsümə uyğun olmayan anormal hava şəraiti hökm sürür. Bütün bunlar qlobal ekoloji böhranın nəticəsidir”, - deyən E.Cəfərli hesab edir ki, noyabrda Bakıda keçiriləcək COP29 konfransı dünyaya bir mesaj olacaq, iqlimlə bağlı ciddi qərarların qəbulu ilə yadda qalacaq.

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova gəncləri ətraf mühitə, canlı aləmə qarşı diqqətli olmağa çağırıb:

“Hər kəs həyatı boyu 7 ağac əkib becərməlidir. Təbiət könüllüsü olaraq ağacəkmə aksiyalarına qatılın, ağac kəsənlərə, məişət tullantılarını hara gəldi atanlara qarşı mübarizə aparın. Sizin nümunəvi davranışınız başqaları üçün də ibrət olacaq”.

Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin Azərbaycanın su resurslarını çirkləndirdiyini vurğulayan İradə Həsənova bildirib ki, buna bütün ekofəallar etirazını bildirməlidir: “Ermənistan Arazdəyəndə ABŞ şirkəti ilə birlikdə metallurgiya zavodu inşa edirdi. Bu müəssisə Araz çayını çirkləndirəcək, oradakı bitki və heyvan növlərini məhv edəcəkdi. Biz beynəlxalq təşkilatlara müraciətlər ünvanladıq. Etirazlar nəticə verdi, həmin tikinti dayandırıldı”.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müavini Samirə Bağırova bildirib ki, son illər nadir flora və fauna növlərinin məhv olması da qlobal iqlim dəyişikliklərinin fəsadlarındandır: “1989-cu ildə “Qırmızı kitab”ın birinci nəşrində nadir bitki növlərinin sayı 140, fauna növlərinin sayı 108 idi. 2013-cü ildə “Qırmızı kitab”ın ikinci nəşrində bitki növləri 300, fauna növləri 223-ə çatdı. Nəhayət 2023-cü ildə “Qırmızı kitab”ın üçüncü çapında nadir bitki növləri artıq 460-a, fauna növləri isə 241-ə çatıb. Qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması ilə bağlı çağırışlar ciddiyə alınmalı, ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslər dəstəklənməlidir”.

UNEC-in nəzdində Sosial İqtisadi Kollecin təcrübə rəhbəri Natiq Musayev gəncləri su resurslarına qənaət etməyə, yaşıllaşdırma aksiyalarında fəallıq göstərməyə çağırıb. O, iri şəhərlərdə ekoloji mühitin sağlamlaşdırılması üçün yaşıl nəqliyyata keçidi zəruri sayıb.

Xəbər lenti