Logo

BDU-da tədbir: “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” - FOTO

25.04.2024 11:48 182 baxış
IMG

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı və “Z.Xəlilov küç. 33” (Bakı Dövlət Universiteti) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən “Z.Xəlilov küç. 33” (Bakı Dövlət Universiteti) ərazi partiya təşkilatının sədri professor Zahid Cəfərov bildirib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə yaranan ictimai-siyasi sabitlik şəraitində ardıcıl və düşünülmüş yeni ekoloji siyasətin aparılmasına başlanılıb. Ümummilli Liderin ekoloji siyasət strategiyası onun çıxışlarında, nitqlərində aydın ifadə olunub və ölkə qanunvericiliyində öz əksini tapıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP-ın Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev isə vurğulayıb ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi tarixi hadisə, Azərbaycana göstərilən böyük etimaddır. Bu etimadın təməlində isə Ulu Öndər Heydər Əliyevin siyasətini və ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dayanır. Qeyd olunub ki, Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək naminə təbii ehtiyatlardan səmərəli istifadə etməkdir.

BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev diqqətə çatdırıb ki, Heydər Əliyev ekoloji siyasət strategiyasında ağac əkmək, meşələri, yaşıllıqları qorumaq işlərinə hər zaman geniş yer verib. Ulu Öndərin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasətinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ekologiyanın mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan verib.

Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov isə bildirib ki, ölkəmizdə 2003-cü ildə “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli Proqram” qəbul olunub. Minilliyin inkişaf məqsədlərindən biri olan davamlı inkişaf prinsipləri dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir. Bu istiqamətdə çirklənmiş ərazilərin bərpası, meşə ilə örtülü ərazilərin artırılması, bitki və heyvanat aləminin qorunması, quru ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizinin sahillərinin, sularının, canlı aləminin mühafizəsi, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılması başlıca fəaliyyət proqramı kimi həmişə diqqət mərkəzindədir.

Xəbər lenti