Orta ixtisas təhsili müəssisələri arasında daha yüksək müsabiqə vəziyyəti Lənkəran Dövlət Humanitar Kolleci və Bakı Humanitar Kollecində yaranıb.
Tehsil.biz xəbər verir ki, bu təhsil müəssisələrinin orta hesabla bir plan yerinə təqdim edilən ərizələrin sayı müvafiq olaraq, 3.8 və 3.5 olub.
Orta ixtisas təhsili müəssisələri arasında ən aşağı müsabiqə vəziyyəti Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Bakı Biznes və Kooperasiya Kolleci, Qərbi Kaspi Universitetinin orta ixtisas təhsili pilləsi və Tovuz Dövlət Sosial-İqtisadi Kollecində yaranıb. Bu təhsil müəssisələrində 1 plan yerinə 1-dən az ərizə verilib.
Abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda topladıqları ballar hesablanaraq, onların əsasında balların paylanma histoqramları təyin edilib. Hər iki bölmədə histoqram bir qədər asimmetrikdir. Asimmetriya müsbət, yaxud sağtərəflidir. Bu onu göstərir ki, ortastatistik nəticə göstərən abituriyentlərə nəzərən zəif nəticə göstərən abituriyentlərin rastgəlmə ehtimalı daha yüksəkdir.
Azərbaycan bölməsini təmsil edən ortastatistik abituriyent 92.63, rus bölməsini təmsil edən isə 103.80 bal toplayıb. Azərbaycan bölməsində abituriyentlərin yarısı 85.29-dan, rus bölməsində isə 93.75-dən çox bal toplaya bilməyib. Azərbaycan bölməsində maksimal bal 290, rus bölməsində isə 270 olub.
Azərbaycan bölməsində ortastatistik abituriyent Azərbaycan dili fənnindən 36.04, riyaziyyatdan 30.56, xarici dildən 26.02, rus bölməsində isə rus dilindən 41.82, riyaziyyatdan 30.68, xarici dildən 31.30 bal toplayıb. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul 9-cu sinif üzrə buraxılış imtahanı standartları əsasında aparılıb. İmtahanda iştirak edən 17312 nəfər abituriyentin 45.81%-i, heç olmasa, bir fənn üzrə 20 baldan, 93.26%-i 40 baldan, 85.58%-i xarici dil fənni üzrə 40 baldan aşağı nəticə göstərib. Hər bir fənn üzrə 138 abituriyent ən azı 60 bal, 11 abituriyent isə ən azı 80 bal toplayıb. Qəbul olan 8691 nəfər abituriyentin, 29.28%-i heç olmasa, bir fənn üzrə 20 baldan, 90.84%-i 40 baldan aşağı nəticə göstərib. Qəbul olan abituriyentlərin arasında 86-sı hər bir fənn üzrə ən azı 60 bal, 4-ü isə ən azı 80 bal toplayıb.
Yuxarıda qeyd olunduğu kimi, bu il ümumi orta təhsil bazasında 43 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılıb. Cədvəldən göründüyü kimi, 4 orta ixtisas təhsili müəssisəsində plan yerləri 100% dolub. 22 orta ixtisas təhsili müəssisəsində boş qalan plan yerləri 10 faizədəkdir, qalan 17 orta ixtisas təhsili müəssisəsində isə 10%-dən yuxarıdır. Orta ixtisas təhsili müəssisələri arasında qəbul planının ən az dolma göstəricisi Qərbi Kaspi Universitetinin orta ixtisas təhsili pilləsindədir. Cədvəldən göründüyü kimi, bu orta ixtisas təhsili müəssisəsinin plan yerlərinin 52.08 %-i boş qalıb.
Son illər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı göstəricilər əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Müqayisə üçün qeyd edək ki, 1998-ci ildə orta ixtisas təhsili müəssisələrindən yalnız birində plan yerləri tam dolmuş, yarısına qədərində isə 50%-dən çox kəsirdə qalmışdı