16 noyabr - Beynəlxalq Tolerantlıq Günüdür. YUNESKO-nun "Dözümlülük prinsipləri Bəyannaməsi"ndə (1995-ci il) elan olunan bu günün təsis edilməsində əsas məqsəd dünyada sülhün və sosial-iqtisadi inkişafın zəruri şərtlərindən biri olan tolerantlıq ideallarını və prinsipini təşviq etməkdən ibarətdir. Tolerantlıq fərqli baxışlar və özünüifadə vasitələrinə, insanları bir-birinə yaxınlaşdıran dəyərlərə hörmətlə yanaşılması deməkdir. Tolerantlığın növləri (siyasi, sosial, irqi və s.) içərisində dini tolerantlıq özünə mühüm yer tutur ki, məhz onun sayəsində müxtəlif dini dünyagörüşləri, fikirlər və davranış nümunələri arasında qarşılıqlı bağlılıq yaranır. Dini tolerantlıq cəmiyyətdə həmrəylik yaratmaqla dini sabitliyi möhkəmləndirən vacib amillərdən biri kimi çıxış edir. Onun qorunması yalnız milli ölçülərlə məhdudlaşmır, eyni zamanda qlobal xarakter daşıyır.
Azərbaycan dünyada müxtəlif sivilizasiyaların kəsişdiyi, dinlər arasında qarşılıqlı etimad mühitinin mövcud olduğu məkan kimi tanınır. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda dini tolerantlığın inkişafına ölkəmizin yerləşdiyi coğrafi ərazi, əhalinin milli-etnik və dini tərkibi mühüm təsir göstərir. Azərbaycanda tarixən bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və digər dinlər yayılmışdır. Tolerant dəyərlərə bağlılıq ölkəmizdə yaşayan insanların həyat tərzini səciyyələndirən xüsusiyyətlərdən biridir.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, dini tolerantlığın inkişafı və qorunması istiqamətində də mühüm addımlar atıldı. Ulu Öndər xalqımızın həmişə tolerant dəyərlərə sadiq olduğunu bildirərək demişdir: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”. Dini tolerantlığın qorunması Prezident İlham Əliyevin siyasətində özünə mühüm yer tutur və bu sahədə görülən işlər dini sabitliyin möhkəmlənməsində vacib əhəmiyyət daşıyır.
Müxtəlif milli-etnik qrupların və dinlərin nümayəndələrinin azərbaycançılıq məfkurəsi ətrafında birləşməsi tolerant dəyərlərin inkişafına böyük təkan verir. Tolerantlıq dinlərarası dialoqun əsasını təşkil edən mühüm faktorlardan biri kimi dini konfessiyalar arasında hüquqi-mənəvi baxımdan bərabər imkanlar yaradır. Azərbaycanda müxtəlif dinlərə məxsus dini ibadət yerləri sərbəst fəaliyyət göstərir. Müsəlman və qeyri-müsəlman dini icmalarının fəaliyyətinə dövlət dəstəyinin verilməsi tolerantlığın inkişafına böyük töhfə verir. Azərbaycan dövlətinin bütün dinlərə və məzhəblərə dözümlü yanaşması, bu sahədə fəal siyasət aparması beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Dini tolerantlıq hüquqi əsaslara malikdir ki, burada vicdan və dini etiqad azadlığı xüsusi yer tutur. Çünki, dini dözümlülüyün inkişafı və qorunması bu azadlıqların təmin olunması ilə sıx şəkildə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasinin Qanununa görə, şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət yolverilməzdir.
Dini tolerantlıq Azərbaycanda qədim tarixə malikdir və Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstəribdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir, dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”. Dini dözümlülük xalqımızın milli-mənəvi sərvəti kimi, dini-mədəni həmrəyliyin möhkəmlənməsində mühüm rol oynayır. Tolerant mühitdə dini konfessiyalar arasında qarşılıqlı əməkdaşlıq möhkəmlənir, dini müxtəliflik qorunur və dinlərarası dialoq inkişaf edir.
Azərbaycan əhalisinin tərkibi dini baxımdan zənginliyi ilə seçilir. Dini tolerantlığa bağlılıq xalqımızın milli-mənəvi dəyərlərindən irəli gəlir və onun əsasında müxtəlif dinlərə hörmətlə yanaşmaq ənənəsi formalaşmışdır. Ölkə üzrə 970 dini qurum qeydiyyatdan keçmişdir ki, onların 933-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Respublika ərazisində 2253 məscid mövcuddur, 16 kilsə, 7 sinaqoq, 748 pir və ziyarətgah fəaliyyət göstərir. Ölkədə yaşayan əhalinin 96 faizi müsəlman, 4 faizi isə qeyri-müsəlman olsa da, Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə eyni mövqedən yanaşır. Prezident İlham Əliyev hər il İslam dinində müqəddəs sayılan günlər və bayramlar münasibətilə xalqımızı təbrik etdiyi kimi, digər dinlərə etiqad edən vətəndaşların da müqəddəs bayramlarını təbrik edir.
Azərbaycanda dini tolerantlığın inkişafı və qorunması sahəsində dövlət siyasətinin vəzifələrinə - dini özünüifadə müxtəlifliyinin təşviqi; dinlərarası qarşılıqlı etimad mühitinin qorunması; dinlərarası dialoqun inkişaf etdirilməsi; dini müxtəlifliyin, onun milli və beynəlxalq səviyyədə əhəmiyyətinin təşviqi; dini tolerantlığın təşviqi məqsədilə səmərəli dini maarifləndirmə işinin aparılması; dini tolerantlıq sahəsində beynəlxalq əməkdaşlığın dərinləşməsi və s. daxildir.
Müxtəlif dinlərə etiqad edən ölkə vətəndaşları dini tolerantlıq şəraitində özlərinin dini ənənələrini qoruyub saxlayır. Prezident İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması dini-mədəni tolerantlığa dövlət səviyyəsində böyük diqqətin ifadəsidir. Azərbaycan Prezidentinin 2017-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunması ölkəmizin İslam dininin mütərəqqi dəyərlərinə sadiqliyini, dini tolerantlığın və dinlərarası dialoqun inkişafına böyük əhəmiyyət verdiyini sübut edir.
Azərbaycanda dini tolerantlığın təşviqi məqsədilə dini maarifləndirmə işi aparılmaqla yanaşı, bu sahədə institutsional mexanizmlər də formalaşdırılmışdır. Belə ki, Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması dini tolerantlığın təşviqi istiqamətində dini maarifləndirmə işinin təşkili, mənəvi dəyərlərin qorunması, dövlət-din münasibətlərinin inkişafına dair proqramların hazırlanaraq həyata keçirilməsi və s. nöqteyi-nəzərdən vacib əhəmiyyət daşıyır. Dini tolerantlığın, dini-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı, dini fəaliyyətin səmərəli təşkili üçün yüksək ixtisaslı kadrların hazırlanması sahəsində atılmış mühüm addımlardan biri də Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır.
Azərbaycanda müxtəlif dinlərə mənsub olan ibadət yerlərinin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Yalnız İslam dininə aid ibadət ocaqları deyil, eyni zamanda digər dinlərə mənsub məbədlər də inşa və yaxud təmir-bərpa olunur. Dini tolerantlığın inkişafında Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd etməliyik. Fond humanizm, dini həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin inkişafı istiqamətində böyük layihələr həyata keçirir. Fondun uğurla reallaşdırdığı “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdəki məscidlər, kilsələr və sinaqoqlarda təmir-bərpa işləri aparılır. Ötən illər ərzində Fondun dəstəyi ilə Gəncədə “Cavad xan” türbəsi, “Comərd Qəssab” türbəsi, “Şah Abbas” məscidi və “Həzrət Zeynəb” məscidi, Xəzər rayonunda “Möhsün Səlim” məscidi, “Pir Həsən” ziyarətgahı, Buzovna qəsəbəsində “Cümə” məscidi və Binə qəsəbəsində “İmam Rza” məscidi, Yasamal rayonunda “İmam Hüseyn” məscidi, Mərdəkanda “Heydər Cümə” məscidi, “Atəşgah” məbədi, Şamaxıda Cümə məscidi, “Şahxəndan” türbəsi və “Pir Ömər Sultan” ziyarətgahı, Bakıda “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” katolik kilsəsi, Pravoslav kilsəsi, Qəbələ şəhərində məscid, Qəbələnin Nic qəsəbəsində “Çotari” və “Müqəddəs Məryəm Ana” Alban kilsələri və s. dini ibadət ocaqları təmir və yaxud bərpa olunmuşdur. Heydər Əliyev Fondunun gördüyü işlər yalnız Azərbaycanı deyil, xarici ölkələri də əhatə edir. Fondun Fransada kilsələrin, Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasında iştirakı və s. xalqlar, dini konfessiyalar arasında tolerant münasibətləri möhkəmləndirir.
2016-cı ilin yanvarından başlayaraq Bakıdakı Heydər məscidində İslam dininə məxsus fərqli məzhəblərin nümayəndələrinin iştirakı ilə birgə namaz (Vəhdət namazı) qılınır. Artıq ənənə halını almış, dostluq və dini tolerantlığın simvoluna çevrilmiş Vəhdət namazı bütün müsəlman dünyası üçün vacib əhəmiyyət daşıyan hadisələrdən biridir. Azərbaycanda müsəlmanların Ramazan ayında təşkil etdiyi iftar məclislərində xristianların, yəhudilərin və digər dini icmaların nümayəndələrinin iştirakı, o cümlədən Məhərrəm ayında keçirilən qanvermə aksiyasına fərqli dini konfessiyaların rəhbərlərinin qoşulması tolerantlığın göstəricisidir.
Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa həsr olunan xeyli sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin tolerant dəyərlərə sadiqliyinin beynəlxalq aləmdə yüksək qiymətləndirilməsindən irəli gəlir. Ölkəmiz 2008-ci ildə “Bakı prosesi” adlandırılan platformanın təşəbbüskarı kimi dini tolerantlığın qlobal səviyyədə inkişafına mühüm töhfələr verir. Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, Dünya dini liderlərinin sammitləri, Bakı Beynəlxalq Humanitar forumları, Qlobal Bakı forumları dini tolerantlığın qlobal səviyyədə təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Dini tolerantlığın inkişafı və dinlərarası dialoqla bağlı Azərbaycanın irəli sürdüyü təşəbbüslər, bu sahədə əldə etdiyi uğurlar dünya ölkələri üçün dəyərli nümunədir. Dini tolerantlığın inkişafı sahəsində ölkəmizin atdığı addımlar ona beynəlxalq aləmdə böyük nüfuz qazandırır.
Dini dözümlülük milli-dini həmrəyliyi təmin edən faktorlardan biridir və bu, özünü 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Müxtəlif dinlərə mənsub ölkə vətəndaşları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərdilər. Ölkəmizin azadlığı və ərazi bütövlüyü naminə mübarizə aparan, bu yolda şəhid olan müxtəlif dinlərin nümayəndələrinin də dəfn edildiyi Şəhidlər Xiyabanı xalqımızın müqəddəs ziyarətgahı kimi, eyni zamanda tolerantlığın rəmzidir.
Yuxarıda göstərilənlər sübut edir ki, Azərbaycanda dini tolerantlığın inkişafı və qorunması dini sahədə dövlət siyasətinin əsas vəzifələrindəndir. Tolerantlıq cəmiyyətdə həmrəylik yaratmaqla dini sabitliyi möhkəmləndirən zəruri şərtlərdən biri kimi çıxış edir. Dini dözümlülük şəraitində müxtəlif dinlərin nümayəndələri Azərbaycan dövləti ətrafında sıx birləşir.
Vüqar Səlimov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru