Dekabrın 9-da “İntihar və intihara cəhd edilməsi hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dair qurumlararası İşçi qrupunun 2021-2025-ci illər üzrə” Fəaliyyət Planına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “İntihar: mənəvi və ictimai müstəvidə” mövzusunda onlayn formatda seminar-treninq keçirilib.
Tehsil.biz xbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Rəhim Rəhimli, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsi, Lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin məsləhətçisi Şəbnəm Əlizadə, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, eləcə də Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrində “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın əməkdaşı Rəhim Rəhimli İşçi Qrupun fəaliyyəti, Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verərək bildirib ki, intihara cəhdin qarşısının alınmasında profilaktik, preventiv və s. maarifləndirmə tədbirlərinin həyata keçirilməsi xüsusi önəm kəsb edir.
İntihar hallarına dünyanın bütün ölkələrində, müxtəlif yaş qruplarına məxsus fərdlər arasında rast gəlindiyini bildirən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Asəf Qənbərov intihara sövq edən məsələlər sırasında insanların üzləşdiyi sosial-psixoloji problemləri, ailə-məişət faktorlarını, depressiyanı və s. vurğulayıb. Uşaqlar arasında müşahidə olunan intihar hallarına xüsusilə toxunan sosioloq ailədaxili basqıların uşaqların psixologiyasına mənfi təsirlərindən söz açıb.
Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev mövzu ilə bağlı məktəblərdə aparılan maarifləndirmə işlərindən, həyata keçirilən tədbirlərdən danışıb.
Məsələyə dini-mənəvi və ictimai baxımdan münasibət bildirən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev dinlərin intihara münasibətindən danışarkən bildirib ki, mənəvi dəyərlərin tərkib hissəsi olan dini baxışlarda intiharın günah hesab edilməsini maarifləndirmə işlərində səmərəli vasitə hesab etmək olar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Şəbnəm Əlizadə yaxın zamanlarda məktəb psixoloqları ilə aparılan genişmiqyaslı görüşlərin keçirildiyini, bu istiqamətdə fəaliyyətin davam etdirildiyini diqqətə çatdırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.