Logo

Lənkəranda “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda seminar keçirilib

15.12.2021 18:09 857 baxış
IMG

Dekabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi  ilə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda DQİDK  sədrinin müavini Gündüz İsmayılov, şöbə müdirləri Sadiq Mirzəyev, Oktay Hüseynov, Qağayı Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Cavad Miriyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə və gənclər iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Cavad Miriyev çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib. C.Miriyev rayonda dini durumun sabit olduğunu, yeniyetmə və gənclərin iştirakı ilə maarifləndirmə tədbirlərin keçirildiyini bildirib.

QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxış edərək Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin, dinlərarası və məzhəblərarası həmrəyliyin mövcud olduğunu qeyd edib. Q.Axundzadə ölkəmizdə olan milli birliyin qorunub saxlanılması, daha da gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

DQİDK sədrinin müavini Gündüz İsmayılov mövzu ilə bağlı təqdimatla çıxış edib. Təqdimatında "dindar kontingent daxilində dünyəviliyin, ənənəvi İslamın zəifləməsi", xarici təsirlərin güclənməsi, qadın hüquqlarının məhdudlaşdırılması cəhdləri kimi məqamlara toxunan G.İsmayılov vurğulayıb ki, vətəndaşların, xüsusilə uşaqların və gənc nəslin mənəvi sağlamlığını, ölkədə tarixən mövcud olan tolerantlıq ənənələrini və dözümlülük prinsiplərini qorumaq, inkişaf etdirmək dövlətin prioritet vəzifələrindən biridir. O qeyd edib ki, ideoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də, dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. Bu gün bəzi dini qruplar bunu məqsədli şəkildə edirlər və bununla da, müxtəlif təriqətlər arasında qarşıdurmalar yaratmağa çalışırlar.

Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirini də izah edən G.İsmayılov vurğulayıb ki, yad dini-ideoloji qüvvələrə qarşı mübarizədə effektiv dini maarifləndirmə tədbirlərinin aparılması vacibdir. Xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərindən bəhs edən natiq bu dəyərlərin qorunması və geniş təbliğ edilməsinin kənar təsirlərə qarşı mübarizədə əhəmiyyətli olduğunu bildirib. Din pərdəsi altında gizlənmiş məkrli qüvvələrin məqsədi, real təhlükəsi barədə cəmiyyət mütəmadi məlumatlandırılmalı, vətəndaşların din adı altında hüquqlarının məhdudlaşdırılması yolverilməz olmalıdır. Bu gün cəmiyyətimizi dini radikalizmin təsirlərindən qorunmaq üçün hər kəsin, xüsusilə gənclərin ümumi dini biliklərə malik olması ən vacib şərtlərdən biridir. Bunun üçün isə dini maarifləndirmə sahəsində görülən işlərin intensivliyini və keyfiyyətini artırmaq lazımdır.

Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti