Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə keçirilən “Müasir dünyada din təhsili” mövzusunda respublika elmi konfransı öz işinə başlayıb.
Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun moderatorluğu ilə baş tutan konfransda rektor Aqil Şirinov açılış nitqi ilə qonaqları və konfrans iştirakçılarını salamlayıb. A.Şirinov çıxışında qloballaşan dünyada din təhsilinin hansı formada olması məsələsinə toxunub. Din təhsilinin üç modeli haqqında məlumat verən rektor bu modellər içərisində xüsusilə “Din haqqında öyrənmə” modelindən bəhs edib. Qeyd edib ki, bu model müəyyən bir dini dünyagörüşün digərlərindən üstünlüyünü önə çəkmədən cəmiyyətdə mövcud olan dinlərin əsas mahiyyəti və tarixi haqqında deskriptiv (təsviri) bilikləri əhatə edir. Daha sonra qeyd edib ki, istər dinin əsas prinsiplərinin doğru şəkildə cəmiyyətə çatdırılması, istərsə də dövlət təhlükəsizliyi baxımından din təhsili böyük əhəmiyyət kəsb edir.
Aİİ rəhbəri təmsil etdiyi ali təhsil müəssisəsinin təhsil sistemi Müsəlman dünyasında unikal modellərdən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutu yüksək elmi təfəkkürə malik olan, milli-mədəni irsi anlayıb dəyərləndirə bilən, mövcud problemlərə dair həll yolları irəli sürən, ilahiyyat sahəsində əsas biliklərə yiyələnən kadrlar hazırlamağı qarşısına məqsəd qoyub.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edib. Qloballaşan dünyada sülh, təhlükəsizlik, təhsil və dinin önəminə toxunan G.İsmayılov dini təhsilin qlobal çağırışlarla uyğunlaşdırılmasının aktuallığını vurğulayıb. Dini təhsilin təkcə din və ya təhsil məsələsi olmadığını qeyd edən G.İsmayılov bildirib ki, sözügedən məsələ dövlətin təhlükəsizliyi, cəmiyyətin maariflənməsi baxımından mühüm mahiyyət kəsb edir. G.İsmayılov daha sonra Azərbaycan İlahiyyat İnstitutunda təhsilin əhəmiyyətinə toxunub. Diqqətə çatdırıb ki, ali təhsil müəssisəsində hazırlanan kadrlar dünya miqyasında tanınacaq, sözünü deyə biləcək mütəxəssislər olmalıdır.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev konfrans iştirakçılarını salamlayıb, konfransın mövzusunun əhəmiyyətini vurğulayıb. O bildirib ki, düzgün dini inanca sahib olmaq üçün doğru din təhsili vacibdir. Din təhsilinin aktuallığından bəhs edən F.Nurullayev bildirib ki, ixtisasından asılı olmayaraq, hər kəs din sahəsində məlumatlı olmalıdır. Bakı İslam Universitetinin fəaliyyətinə toxunan sədr müavini hazırda Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan İlahiyyat İnstitutuna xüsusi dəstəyini vurğulayıb.
Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov çıxış edib. Millət vəkili müasirlik və din təhsili məsələlərinə toxunub. Dinlə əməkdaşlığın zəruriliyini diqqətə çatdıran C.Məmmədov din təhsilinin dövlət tərəfindən verilməsinin vacib olduğunu, Azərbaycan İlahiyyat İnstitutunun dövlətin qayğısı ilə tam əhatə olunduğunu bildirib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxış edib. Qeyd edib ki, dini təhsildə vahid proqramın olması vacibdir. M.İsmayılov vurğulayıb ki, din tədrisinin tələbata uyğun aparılması ilə səmərəli nəticə almaq mümkündür. Xarici təcrübəni öyrənərək, ölkəmizin reallıqları nəzərə alınaraq, din təhsili həyata keçirilməlidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov müasir dünyada din və təhsil məsələlərinə toxunub. R.Həsənov din təhsilinə geniş çərçivədə baxılmasının tərəfdarı olduğunu, yalnız teoloji aspektdən deyil, sosioloji, fəlsəfi baxımdan da araşdırmanın vacib olduğunu diqqətə çatdırıb. Məruzəçi ali təhsil müəssisələrində tədris olunan Multikulturalizmə giriş fənninin tədrisi ilə bağlı bəzi məsələləri diqqətə çatdırıb.
Konfrans panellərlə davam edir.