Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə keçirilən “Müasir dünyada din təhsili” mövzusunda respublika elmi konfransı panellərlə davam edib.
Aİİ Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarovun moderatorluq etdiyi paneldə professor Sakit Hüseynov “Dini ekstremizmin fəlsəfi və sosioloji təhlili”; fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov “Azərbaycanda ali din təhsili: Azərbaycan İlahiyyat İnstitutunun nümunəsində”; dosent Elnurə Əzizova “Həyat bilgisi dərsliklərində İslama baxış”; sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov “Dünyada din təhsili modellərinə dair bəzi nümunələr”; dosent Məmmədəli Babaşlı “Azərbaycanda mövcud dini təhsil təcrübəsi baxımından milli və dini vəhdət mühitinin formalaşması perspektivi”; ilahiyyat üzrə fəlsəfə doktoru Tofiq Əsədov “Müasir insan niyə dini öyrənməlidir?” mövzusunda məruzələrlə çıxış ediblər.
Aİİ İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun moderatorluq etdiyi digər paneldə isə dosent Elvüsal Məmmədovun “Dini ədəbiyyatın tərcüməsi: mövcud vəziyyət və problemlər”; fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərovun “Dini-mənəvi təhsildə sufi metod”; Elnur Mustafayevin “Dinlərarası dialoqun əhəmiyyəti, tərkib elementləri və metodologiyası” mövzusunda, həmçinin başqa məruzəçilərin də çıxışları dinlənilib.
Konfransın sonunda Aİİ rektoru Aqil Şirinov bağlanış nitqi ilə çıxış edib. O, “Müasir dünyada din təhsili” mövzusunda respublika elmi konfransının əhəmiyyətini vurğulayıb. Həmçinin konfransda dinlənilən məruzələrin hər birini yüksək qiymətləndirib.
Qeyd edək ki, elmi konfransa respublikanın müxtəlif ali təhsil müəssisələrindən, o cümlədən elmi təşkilatlardan alimlər qatılıb, məruzə ilə çıxış ediblər.