Logo

Tarixi ədalətin susduğu gün – 20 Yanvar faciəsi

19.01.2022 13:06 745 baxış
IMG

Azərbaycan xalqı XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin sonlarına kimi mənfur düşmənlərimiz tərəfindən soyqırımlara və terrorlara məruz qalmışdır. Xalqımız illər boyu – həm Çar Rusiyası dövründə həm də SSRİ dövründə əsarət altına saxlanılıb. Bu zaman ərzində bizə qarşı ruslaşdırma, erməniləşdirmə, xristianlaşdırma və milli kimliyin unutdurulması istiqamətində məqsədyönlü siyasət yürüdülmüşdür. 31 mart soyqırımından sonra xalqımız üçün böyük faciələrdən biri də 20 yanvar faciəsi olmuşdur. Şübhəsizdir ki, bu faciənin törədilməsində “Xalqlar həbsxanası” olan SSRİ rəhbərliyinin və onların daim “maşası” kimi çıxış edən ermənilərin maraqları təmin edilmişdir. 1990-cı il yanvarın 13,15,16, 17 və 18-də Azərbaycan KP MK-nın büro iclaslarında respublikadakı vəziyyət müzakirə edilmiş, çıxış edənlər - Ə.Vəzirov, A.Mütəllibov, V.Polyaniçko, E.Qafarova, M.Məmmədov, V.Hüseynov və başqaları, habelə Bakıda olan Y.Primakov və yüksək rütbəli Moskva hərbçiləri güc tətbiq olunması vacibliyini bildirmişdilər. Sözsüz ki, 31 dekabr hadisələri və milli azadlıq hərəkatı SSRİ-ni qorxuya salmışdı. Ona görə də dərhal tədbirlər həyata keçirməyə məcbur idi. 20 yanvar faciəsini törətmək və xalqa, demokratik qüvvələrə tutulacaq divana hüquqi don geyindirmək üçün fövqəladə vəziyyət elan olunması vacib idi. Bununla yanaşı ermənilər tərəfindən DQMV məsələsinin qabardılması Azərbaycan xalqının dahada hiddətləndirirdi. Yanvarın 17-dən AKP MK binası qarşısında izdihamlı mitinq başlandı, ümumi tətil elan olundu. Tələb edildi ki, Moskva Ermənistanın Azərbaycana ərazi iddialarına qəti son qoysun, imperiyanın Bakıya və ətrafına yığdığı qoşunlar Dağlıq Qarabağa və daim erməni basqınlarına məruz qalan sərhəd bölgələrinə göndərilsin. Mərkəz Naxçıvanda da xalqa divan tutmaq məqsədi ilə fövqəladə vəziyyət elan edilməsi üçün təzyiqlər göstərirdi. Yanvarın 18-də Şərur rayonu Kərki kəndinin işğalı vəziyyəti daha da gərginləşdirdi. Xalqın tələbi ilə yanvarın 19-da Naxçıvan MSSR Ali Soveti Muxtar Respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi. Məqsəd Azərbaycanda baş verən hadisələrə, sovet ordusunun qanlı əməllərinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək idi və bu, müəyyən rol oynaya bildi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək üçün qoşunlardan istifadə ediləcəyi, aman verilməyəcəyi, habelə ən başlıcası fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Fövqəladə vəziyyət və komendant saatı vaxtının elan edilməsi qanlı planları poza bilərdi. Xalqa məlumat verilməsin deyə yanvarın 19-da  Azərbaycan Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdı. Fövqəladə vəziyyətin yanvarın 20-də, saat 00-dan başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da  ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na SSRİ müdafiə naziri D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonu qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant, xüsusi cəza dəstələri hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı, əliyalın adamlara avtomat silahlardan güclü atəş açırdılar. Rəsmi məlumatlara görə, Bakıya və başqa yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər itkin düşmüşdür. Evlərə, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdi. Fövqəladə vəziyyət haqqında fərman artıq iş işdən keçəndən sonra, yanvarın 20-də saat 7-də elan olunmuşdu. Gərginliyi bir qədər yatırmaq üçün hərbi hökumət həmin gün radio ilə Azərbaycan SSR Ali Soveti sədrinin Bakıda fövqəladə vəziyyət elan olunmasına və şəhərə qoşun yeridilməsinə qarşı etiraz bəyanatının yayılmasına icazə verdi. Xalq deputatları şair Bəxtiyar Vahabzadə, yazıçılar Anar və Elçin Ali Sovet Sədrindən fövqəladə sessiya çağırılmasını, hadisəyə qiymət verilməsini tələb etdilər. B.Vahabzadə radio ilə xalq deputatlarına müraciət etdi. Yanvarın 21-də deputatların üçdə birinin təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirildi. Sessiya baş vermiş faciəyə siyasi qiymət verməyə çalışdı. Onu törədən ölkə və respublika rəhbərlərinə qəti etiraz bildirildi. Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında fərmanın fəaliyyətini dayandırmaq, ordu hissələrini şəhərdən çıxarmaq barədə qərarlar qəbul olundu. Lakin Moskva bu qərarlara əhəmiyyət vermədi. Xalq başsız qalmışdı. Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etdi, bu ağır günlərdə heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu bildirdi. O, çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. H.Əliyev çıxışında qeyd etdi ki, "Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki hala çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı". Heydər Əliyev qorxmadan imperiya rəhbərlərini "qatillər" adlandırırdı. Heydər Əliyevin Moskvadakı çıxışının mətni, bütün maneələrə baxmayaraq, respublikada və dünyada geniş yayıldı. Heydər Əliyev Azərbaycan xalqına verdiyi başsağlığında onu bu ağır gündə "ağıllı-kamallı olmağa, həmrəyliyə və birliyə" çağırdı. Təklənən, heç nəyə əli çatmayan xalqın qəlbində ümid çırağı yandı. Xalq Heydər Əliyev kimi nüfuzlu bir şəxsiyyətin onunla olduğunu, onu cəsarətlə müdafiə etdiyini gördü, ürəkləndi. Azərbaycan, Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22-də şəhidlər ilə vidalaşdı. Respublikada üç gün matəm elan olunmuşdu. Azadlıq meydanında izdihamlı matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində milyona qədər insan iştirak edirdi. Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edildi. 1990-cı ilin Qanlı Yanvarı Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir, xalqın tarixində şərəfli bir səhifədir. Bu hadisə sübut etdi ki, suverenliyin yeganə yolu imperiyanın dağılmasında, müstəqilliyin bərqərarlaşmasındadır. Heydər Əliyevin "Bizim Ümumittifaqdan nicatımız yoxdur!" sözləri xalqın ümumi rəyinin ifadəsi oldu. Bu şüar altında xalq hərəkatı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Xalqımız böyük təsirlərə məruz qalmasına baxmayaraq milli kimliyini, etnik mənsubiyyətini, milli düşüncəsini və azadlıq, müstəqillik, sərbəstlik arzusunu heç vaxt unutmadı və sonda buna nail oldu. Ulu Öndər Heydər Əliyev öz uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizi möhkəmləndirdi və Azərbaycana parlaq gələcək bəxş etdi. Arzu edirəm ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra xalqımız heç vaxt, heç bir faciə ilə üzləşməsin. 200 illik məğlubiyyət tarixinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 2020-ci ilin 27 sentyabr – 8 noyabr tarixində son qoydu. Artıq Azərbaycanın qalibiyyət tarixi başlayıbdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

Ağasəlim Zərbaliyev,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin tələbəsi

Xəbər lenti