Logo

Xeyriyyəçilik missiyası davam və inkişaf etdirilir

21.01.2022 17:08 699 baxış
IMG

18 yanvar 2022-ci il tarixində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərində abidəsinin açılışı olmuşdur. Xalqımız üçün əlamətdar hadisə olan bu mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir. Dövlət başçısı bu mərasimdə çıxış etmişdir. 

Qeyd edək ki, 2020-ci ildə Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı dövlət başçısı tərəfindən müvafiq Sərəncam imzalanmışdır. Məsələ ilə bağlı açıq müsabiqə elan edilmişdir və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlmişdir. 

Çıxışda qeyd olunmuşdur ki, xalqımız üçün xeyriyyəçiliyi ilə yadda qalan, mesenat Hacı Zeynalabdin Tağıyevin abidəsi də adına layiq olan bir yerdə - Bakının tarixi, şəhər sakinlərinin ən sevimli yerlərindən olan tarixi qala divarının önündə ucaldılmışıdır. Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə, Azərbaycanın inkişafına böyük töhfələr vermişdir, məhz bu baxımdan abidənin burada ucaldılması böyük rəmzi məna daşıyır. Xalqımızın tarixində zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi yadda qalan Hacı Zeynalabdin Tağıyev çox kasıb ailədə böyüməsinə baxmayaraq, sərvətini öz zəhməti hesabına qazanmış, qazandığı var-dövləti özündən və ailəsindən daha çox xalqı üçün sərf etmişdir. O, Azərbaycanda bir çox önəmli layihələr həyata keçirmişdir ki, bunların arasında Bakıya təmiz içməli suyun gətirilməsi layihəsi xüsusilə qeyd olunmalıdır. Tağıyevin təşəbbüsü ilə çəkilən Şollar su kəməri bu günə qədər fəaliyyətdədir və bu gün Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmiş, eyni zamanda onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisələri də inşa edilmişdir. 

Dövlət başçısı qeyd etmişdir ki, təhsilin vacibliyini dərk edən Zeynalabdin Tağıyev xalqının maariflənməsi, savadlanması üçün var qüvvəsi ilə çalışmış, heç bir maliyyə vəsaitindən çəkinməmişdir. Onun dəstəyi və vəsaiti hesabına Bakıda azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmış və qızların həmin dövrdə oxumasını qəbul etməyən cəmiyyətin bəzi nümayəndələrində sterotipi dağıtmaq üçün ilk olaraq öz qohumlarının qızlarını həmin məktəbə cəlb etmiş, bundan sonra məktəbə maraq və həvəs artmışdır. Tağıyevin təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmamış, Naxçıvan, Gəncə və Şamaxıda, həmçinin Gürcüstanda da azərbaycanlıların yaşadıqları bölgələrdə onun vəsaiti hesabına məktəblər açılmışdır. 

Yüzlərlə azərbaycanlı gənclərin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini də öz üzərinə götürmüşdür. Prezident vurğulamışdır ki, həmin o tələbələrin arasında Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazıb xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu, təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmiş və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur.

İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır. 

Tariximizə və mədəniyyətimizə böyük rəğbət bəsləyən Zeynalabdin Tağıyev müqəddəs Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etdirmiş, Azərbaycanda bir çox dini abidə təmir və inşa edilməsinə vəsait sərf etmişdir. Həmçinin Bakıda tramvay xətlərinin açılması , bu gün Bakıya əlavə gözəllik və memarlığına töhfə verən bir çox möhtəşəm binaların tikilməsinin təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyev olmuşdur. 

Azərbaycan xalqı tarix və millət qarşısında xidməti olan hər bir insanı öz qəlbində yaşadır. Bu ənənəyə sadiq qalan möhtərəm Prezident qeyd etmişdir ki, hələ 2000-ci illərin əvvəllərində Zeynalabdin Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılmış, 2003-cü ildə isə onun evi, hazırda Tarix Muzeyi kimi fəaliyyət göstərən həmin bina əsaslı təmir edilmişdir. Ənənəyə sadiq qalan dövlət başçısı vurğulamışdır ki, müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Belə ki, xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat olan Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır. Bu illər ərzindəFondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdən ibarət olmuşdur.

Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə Ordumuzun qələbə qazanmasında kömək göstərmişdir. Uzun illər erməni lobbisi və onun havadarları Azərbaycan haqqında uydurulan və media məkanına atılan yalanlarını multikultural, mütərəqqi dövlət kimi bu təbliğatı alt-üst etmişdir. Bütün bunların Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində qazanıldığı danılmaz bir faktdır. 

Çıxışının sonunda Prezident İlham Əliyev bildirmişdir ki, bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Qeyd edilmişdir ki, ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamış, həmin ərazilərdə dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilmişdir. Bu gün artıq Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam və Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin , məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilməkdədir. Prezident qeyd etmişdir ki, müharibədən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrini davam və inkişaf etdirilir. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm də xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. 

Qədim və şərəfli bir keçmişə malik Azərbaycan xalqı dövlət tarixə söykənərək ata-babalarımızın miras qoyduğu adət-ənənləri, xalqımızın milli-mənəvi dəyərlərini bu gün də qürurla davam və inkişaf etdirərək gələcək nəsillərə ötürməkdədir. 

Qızqayıt Əhmədova,

Ucar Rayon Təhsil Şöbəsinin metodisti

Xəbər lenti