Logo

Gerçəkliyin gerçək adı: Gerçəklər

23.01.2022 13:13 1214 baxış
IMG

"Şah İsmayıl" dastanında maraqlı bir dialoq yer alır. Belə ki, sevgilisi Gülzarın arxasınca Türkmana yollanan Şah İsmayıl Xətaiyə Rəmdar Pəri deyir: "Türkmana iki yol gedir. Biri ilə üç aya, o biri ilə on günə çatarsan. Üç aylıq yol səlamət, on günlük yol məlamətdi".

Azərbaycan xalqının Şuşa və digər düşmən tapdağında qalan dədə-baba torpaqlarına qarşı hədsiz sevgisi, sonsuz bağlılığı bir an belə azalmadı. Bu sevgi uzun illərin həsrətindən pərişan olub solsa da, ancaq daxilimizdəki o müqəddəs hiss öləzimədi, gücünü itirmədi.  Türk dünyasının böyük oğlu Bəxtiyar Vahabzadənin "Sevdinsə"... şeirində olduğu tək:

Sevdinsə…Beş il, on beş il nədir,
Bütün ömrün boyu gözləyəcəksən.
Nə boyda zülm etsə sevgili sənə,
Sevdinsə…"hər zülmə döz",- deyəcəksən.
Sevdinsə…Kölgəyə dönüb hər zaman
Sən onu hər yerdə izləyəcəksən.

Sanki bu şeir bir xalqın Vətən sevgisinə şair dilindən ən təsirli xitabdır. Prezident İlham Əliyev dediyi kimi: "Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır". 

2022-ci il 22 yanvar. Bu rəqəmin sanki, çiyin-çiyinə düzülüşü: Təsadüfmü, ya zərurətmi?! Ancaq onu deyə bilərik ki, 2 rəqəmi birlik, güc, qoşalıq mənasını verir. Məhz bu tarixdə Azərbaycan Dövlət Televiziyasının (AzTV) axşam efirində gerçəkliyə dayalı "Gerçəklər" adlı veriliş evlərin qonağı olur. Proqramın sadə və səmimi aparıcıları BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu və siyasi elmlər doktoru Elçin Əhmədovdur.

Yuxarıda bayaq çəkdiyim misala birdə qayıtmaq istəyirəm. Göründüyü kimi Azərbaycan haqq tərəfində - səlamət yolda oldu. Və gec də olsa Vətən savaşının qalibinə çevrildi. Prezidenti İlham Əliyev 15 avqust 2021-ci il tarixində “CNN Türk” televiziya kanalına müsahibəsində dediyi kimi: "Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi".

Şükür olsun tarixi qələbəmizin növbəti - Şuşa ilini yaşayırıq. Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamı isə xalqın daxili gücünə güc qatdı. 

Bugünkü praym-taymda efirə çıxan "Gerçəklər" verilişi də bu gücdən, inamdan qüvvət alaraq dünənimizə - tariximizə işıq tutmuş oldu. Həmçinin, aparıcıların daxili xoşbəxtliyi ekran qarşısında əyləşən tamaşaçıya da ötürüldü. Vüqar Zifəroğlunun qürurla "Şuşa ilinin ilk efir buraxılışı" ifadəsi, Elçin Əhmədovun hədsiz sevinc və həsrətdən doğan fikirlərindəki Şuşaya dönüşün "28 il 6 ay"-lıq say hesabı tamaşaçı qəlbində böyük məhəbbət qazandı.

Deyilməyən gerçəklikləri gün üzünə çıxaran verilişin buraxılışı Şuşada anadan olmuş görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim və Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın nəslindən olan Əhməd bəy Ağaoğlu, həmçinin qurucusu olduğu "Difai" partiyası haqqında idi.

Partiya yaranmamışdan əvvəl, yəni 1905-ci ildə Əhməd bəy Ağaoğlu "Fədai" adlı gizli cəmiyyət yaradır. Təkcə bu cəmiyyətin adı bir çox mətləbləri özündə əks etdirir. Sonradan cəmiyyət "Difai" firqəsi ilə əvəz olunur. Amma məramı eyni qalır. Yaradıcısı və silahdaşları yenə də xalqın nicatı yolunda canlarını fəda etməyə hazır idi. Bütün mübarizəsini xalqın düşmənlərinə və qanlı təxribat törədən, cinayətkar qüvvə olan "Daşnaksyutun" partiyasına qarşı yönəltmişdi. Məlumat üçün deyək ki, "Daşnaksyutun" partiyası 1890-cı ildə Tiflisdə yaranmış və Osmanlı Türkiyəsinə qarşı mübarizə aparırdı. Sonrakı "qara" fəaliyyəti Qafqaza yönələn "Daşnaksyutun" partiyasının hədəfi Azərbaycan və burada qırğınlar törətmək idi. Ümumiyyətlə, o zamanlar Bakıda vəzifə sahibləri də digər millətlərdən təşkil olunmuşdu. Bakıda nəşr olunan "Baku" qəzeti də ermənilərin təəssübünü çəkir, həqiqətləri təhrif etməklə məşğul idi. Əlbəttə, belə bir zamanda "Difai"nin yaradılması olduqca zəruri və vacib məsələ idi.

Hələ 1906-cı ildə Azərbaycan və Ermənistan nümayəndələri Tiflisdə diplomatik görüş də keçirib, bu məsələnin sülh yolu ilə, qırğınlarsız yekunlaşmasına da çalışmışdılar. Azərbaycan nümayəndə heyətinin üzvləri arasında Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Adilxan Ziyadxanov, Məhəmmədağa Şahtaxtinski, Qarabəy Qarabəyov və başqa nüfuzlu ziyalılar da var idi. Buna baxmayaraq erməni xisləti öz bildiyini etdi. Həmin görüşdə Ə.Ağaoğlu kəskin şəkildə qarşı tərəfə öz fikrini bildirdi və rus məmurlarını qorxaqlıqda, işlərinin öhdəsindən gələ bilməməkdə suçladı: "Mən qəti şəkildə bildirirəm ki, biz müsəlmanlar bizə qarşı ədalətsizliyə göz yummayacayıq!"

Və belə də oldu. "İrşad" qəzetinin baş redaktoru Əhməd bəy Ağaoğlu və digər ziyalılar Gəncəyə gəlib, ölkənin digər nüfuzlu adamlarını cəm edərək ermənilərin və rusların gələcək xəyanətlərinin qarşısını almaq məqsədilə "Difai" partiyasını yaratdı. Həmçinin, partiyanın Gəncə, Qarabağ və Tiflisdə komitələri də fəaliyyət göstərirdi. Baş qərargah isə Bakı da yerləşirdi. Bu təşkilat həm də sülh mövqeyinə söykənən ziyalılardan ibarət partiya idi. Bəyannamədə Qafqazın başqa xalqları ilə birgə dostluq mühitində yaşamaq əsas tutulurdu.

O zaman Əhməd bəy Ağaoğlu Gəncədə xalq qarşısında bu fikirləri söyləmişdi: "Allahın yaratdığı nə qədər vəhşi heyvan var isə başqa heyvanları parçalar, ancaq həmcinslərinə əsla dokunamazlar. Nə acıdır ki, vəhşi heyvanların yapmadıqlarını insanlar yapıyorlar".

"Difai" firqəsinin ən üstün cəhəti isə mütərəqqi, sülhpərvər ziyalılarının varlığında idi. Bu partiyaya Avropanın ən nüfuzlu elm məbədlərində təhsil almış azərbaycanlı ziyalıları, işıqlı adamları rəhbərlik edirdilər.

Vüqar Zifəroğlu verilişdə bu məsələyə daha müfəssəl şəkildə yanaşaraq, partiyanın maarifyönlü istiqamətinə diqqət çəkdi. Bu partiyanın xalqımızın milli mənlik şüurunun formalaşmasındakı əhəmiyyətindən, AXC-nin siyasi qurucuları arasında onların olmasından söz açdı.

Əlbəttə, "Difai" təşkilatı xalqın savadlanması yolunda, xalqın milli azadlıq hərəkatında özünəməxsus yer tuturdu. Təşkilatın ən böyük xidməti və ideyası isə Qafqazda ilk türk dövlətini yaratmaq oldu.

1918-ci ilin 28 Mayında Azərbaycan Xalq Cümhuriyyəti qurulur. Çar hökumətinin təqibindən İstanbula köçmüş Əhməd bəy Ağaoğlu on ildən sonra Azərbaycana qayıdır. Yeni yaranmış Xalq Cümhuriyyəti yolunda geniş fəaliyyətə başlayır. Azərbaycan parlamentinə üzv seçilir. Onu da deyək ki, bu böyük şəxsiyyət 1919-cu il Versal Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri arasında yer alır. O, türkçülük şüurunun oyanmasında mühüm xidmətlər göstərmişdir.

Verilişin digər bir maraqlı məqamı isə tarix elmləri üzrə fəlsəfə doktoru, BDU-nun müəllimi Nəsiman Yaqublunun Skype bağlantısı ilə efirə qoşulması oldu. Nəsiman müəllim "Difai"nin 20-ci əsr tarixindəki mühüm rolundan, Azərbaycanın bütün bölgələrini əhatə etməsindən söz açdı. Nəsiman müəllim gerçək bir məsələyə də həssaslıqla toxunaraq dedi: "Əhməd bəy Ağaoğlu Xalq Cümhuriyyəti parlamentinə Zəngəzurdan üzv seçilmişdi, çünki bu bölgənin nə dərəcədə əhəmiyyətli olduğunu bilirdi". Burada digər xususi bir məsələ isə, Nəsiman müəllimin "Difai"yə məxsus möhür haqqında məlumatı oldu. Demək ki, partiya fəaliyyətini dayandırdıqdan sonra möhür Mirzə Məhəmməd Axundzadəyə etibar edilir. Məhəmməd Axundzadə dahi şairimiz Nizami Gəncəvi haqqında ilk kitab yazan və onu 1909-cu ildə çap edən millət sevdalısı olub.

"Difai" firqəsinin möhürü üzərində bir-birinə çarpazlanan iki qılınc hər an döyüşə hazır olmanın işarəsi idi. Altıguşəli ulduz və aypara isə döyüşçülərin türk olduğunu bildirirdi.

"Difai" partiyası ərəb dilindən tərcümədə müdafiə deməkdir. Firqə qarşıya iki məqsəd qoyaraq öz mübarizəsini apardı: xalqın maariflənməsi və düşmənə qarşı cavab.

Elçin Əhmədovun gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşması üçün "Difai" həqiqətlərini bilmək, öyrənmək çağırışı olduqca əhəmiyyətli səsləndi. Verilişin sonuna yaxın Vüqar Zifəroğlunun ""Fədai" ilə başlayan yol "Difai" ilə güclənir" məsəli isə 2020-ci ilin 27 sentyabr tarixi ilə sıx bağlıdır. Çünki müzəffər Ordumuz 44 günlük Haqq savaşımızda "Difai" ruhunda döyüşdü. Azərbaycan xalqının başına gətirilən müsibətlərin də qısası alınmış oldu.

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti