Logo

Tarixçi alim: “Topçubaşova aid sənədlərin 80-90 faizinin nüsxəsi əlimizdədir”

09.02.2022 17:57 696 baxış
IMG

“2007-ci ildə Milli Arxiv İdarəsində Əlimərdan bəy Topçubaşovun şəxsi fondu yaradılıb. Fondun nömrəsi 3172, saxlama vahidlərinin sayı 25-dir”.

Bu barədə Apa-ya Milli Arxiv İdarəsinin Beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova deyib.

Vaxtaşırı Azərbaycanın görkəmli şəxsiyyətləri barədə sənədlərin xarici ölkələrdən gətirildiyini vurğulayan sektor müdirinin sözlərinə görə, Dövlət Ədəbiyyat Arxivində isə Ramiz Abutalıbovun özünün fondu var ki, burada da Topçubaşova aid xeyli sənəd və məktublar saxlanılır: “Bundan başqa, 2020-2025-ci illər üzrə Dövlət Proqramında da xarici ölkələrin muzey, kitabxana və arxivlərində tarixi şəxsiyyətlərimizə aid olan sənədlərin ölkəmizə gətirilməsi nəzərdə tutulub. Bu istiqamətdə işlər davam etdirilir. 10-a yaxın ölkə ilə beynəlxalq müqavilələr bağlanılıb. Bu müqavilələr əsasında xarici arxivlərdə yerləşən Azərbaycan tarixinə və mədəniyyətinə aid sənədlərin surətləri ölkəmizə gətirilib və gətirilməsi işi davam etdirilir”.

O deyib ki, Milli Arxiv İdarəsinin prioritet işlərindən biri Azərbaycan xalqının tarix və mədəniyyətinə aid sənədlərin xarici ölkələrdə aşkarlanıb Vətənə gətirilməsi olduğundan bu sahəyə böyük diqqət verilir: “Hökumətimiz, həmçinin Azərbaycanın xaricdəki səfirlikləri tərəfindən də lazımi köməklik göstərilir”.

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi APA-ya açıqlamasında deyib ki, Fransanın arxivlərində Əlimərdan bəy Topçubaşova aid sənəd və fotoşəkillərin 80-90 faizinin nüsxəsi əlimizdədir.

Onun sözlərinə görə, həmin sənədlərin xeyli hissəsi çap olunub: “Bu işin pioneri Ramiz Abutalıbovdur. Onun cümhuriyyət dövrünə aid sənədlərin gətirilməsində misilsiz xidmətləri olub. Eyni zamanda, 3000-4000 sənədin üzünü də tədqiqatçı alim Georgi Mamulya çıxarmışdı. Mamulya olmasaydı, heç o sənədlərin onda birini əldə edə bilməyəcəkdik. O, gətirdiyi sənədlər əsasında 4 cild kitab çap edib. Mən özüm də xeyli sənəd gətirmişəm. İnternetdə yayılan soyqırımı şəkilləri həmin arxivdəndir. Gətirdiyim sənədlərin böyük bir hissəsini çap etdirmişəm. Amma əlimdə ayrı sənədlər də var. İmkan olduqca çap etdirəcəyəm”.

Tədqiqatçı alim həmçinin deyib ki, Fransanın arxiv idarəsində çalışan erməni işçi azərbaycanlı alimlərin ora daxil olmasına mane olmağa çalışıb.

O diqqətə çatdırıb ki, həmin idarəyə Hollandiyanın Sosial Tarix İnstitutunun təqdimatı ilə daxil ola bilib.

“Yəni, Azərbaycan adı ilə ora heç cür buraxmırdılar”, - Solmaz Rüstəmova-Tohidi vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin APA-ya müsahibəsi zamanı bildirib ki, 2019-cu ildən etibarən 1919-1920-ci illərdə Parisdə olan Azərbaycan Demokratik Respublikasının diplomatik missiyasının arxivini təşkil edən Topçubaşovun arxivinin Azərbaycana qaytarılması üzrə səylər göstərirlər. Təəssüf ki, müxtəlif bəhanələrlə Fransa tərəfi arxivin geri qaytarılması məsələsində dialoqdan qaçır, hətta bizim alim və mütəxəssislərin bu arxivlərə çıxışını qadağan edir. Həmçinin, böyük qrup azərbaycanlı alim tərəfindən Fransa Prezidentinin adına ötən il ünvanlanmış müraciətə də cavab yoxdur.

Xəbər lenti