– İkisi də dahidir, ikisi də sırf Azərbaycan bəstəkarıdır. Onların əsərlərində bu hiss olunur. Sadəcə Qarayev Qərbə bir az daha yaxındır. O, şəhər adamıdır, professor oğludur. Fikrət isə Məşədi Cəmilin oğludur, tarzəndir, şuşalıdır. Ona görə Şərqə daha yaxındır. Nəticə etibarilə hər ikisi azərbaycanlı bəstəkardır. Ancaq bu gün bizim elə bəstəçilərimiz ortaya çıxıb ki, əsərlərinə baxırsan, bilmirsən türkdür, rusdur, yoxsa farsdır. Çünki yaradıcılıqlarında milli əsas yoxdur. Çaykovski rus bəstəkarıdır, Vaqner alman, Şopen polşalıdır, Bartok macar, Paliaçvili gürcüdür. Onlara qulaq asanda bunu hiss edə bilirsən. Əgər bəstəkarın yaradıcılığında milli əsas yoxdursa, mən bunu faciə kimi qəbul edirəm.
– Millətçisiniz?
– Millətçi deyiləm, ancaq vətənpərvər olduğuma inanmaq istəyirəm, bunlar başqa-başqa anlayışlardır, mənim üçün pis millət anlayışı yoxdur. Mən azərbaycanlı olmağımla qürur duyuram və bizim bir çox məsələlərdə başqa millətlərdən üstün olmağımıza əminəm.
– Məsələn?
– Məsələn, musiqidə. Keçmiş sovet məkanında bizimlə müqayisə oluna biləcək bir xalq yoxdur, yalnız böyük Rusiya istisnadır. O vaxt Moskvada keçirilən bəstəkarlar qurultaylarında öndə hər zaman rus, Azərbaycan bəstəkarları olurdu. Məsələn, hamı bilir ki, kinematoqrafiya Gürcüstanda daha güclü olub. Bizdə isə bəstəkarlıq səviyyəsi çox yüksək olub. Şairlərimiz, yazıçılarımız, rejissorlarımız inciməsin məndən.
– Sizcə, istedadın bölgəsi var?
– Bax (divarı göstərir) asılan kimin şəklidir? Cahangir Cahangirov… Atam həmişə ona deyirdi ki, Qarabağdan olan bəstəkarlarımız oradakı gözəllikləri görüb yaradırdılar. Sən ki Balaxanıda doğulub böyümüsən, orda da neft buruqlarından başqa heç nə yoxdur. Səndə bu qədər melodiya, ürək, istedad haradandır, ay Cahangir? Yəni istedad varsa, var.
– Atanız... Onun oğlu olmaq, bu imzanı daşımaq həm şərəf, həm də məsuliyyət olmalı.
– Elədir. Mənim səhv etmək ixtiyarım yoxdur! Həm atam, həm babam, həm də əmim – onlar çox diqqətli yaşadılar. Son nəfəslərinə qədər Azərbaycan mədəniyyətinə xidmət etdilər. Üzeyir bəyin bizə qoyduğu üç böyük dağ, üç böyük şəxsiyyət – Fikrət Əmirov, maestro Niyazi və Qara Qarayev tələbələrinə təkcə professionallığı yox, həm də həyatı öyrətdi. Bu gün Azərbaycanın fəxr etdiyi, təbliğ etdiyi bəstəkarlar məhz onlardır. Mənim və qardaşımın da başqa cür yaşamaq haqqı yox idi. Deyim ki, atam bizə ciddi tapşırıqlar verirdi, yox. O, heç vaxt belə etmirdi. Biz sadəcə onun həyatına, dostları ilə münasibətlərinə baxırdıq və çalışırdıq o cür olaq. O, bizim həyat məktəbimiz idi.
Hər kəsin bu həyatda öz missiyası var. Deməli, mən musiqiçi olmalıymışam, deməli qardaşım həkim olmalıymış. Atamın 71 yaşa çatmasında qardaşım Toğrulun bir həkim kimi mühüm rolu olub. Toğrul atamı fiziki yaşadırdı, mən isə mənəvi. Çünki əsərlərini ifa edirdim. Bu yaxınlarda “Qarabağ şikəstəsi” oratoriyasının premyerasında çəkilən kadrlara baxırdım. Atamla anam da zalda oturub. Mən atamın gözündəki qürur, fərəh hissini indi görürəm. O vaxt mən onu hiss etmirdim. Bir kərə yaşayırıq. Gərək elə yaşayaq ki, dünyamızı dəyişəndən sonra övladlarımıza desinlər ki, Allah rəhmət eləsin. Necə ki, mən bu vaxta qədər bu sözləri eşitmişəm. Tutaq ki, Bakı kəndlərinə gedəndə babam Zülfü Adıgözəlovu xatırlayırlar. Görürəm yaşlı kişilər var, onlar tez-tez Zülfü deyir. Hətta övladlarına bu sevgidən Zülfü adını qoyanlar var. Bizim də birinci övladımızın adı Zülfüqardır, böyük babasının adını daşıyır. Baxmayaraq ki, o, qarabağlı idi, ancaq Bakı kəndlərində daha çox sevilirdi. Ümumiyyətlə, Bakı kəndlərində pəsdən oxuyan müğənniləri seviblər, babam da pəsxan idi. Məsələn, Xan əmi zilxan idi, ona görə Qarabağda daha çox sevilirdi. Həm də babam Əliağa Vahidin yaxın dostu olduğuna görə qəzəlləri də düzgün seçirdi.
– Valideynlər təkcə qazandıqları hörməti yox, həm də düşmənlərini övladlarına miras qoyur.
– Tamamilə razıyam bu fikirlə.
– Miras qalan düşmənlər Sizə varlığını tez-tez hiss etdirirmi?
– Əlbəttə, hiss etmişəm. Bir söz var, deyir ki, oğullar atalarının əməllərinə görə cavabdeh deyil. Ancaq, mən atamın etdiyi hər şeyə görə cavabdehəm. Çünki bilirəm ki, mənim atam haqsız heç nə etməyib. Atamı sevməyənlər məni də sevmir. Çox maraqlıdır ki, mən onlara heç nə etməmişəm. Çoxu da dünyasını dəyişib. Biz Bəstəkarlar evində yaşamışıq, mən orda böyümüşəm. Biz 65-ci ildə ora gələndə Tofiq Quliyev, Süleyman Ələsgərov, Arif Məlikov, Ramiz Mustafayev, Əşrəf Abbasov, Musa Mirzəyev, Xəyyam Mirzəzadə, İbrahim Məmmədov kimi bəstəkarlar orada yaşayırdılar. Ancaq bu gün onların heç biri yoxdur. Bəstəkarların xanımlarından bir anam qalmışdı, bir də Oqtay Zülfüqarovun həyat yoldaşı İnarə xanım. İndi o 30 mənzilli binada tək qaldı İnarə xanım.
– Doxsanıncı illərdə hamının soyuq Filarmoniyadan qaçdığı bir dövrdə siz ordaydınız.
– Mən gedə bilməzdim, nəinki mən, çox adam getmədi.
– Amma gedənlər də oldu.
– Getdilər, on ildən sonra da qayıdıb dedilər ki, bəs bizim vəzifəmiz vardı, o vardı, bu vardı. Şəxsən mənim getməyənlərə hörmətim daha çoxdur, o adamlara ki, soyuq Filarmoniyada maaşsız çalışdılar, orkestri dağılmağa qoymadılar. Məsələn, Fərhad müəllim getmədi, konservatoriyanı qoruyub saxladı.
– Siz də getmədiniz.
– Mən gedə bilməzdim. Ancaq onu da deyim ki, Bakıda yaşamaq şərt deyil. Məgər Lütfizadə Bakıda yaşamışdı? Tahir Salahov Bakıda yaşayıb? Qara Qarayev ömür boyu Moskvada yaşayıb. Rüstəm İbrahimbəyov Bakıda yaşayır? Sən vətəninə, torpağına, millətinə, bayrağına xidmət etməlisən, mənən burada olmalısan. Övladlarıma da deyirəm ki, istəyirsən, Amerikada yaşa, Avropada yaşa, Fransada yaşa, fərqi yoxdur, əsas vətəninə bağlı ol, çünki kökün burdadır. Mən də 1989-cu ildə diplomumu alıb Azərbaycana qayıtdım və simfonik orkestrin dirijoru vəzifəsində çalışmağa başladım. Bir il sonra isə məni Avstriyaya göndərdilər. Mən orda olanda Bakıdan zəng edib dedilər ki, hamı qoyub qaçıb, dərhal qayıt. O vaxt burda maaş 20 dollar, Türkiyədə isə 2000 dollar idi, yəni yüz dəfə çox. Və mən Bakıya qayıdıb 1991-ci ildə baş dirijor təyin olunanda keçmiş SSRİ-də ən gənc bədii rəhbər və baş dirijor idim.
Özü də mən o vaxt subay idim, xaricə gedə bilərdim, imkan da vardı, çağırırdılar, ancaq getmədim. Bilirdim ki, getsəm, orkestri dağıdacaqlar, çünki heç kim yox idi. O şərtlərlə doqquz il çalışdıq. Sonra bunlar qayıtdılar. Gedib yaxşı pul qazanıb qayıtmışdılar. Mən orkestrdən çıxandan sonra 25 ildir ki, bütün fəaliyyətimi Azərbaycan musiqisinin təbliğinə həsr etmişəm. 35 ölkədə Azərbaycan musiqisi səslənibsə, burada mənim də payım var.
– Bəs azad Şuşada “Xarıbülbül” festivalında bir şuşalı kimi nə hiss etdiniz?
– Ən birinci onu hiss etdim ki, atamın ruhu artıq şaddır. Haqq-ədalət axır-əvvəl gəlib yerini tapır. Mən orda özümü hiss etmirdim, uçurdum. Mən atamın vəsiyyətini yerinə yetirdim. Orda uçan qartal var ha, o qartal Üzeyir bəyin, Natəvanın, Bülbülün, atamın, Süleyman Ələsgərov, Zülfü Adıgözəlovun ruhu idi. Mənə dedilər ki, həmin qartallardan orda çox az qalıb. “Qarabağ şikəstəsi” orda səslənəndə operator qartalların uçmağını necə gördü? Bunu əvvəlcədən təşkil etmək mümkün deyildi. Məncə, bu, tanrının bir işarəsidir.
– Yalçın müəllim, Vasif Adıgözəlovun “Ölülər” əsərini çoxdandır ki, eşitmirik. Həmin əsərə müraciət etməyi düşünürsünüz?
– “Ölülər” əsəri Vasif Adıgözəlovun diplom işidir. Təsəvvür edin, 24 yaşlı Vasif Adıgözəlov “Ölülər” kimi ağır, mürəkkəb bir əsərə müraciət edib. Buna çox böyük bir cürət lazımdır. Əsər dörd-beş dəfə tamaşaya qoyuldu, ancaq dinlə bağlı məqamlardan dolayı qaldı. Otuz il sonra mən əsəri bərpa etmək istəyəndə atam rəhmətə getdi. Bu yaxınlarda isə bir rejissordan mənə təklif gəldi. İnşallah, o əsəri biz səhnəyə qaytarmaq istəyirik. Düşünürəm ki, bunu etmək mənim mənəvi borcumdur.
– “Yalçın” sözünün mənası sərt deməkdir. Yalçın müəllim adı kimidir?
– Bilmirəm. Yalnız onu deyə bilərəm ki, mən heç vaxt haqq olmayan hadisələri, hərəkətləri qəbul edə bilmirəm. Mən savaşmağı da sevmirəm. Bu, mənim üslubum deyil. Ancaq içimdə üsyançıyam, mən qaraya ağ deyə bilmərəm. Ona görə də çox vaxt problemlər yaşayıram.
– 1990-ci ildə Filarmoniyadan səslənən “Rekviyem” də o üsyanın səsi imiş yəqin...
– O vaxt hamımızın gözü dolu idi. Hamımız sarsılmışdıq, çünki heç kim bunu gözləmirdi. Sovet ordusu deyəndə düşünürdük ki, bu, həm də bizim ordumuzdur. Ruslar bizi alçaltdı. Gəldilər, zəbt elədilər, cavanlarımızı qırdılar. Xalqın üzünə tüpürüb getdilər. Biz ona görə ağlayırdıq. Kişi nə vaxt ağlayar? Gücü çatmayanda. Kişi xeylağı ağrıdan ağlamaz. Çarəsizlikdən ağlayar. Bax, biz ona görə ağlayırdıq. Çünki biz heç nə edə bilmirdik. Mən nə edə bilərdim? Mənim çubuğum mənim silahımdır. Təsəvvür edin, tanklar hələ şəhərdədir. Biz filarmoniyada “Rekviyem”i repertuara qoymuşuq. Kim nə deyə bilərdi bizə? Baxmayaraq ki, Bakıda hələ komendant saatı hökm sürürdü. O ifa zamanı zaldakı insanlar filarmoniyanın balkonlarından yapışıb qalmışdı, çıxmırdılar. Çünki orada üsyan vardı. O bizim etirazım idi. Eyni şey də Moskvada 1991-ci ildə baş verdi. Orada “Qarabağ şikəstəsi”ni elan edəndə “Qarabağ” sözünü çıxarıb eləcə “şikəstə” kimi təqdim etmişdilər. Amma nə oldu? Ötən il düz otuz il sonra həmin zalda “Qarabağ şikəstəsi” yenidən səsləndi. Həmin vaxt Alim Qasımov da yanımda idi. O vaxt mənim və Alimin otuz yaşı vardısa, indi isə 60 yaşımız var.
– Həyatınızın dirijoru ola bildiniz?
– Mən həmişə çalışmışam ki, doğru bildiyimi edim, sonra nə olursa olsun. Hər şey tanrının əlindədir. Mən Allaha inanıram...