UNİCEF-in Azərbaycandakı nümayəndəsi Aleks Heykensin Report-a müsahibəsi:
- Azərbaycanın təhsil sahəsində Minilliyin İnkişaf Məqsədlərinə nail olmasını necə qiymətləndirirsiniz?
- Azərbaycanda təhsil sahəsində BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq baxımından mühüm irəliləyişlər əldə olunub. Yaxşı nəticələr var, məsələn, məktəbəqədər təhsilə gedən uşaqların sayı artır, o cümlədən inklüziv təhsilin inkişafı da müşahidə olunur. Əlbəttə, qarşıda həm yeni, həm də mövcud problemlər hələ çoxdur. Xüsusilə regionlarda məktəbəqədər təhsilə əlçatanlığı genişləndirmək lazımdır.
Bundan başqa, inklüziv təhsil sahəsində də irəliləyiş var, lakin inklüziv təhsilli məktəblərin sayı hələ də azdır. 2016-cı ildə dörd məktəb inklüziv təhsil təklif etməyə başladı və keçən il bu siyahıya daha səkkiz məktəb əlavə edildi ki, bu da böyük irəliləyişdir. İndi qarşıda duran məsələr bu cür təhsilin bütün ölkə üzrə məktəblərdə tətbiq edilməsidir. Digər mühüm mövzu təhsilin keyfiyyəti və aktuallığıdır: təhsili məşğulluqla necə daha yaxşı əlaqələndirə biləcəyimizdir.
- Bu məqsədlərə çatmaqda UNICEF-in töhfəsi nədir?
- Bu, texniki yardımın və pilot layihələrin həyata keçirilməsinin, yeni modellərin hazırlanmasının, eləcə də hökumətlə birlikdə onların sınaqdan keçirilməsinin yaxşı uyuşması idi. 2017-ci ildə UNICEF cəmi 50 erkən təhsil yerində məktəbəqədər təhsil mərkəzlərini sınaqdan keçirməyə başladı və insanlar bunun uşaqlar üçün nə dərəcədə faydalı olduğunu tez anladılar. Bu illər ərzində hökumət Heydər Əliyev Fondunun dəstəyi və Aİ-nin gələcək dəstəyi ilə birlikdə məktəbəqədər təhsil mərkəzlərinin sayını artırıb və hazırda onların sayı 700-ü ötüb.
- Qızların təhsili hələ də bütün dünyada çox aktual problem olaraq qalır. UNICEF Azərbaycandakı qızların təhsil probleminin həllinə necə töhfə verir?
- Bir tərəfdən, sevindirici haldır ki, demək olar, hər bir uşaq məktəbə gedir, amma yeniyetməlik dövründə bəziləri məktəbi atır və bu, eşitdiyimə görə, oğlanlardan çox qızlar üçün xarakterikdir. Orta məktəbdə qızlar dəqiq fənləri və riyaziyyatı çox yaxşı mənimsəyirlər. Yadımdadır, Ağcabədidə olarkən müəllimlər mənə deyirdilər ki, bu fənlərdə qızlar oğlanlardan daha yaxşıdırlar. Lakin universitetdə qızlar bu istiqamətdə təhsillərini davam etdirmirlər, humanitar, sosial elmlər və digər fənləri öyrənməyə başlayırlar. Qızların böyük potensialı var, lakin onlar çox yaxşı olduqları şeydən uzaqlaşırlar. Sual budur ki, niyə? Səbəblərdən biri cəmiyyətdə və ailədə qızlardan gözləntilər ola bilər ki, onlara davamlı olaraq təhsil, səhiyyə, sosial elmlər və s. məşğul olmaları söylənilir. Bəli, təbii ki, bu da lazımdır, amma qızlar da başqa elmlərlə məşğul olmalıdırlar. Bu da qızlar üçün, ölkə və hətta iqtisadiyyat üçün əlavə potensial yaradar.
Digər problem isə qızların çoxunun təhsilini bitirdikdən sonra işə getməməsidir. Deməli, uzun illər təhsildə səy göstərirsiniz, çox ağıllısınız, düşüncəlisiniz, yaxşı təhsil almısınız və sonda bundan yararlanmırsınız, bu baxımdan heç nə etmirsiniz. Kənd yerləri ilə müqayisədə böyük şəhərlərdə münasibət bir qədər fərqlidir, daha açıqdır. Qadınların liderlik rolu, eləcə də bunun qiymətləndirilməsi çox vacibdir. Həmçinin daha çox qadının işə cəlb olunması üçün özəl sektorla iş aparılmalıdır. Təbii ki, qadınlar öz ailələrində çox mühüm rol oynayırlar, amma eyni zamanda bundan da çox şey təklif edə bilərlər.
UNICEF olaraq bütün bu yolu bacardığımız qədər dəstəkləyirik. İndi “Qızlar üçün Rəqəmsal Bacarıqlar” və “Əsas Həyat Bacarıqları” proqramları kontekstində qızların fəal şəkildə cəlb edilməsiylə yeni təşəbbüsə başlayırıq. Biz qızların və oğlanların təkcə akademik təhsillərinə yox, yetkin həyata daha yaxşı hazır olmaları üçün həm də onların sosial, emosional təhsillərinə diqqət yetirməliyik. Beləliklə, UNICEF bu istiqamətləri həm rəsmi, həm də qeyri-formal təhsildə siyasi və praktiki səviyyədə dəstəkləyir.
- UNİCEF Azərbaycanda inklüziv təhsili necə təbliğ edir?
- Bura gələndə məni çox həyəcanlandıran şey inklüziv təhsilin burada necə inkişaf etdiyini eşitmək oldu. Mən UNİCEF-in dəstəyi ilə məhdud imlanlı uşaqların adi siniflərdə təhsil almağa başladığı ilk dörd məktəbdən birinə baş çəkdim. UNICEF məhdud imlanlı uşaqlar üçün təhsil müəssisələrinin qapılarını açmağın həqiqətən faydalı olduğunu göstərmək üçün məktəb rəhbərləri, müəllimlər və uşaqların valideynləri ilə sıx əməkdaşlıq edirdi. Bu yaxınlarda təhsil naziri ilə görüşdüm və o, bu məsələyə ciddi sadiqliyini bildirdi, mən bunu çox yüksək qiymətləndirirəm. Əvvəlcə valideynlər uşaqlarını məhdud imkanlı uşaqlarla eyni sinifdə yerləşdirmək istəmirdilərsə, indi bu, demək olar, əksinədir: övladlarının eyni sinifdə oxumasının dəyərini başa düşürlər, çünki bu, həm də sosial davranışın və övladlarının davranış normalarının müsbət formalaşdırılmasına kömək edir. Komandam və mən ölkənin bu məsələdə növbəti səviyyəyə qalxmasına kömək etməyi səbirsizliklə gözləyirik.
- Uşaqların COVID-19-a qarşı peyvənd olunması ilə bağlı UNICEF-in mövqeyi necədir?
- Qlobal mövqe, ilk növbədə, cəmiyyətin ən həssas təbəqələrinin tam peyvənd olunmasını təmin etməkdən ibarətdir. Artıq buster dozalar dövrünə qədəm qoymuşuq. Biz nisbətən yaxşı vəziyyətdəyik: Azərbaycanda kifayət qədər mövcud vaksinlər var, xeyli irəliləyiş əldə olunub, cəmiyyətdə peyvəndlərdən yana rəqabət yoxdur və hamı üçün kifayət qədər peyvənd var. Biz həmçinin bilirik ki, bəzi peyvəndlər 12 yaş və yuxarı uşaqlar üçün təsdiqlənib və hətta daha kiçik yaşlar üçün də peyvəndlərin təsdiqlənməsi üzərində işlər davam etdirilir. Təkcə sağlamlığın qorunmasının deyil, həm də cəmiyyətdə yoluxmanın azaldılmasının vacibliyini nəzərə alaraq, Azərbaycanda da 12 və daha çox yaşı olan uşaqların peyvənd edilməsini təşviq etmək məqsədəuyğundur. Peyvəndlərimiz var. Bunu etməmək üçün heç bir səbəb yoxdur. Uşaqlar sağlamlıqları baxımından böyük risk altında deyillər, lakin onlar daşıyıcı ola bilərlər. Onlar özləri də bilmədən xəstəliyi, məsələn, daha yüksək risk altında olan nənələrinə ötürə bilərlər. Düşünürəm ki, hazırda 12 və yuxarı yaşda olan uşaqların peyvənd edilməsini təşviq etmək və asanlaşdırmaq yaxşı olardı. Vaksinasiyanın virusun ötürülmə sürətini azaltdığına dair aydın sübutlar var. Həmçinin övladlarının peyvənd edilməsi prosesinin valideynləri üçün çox çətin olmaması da vacibdir.
- Müharibə uşaqların qəlbində sağalmaz iz buraxır, çünki onlar, adətən, baş verənlərə daha həssas yanaşırlar. UNICEF-in Azərbaycanda hər bir uşağın hüquqlarını qorumaq üçün çalışdığını nəzərə alsaq, azərbaycanlı məcburi köçkün uşaqların hüquqlarının qorunmasına və onların öz evlərinə, azad edilmiş torpaqlarına təhlükəsiz qayıtmasına necə kömək edəcəksiniz?
- Bu, təbii ki, həmişə çox çətin prosesdir. Dünyada münaqişədən sonrakı vəziyyətin təcrübəsindən bilirik ki, insanların bu torpaqlara qaytarılması üçün belə tədbirlər görməzdən əvvəl çoxlu işlər həll edilməlidir - ərazilər təhlükəsiz olmalıdır. ANAMA-nın tərəfdaşların dəstəyi ilə Qarabağı minalardan və digər partlayıcı qurğulardan təmizləmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirirəm. Həmçinin gələcəklə bağlı müzakirələrə icmaların da cəlb edilməsi vacibdir - nə etmək lazımdır ki, bu ərazilər təkcə partlayıcı qurğulardan deyil, həm də hər cür riskdən qorunma baxımından uşaqlar üçün təhlükəsiz mühit nümunəsi olsun? Bundan əlavə, partlayıcı sursatlarla bağlı risklər barədə maarifləndirmə işlərimizi davam etdirəcəyik, çünki bu barədə insanların, xüsusən də uşaqların daim məlumatlandırılmasına ehtiyac var. UNICEF-in Uşaqlara Fövqəladə Yardım Təşkilatı (ECHO) tərəfindən maliyyələşdirilən və Təhsil Nazirliyi ilə ANAMA tərəfindən birgə həyata keçirilən, icmanın riskləri necə qiymətləndirdiyinə dair anlayışı yaxşılaşdırmaq məqsədi daşıyan və daha sonra məlumatlandırmaq üçün təhsil materialları və öyrənmə yanaşmalarını hazırlamağa başlayan daimi təşəbbüsü mövcuddur. Bu təşəbbüs məhz məktəblər vasitəsilə həyata keçirilir, uşaqlara bütün riskləri izah edən məktəblərdəki müəllimlərdir. Amma bu prosesə bütövlükdə cəmiyyəti də cəlb etmək lazımdır: uşaqlar, valideynlər, ictimai liderlər – hamı bu işdə birgə çalışır. Nəhayət, uşaqların psixoloji rifahı üzərində işləmək vacibdir. Biz bilirik ki, bir çox uşaq və valideyn münaqişə nəticəsində travma alıblar. UNICEF psixososial dəstək xidmətləri vasitəsilə bir sıra uşaq və valideynlərə dəstəyi davam etdirir.
- Təhlükəsiz geri dönüşü təşkil etmək üçün azad edilmiş bütün əraziləri minalardan təmizləmək lazımdır. UNICEF bu prosesə töhfəsini verməyi və ya digər təşkilatları buna təşviq etməyi planlaşdırırmı?
- Minatəmizləmə işinə, təbii ki, ANAMA rəhbərlik edir. BMT tərəfindən ANAMA-ya çox mühüm texniki yardım göstərən, minalardan təmizləməyə xüsusi dəstək verən BMTİP çıxış edir. UNICEF minalar və digər partlayıcı sursatlarla bağlı risklər üzrə maarifləndirmənin dəstəklənməsinə xüsusi diqqət yetirir. Minatəmizləmə və minalarla bağlı risklərin qiymətləndirilməsi vahid yanaşma ilə olmalıdır, bu səbəbdən də əməkdaşlıq və koordinasiya vacibdir. Aydındır ki, biz minatəmizləmə üçün maliyyə və ya texniki dəstək vermək iqtidarında olan hər kəsi bunu etməyə çağırırıq və biz partlayıcı sursat riskləri ilə bağlı maarifləndirməni genişləndirmək üçün resurslar axtarmağa davam edirik.