Logo

“Düzgün peşə seçimi uğurlu gələcəyin başlanğıcıdır” - Müsahibə

17.02.2022 00:52 687 baxış
IMG

Prezident İlham Əliyev 2021-ci il noyabrın 29-da "Təhsil haqqında” və "Peşə təhsili haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə Qanunları təsdiqləyib. Bununla da yüksək texniki peşə təhsili alan məzunlar texnikum təhsili alan şəxslərlə eyni hüquqa sahib olub, onların subbakalavr statusu rəsmən tanınıb. Bu, həmin şəxslərə bir sıra üstünlüklər verəcək. Hər iki Qanuna edilən dəyişikliklər, onların mahiyyəti, gənclərin həyatında oynayacağı rol, bu dəyişikliklərin peşə təhsilinə təsiri ilə bağlı "Kaspi” qəzetinin suallarını Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən Kifayət Bayramova cavablandırır.

- Kifayət xanım, "Təhsil haqqında” və "Peşə təhsili haqqında” Qanunlara edilən dəyişikliklər peşə təhsilinə marağı artıracaqmı?

- Hər iki Qanundakı dəyişikliklər peşə təhsili almaq istəyənlərə eyni zamanda ali təhsil almaq üçün imkanlar yaradır. Belə ki, praktiki bacarıqlara yiyələnərək yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alan tələbələr bu səviyyəni uğurla başa vurduqdan sonra əldə etdikləri kreditlərə əsasən müvafiq ixtisaslar üzrə ali təhsilə keçid imkanı əldə edirlər. Akademik təhsildən fərqli olaraq, daha çox tətbiqi öyrənməyə əsaslanan yüksək texniki peşə təhsili tələbələrə peşə bacarıqlarını səriştələr ilə aşılamağa imkan verir. Yüksək texniki peşə təhsili ümumilikdə peşə təhsilinin nüfuzunu artırmağa xidmət etməklə yanaşı, təhsil pillələri arasında keçid imkanını da təmin edir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər peşə təhsilinə diqqət və marağın artmasına öz müsbət töhvəsini verəcəkdir.

- Ümumiyyətlə bu proses necə tənzimlənir, məzun ali təhsil müəssisəsində təhsilini davam etdirmək üçün hansı prosedurları necə yerinə yetirməlidir?

- Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə bitirən məzunlar subbakalavr peşə-ixtisas dərəcəsi alaraq, orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur. Həmin məzunlar ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə müsabiqədənkənar qəbul ola bilərlər. Yüksək texniki peşə təhsili proqramlarında kredit sisteminin tətbiqi və proqramların ali təhsil proqramları ilə uyğunlaşdırılması məzunlarımıza ali təhsil müəsssisələrinə qəbul olduqda topladıqları kreditləri tanıtmağa imkan yaradır.

- Peşə təhsilinin yeniyetmə və gənclərin həyatında oynadığı rolu necə qiymətləndirirsiniz?

- Düzgün peşə seçimi uğurlu gələcəyin başlanğıcıdır.  Hər bir ölkənin iqtisadi inkişafını təmin edən ən mühüm amillərdən biri savadlı, bacarıqlı kadrların olmasıdır. Əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayan peşə təhsilinin gənclər üçün əhəmiyyəti böyükdür. Peşə təhsili gənclərin qısa zaman ərzində əmək bacarıqlarına yiyələnməsini təmin edən, daha çox  praktiki bacarıqlara əsaslanan təhsil pilləsidir. Peşə təhsilində səriştəyə əsaslanan təhsilin əsas hissəsinin təcrübədən ibarət olması, istehsalat təcrübəsinin işəgötürən müəssisələrdə təşkili, qısa müddətdə təhsilini başa vuraraq iş tapmaq imkanı, gənclərin peşə təhsilinə üstünlük verməsi üçün yetərli səbəbdir.

- Sizin rəhbərlik etdiyiniz mərkəzdəki müəssisələrdə yüksək texniki peşə təhsil səviyyəsi üzrə ixtisaslar varmı?

- Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Yüksək texniki peşə təhsil səviyyəsi üzrə 2021-2022-ci tədris ili üzrə iki  ixtisas üzrə kadr hazırlığı aparılır. Təhsil müddəti  ümumi orta təhsil bazasından  4 il və tam orta təhsil  bazasından 3 il olmaqla "Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisası və tam orta təhsil bazasından 3 il olmaqla " Mühasibat uçotu” ixtisası üzrə kadr hazırlığı aparılır.

- Mərkəzdə tədrisin təşkili hansı formada həyata keçirilir? 

- Peşə təhsili müəssisələrində tədris prosesinin təşkili müvafiq qərar, əmrlər və illik fəaliyyət planına uyğun olaraq həyata  keçirilir. Peşə təhsili mərkəzi olaraq əsas məqsədimiz müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq, əmək bazarının daim dəyişən tələbatının ödənilməsini təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdan ibarətdir. Qeyd olunan məqsədlərə nail olmaq tədris prosesinin düzgün qurulması ilə sıx bağlıdır. Peşə təhsili müəssisəsi olaraq tədris ili ərzində peşə təhsili alanlara keyfiyyətli təhsil vermək, onların ixtisaslı və səriştəli bir kadr kimi formalaşmasına dəstək olmaq tərəfimizdən daima diqqət mərkəzində saxlanılır.  Belə ki, mühəndis-pedaqoji işçilərin pedoqoji ustalığını artırmaq, təlim prosesini inkişaf etdirmək və təkmilləşdirmək, təhsilverənlərin yaradıcı təşəbbüskarlığını artırmaq, qabaqcıl iş təcrübəsini öyrənib yaymaq məqsədilə mərkəzdə Metodiki Şura fəaliyyət göstərir. Həmçinin müvafiq ixtisaslar üzrə metodiki komissiyalar, metodiki fənn birləşmələri tərəfimizdən yaradılaraq mühəndis-pedoqoji heyətin fəaliyyətinə, tədris prosesinin təşkilinə dəstək verir. Metodiki işlərin nəticəsi tələbələrin bilik və praktiki  bacarıq keyfiyyətini yüksəltməklə yanaşı, modullar üzrə kompleks metodiki təminatın yaradılmasına öz müsbət töhvəsini verir.

- Məzun olan tələbələriniz özlərinə asanlıqla iş tapa bilirmi?

- Peşə təhsilinin inkişafı ölkənin ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsi istiqamətində mühüm addımlardan biri kimi səciyyələndirilir. Son illərdə ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində mühüm işlər görülüb. Peşə təhsilinin düzgün təbliği, bu sahədə aparılan uğurlu islahatlar nəticəsində peşə təhsilinə maraq daha da artıb. Qabaqcıl dünya ölkələrinin təcrübəsi göstərir ki, peşə təhsilinin inkişafı istiqamətində işəgötürənlərlə əməkdaşlıq vacib şərtlərdən biridir. İşəgötürənlərin əsas tərəf kimi peşə təhsilinə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun şəkildə aparılması nəticəsində peşə təhsili müəssisəsi olaraq məzunların məşğulluğunun təmin edilməsinə nail oluruq və onları uğur hekayələrimiz kimi təqdim edirik. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi turizm və xidmət sahələri üzrə ixtisaslı kadr hazırlığını həyata keçirən peşə təhsil mərkəzidir. Kadrların hazırlanması istiqamətində turizm istiqaməti üzrə Bakı şəhərində yerləşən 4 və 5 ulduzlu otellərlə əməkdaşlıq imkanları yaradılıb. Yaradılan əməkdaşlıq çərçivəsində təhsilalanlar müvafiq ixtisaslar üzrə təlim və təcrübə proqramlarına cəlb edilərək bu sahə üzrə bilik və bacarıqlara yiyələnirlər. Bu da öz növbəsində əmək bazarında ixtisaslı kadrların işlə təmin olunmasına və eyni zamanda ixtisaslı kadrlara olan tələbatı ödəməyə töhvə verir.

- İşəgötürənlərlə əməkdaşlıq hansı formada həyata keçirilir?

- Bizim Peşə Təhsil Mərkəzi turizm istiqaməti üzrə kadrların hazırlanması istiqamətində bir sıra layihələrdə uğurla iştirak edərək məzunların məşğulluğunun təmin olunmasında geniş imkanlar yaradır.  Misal üçün, 2021-2022-ci tədris ilində də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Hotel Assosasiyasının birgə əməkdaşlığı çərçivəsində "Aşpaz” ixtisası üzrə həyata keçirilən dual təhsil proqramını uğurla həyata keçirir. Dual təhsil proqramı üzrə təhsil alan tələbələr həftədə 3 gün olmaqla mərkəzdə nəzəri, 2 gün isə praktiki məşğələləri "Fairmont Baku”, "JW Marriott Absheron”, "Hilton”, "Baku Mariott Hotel Boulevard”, "Courtyard by Mariott Baku”, "The Merchant Baku” kimi otellərdə keçərək praktiki bacarıqlara yiyələnirlər. Bu proqramın həyata keçirilməsində məqsəd, sənaye nümayəndələri ilə birikdə təcrübə əsaslı bilik və bacarıqların tələbələrə ötürülməsinə imkan yaratmaqdır. Bundan əlavə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsilalanların sahibkar düşüncə tərzinin formalaşması və onlara sahibkarlıq bacarıqlarının aşılanması, öz işini qurmaq istəyən məzunlara bu istiqamətdə məlumatların verilməsi məqsədilə tələbələrin karyera sərgilərində, əmək yarmarkalarında iştirakı təmin olunur. Mərkəzi bitirən, işlə təmin olunan və kiçik sahibkarlıqla məşğul olan məzunların tələbələrlə görüşü keçirilir və onların uğur hekayələri dinlənilir. Bu, öz növbəsində tələbələrdə sahibkar düşüncə tərzinin formalaşmasına təkan verir. 2021-2022-ci tədris ilində "Gələcək üçün Peşə təhsili və təlimi” Azərbaycanda Qabaqcıl Peşə Təhsili müəssisələrinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Karyera mərkəzi”nin yaradılması planlaşdırılıb. Bu istiqamətdə karyera məsləhətçiləri seçilib və müvafiq təlimlərə cəlb ediliblər. İnanıram ki, Karyera məsləhəti xidmətinin göstərilməsi gənclərin karyera və peşə seçimlərinə düzgün istiqamətləndirilməsində, onların hərtərəfli inkişaf etməsində, eləcə də məşğulluğun təmin edilməsində böyük rol oynayacaqdır.

 

Xəbər lenti