Logo

Kamran Yunis: “Xəlil Rza böyük şair deyil” – Müsahibə

09.03.2022 10:27 1045 baxış
IMG

Kulis.az aktyor Kamran Yunislə müsahibəni təqdim edir.


– Necəsiniz, Kamran bəy?

– “Axırıncı aşırım”da deyir: “Yatıb-durmaqdan tüfəngimizin çaxmağı pas atır”. İndi bizdə də vəziyyət o cürdü.

– Yorulmusunuz?


– Dünya çox maraqsız, lazımsız bir istiqamətdə fırlanır. Yaşamaq çətinləşib. Heç nəyə həvəs qalmayıb.

– Yaradıcılığa da?


– Yaradıcılıqdan söhbət belə gedə bilməz. Kimin vecinəyik ki? Kim üçün yaradaq? Mən digər sənətçilər kimi məsələlərə bir tərəfdən baxa bilmirəm. Bütün yönləri ilə adamlara, hadisələrə qiymət vermək istəyirəm. Həm də bu dövrdə sənət çox kənardadır.

– Amma, gələcək üçün koloritli mövzular yaranır...


– Bilmək olmaz, bəlkə camaat gələcəkdə də Rəfaellə Coşquna baxacaq?! Bilirsiniz, ən bədbəxt adam nə istədiyini bilməyən adamdır. Bizim camaat da nə istədiyini bilmir. Onlardan soruşsan, hamısı ciddi, səviyyəli gülüşün tərəfdarıdır, gedib evinə girsən, görəcəksən ki, qurşaqdan aşağı zarafatlara gülür. Ona görə də fikirləşirəm ki, sənət həmişə sənət üçün qalacaq bu ölkədə.

– Kamran bəy, sənətkarın şəxsiyyəti sənətinə nə qədər təsir göstərə bilər?


– Tarix onun şəxsiyyətini deyil, sənətini qoruyub saxlayacaq. Ancaq, istənilən halda şəxsiyyət natamamdırsa, onun qoxusu gec-tez yaratdığından da çıxır. Sən sənətkarsan, mən xalq. Mən səndən yaltaq olmamağını uma bilərəm, sənin mənim yanımda durmağını istəyə bilərəm. Və sən bunları etməyəndə mənim üçün pis adam olacaqsan. Bilirsən, necədi? Bizim camaat sənətkara ancaq şəxsiyyət müstəvisində qiymət verə bilər, sənət müstəvisində yox. Qurban olaram bazarda kartof satan adamın əllərinin qabarına, qazandığı ruzisinə. Ancaq, o heç vaxt mənim yaradıcılığıma ciddi irad tuta bilməz, mənə qiymət verə bilməz. Mazutlu insan heç vaxt Vaqif Mustafazadəni, Səttar Bəhlulzadəni anlaya bilməz. Onun bizdən istədiyi elə mazut haqqında şeirlərdir, mazutun rəsmidir, mazutun mahnısıdır. Biz tarix boyu böyüyə bilmədik. Bizim böyük sənətçilərimizi öldürən, məhv edən elə bu camaatın bu cür düşüncələri oldu.

– İmtina etdiyiniz rol olub?


– Mənim üçün vacib olan həm də o rolu təklif edənin kimliyidir. Ona görə, keyfiyyətsiz adamlardan həmişə qaçmışam. İkiüzlü, yaltaq, yarımçıq adamlar mənlik deyil. Mənim ünsiyyətdə olduğum kəslərin şəxsiyyəti böyükdür. Siz baxırsınız, Nurəddin Mehdixanlı çıxıb danışır ki, Azərbaycan qadını müqəddəsdir, anamızdı, bacımızdı. Sonra da gedib tələbəsi ilə eşq yaşayar. Nurəddin televiziyada danışanda öz-özümə deyirəm ki, Nurəddin kaş danışdığın kimi olaydın. Və ya Yaşar Nurinin iki saatlıq tamaşanı qırx dəqiqədə necə məhv etdiyini mən öz gözlərimlə görmüşəm. Camaatdan soruşsan o böyükdür, sənətkardır. Hər şeyə bu qədər ciddi fikir verirəm deyə, imtina etdiyim rol çox olur. O gün Ülvi Həsənlinin şeir deməyinə baxdım. Taxta! Süni! Özünü təriflədi o ki var. Dünənki uşaqdır. Bu sənəti bilmir, ancaq məzələnir. Sən o vaxtı məzələnə bilərsən ki, sənəti ciddi biləsən. Sənəti ciddi öyrənəndən sonra, nə qədər istəyirsən məzələn. Sabah biri sənə irad tutanda dilinə görə dilçəyin də olsun.

– Hansı rejissorla işləyirsiniz?


– Rövşən İsaqla. Hələki ondan başqa ürəyimə yatan olmayıb. Çox istəyərəm olsun, amma yoxdur. Şeiriyyatımız da o gündədi. İstəyirəm, istedadlılar çox olsun, ancaq azdı. Və ya yaxşı şeirləri var, amma şəxsiyyəti yarımçıqdı. Məsələn, mən Şəhriyar del Geranini bir şair kimi çox sevirəm. Şeirlərini də səsləndirmişəm. Lakin onunla görüşmək istəmirəm. Onun eyiblərini görmək istəmirəm. Qoy o mənim yadımda elə şeirləri ilə qalsın. İstedadlı adama, məncə, nələrisə bağışlamaq olar. İstedadlı kimisə görəndə uçuram sevincimdəm. Onu təqdim edə bilirəmsə, edirəm. Paxıllıq etməmişəm heç vaxt. Mən həmişə Xəzər Süleymanlını yaxşı qiraətçi kimi bilmişəm və hər yerdə də bunu deyirəm. Peşəkar kimi əksikləri çoxdur, amma istedadı və bacarığı gələcəkdə bu şeylərin aradan qalxacağını da göstərir. Xəzər məndən nə isə öyrənmək istəmir, bəlkə də kənarda deyir ki, mən ondan böyüyəm, mən ondan nə öyrənəcəm ki?! Qoy desin, kaş elə məndən böyük olsun. Mən sevinərəm.

– Bu industriyanı çevirməyin yolu nədir?


– Pul. Kapitalizmdi və hər şeyin tək ehtiyacı puldur. Hamı mənə şeir göndərir, amma bir nəfər soruşmur ki, Kamran müəllim, şeiri neçəyə oxuyursunuz? Sən müsahibə götürürsən, qardaş şəkillərimizi çəkir, öz xoşunuzdan etmirsiniz ki... Maaş alırsınız, pul qazanırsınız. Eyni zamanda da o şeirləri yazanlar da pul qazanır, amma şeir oxuyanı fikirləşmirlər. Mən camaata zəng edirəm ki, gəl görüşək, sənə məsləhətlər verim, İbrahimoğludan öyrəndiklərimi bölüşüm. Onlar da məndən qaçır. Heç kim heç nə öyrənmək istəmir.

– Kamran bəy, Xəlil Rza haqqında əvvəllər xeyli mübahisələr yarandı, müzakirələr oldu. Onun böyük şair olmadığını deyənlər oldu. O vaxt siz öz münasibətinizi bildirmişdiniz. İndi necə, olur bu cür söz-söhbətlər?


– Xəlil Rza böyük şair deyil, böyük şəxsiyyətdir. Bəli, mətn olaraq ola bilər ki, Xəlil Rza zəif şair olsun, amma o öz şəxsiyyəti ilə bu camaata hər şey öyrətdi. Mən onu şair kimi sevmirəm də heç. Bir həqiqət var ancaq, o, tarixdə qaldı. “Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram...” misrası bundan min il sonra da yaşayacaq. Xəlil Rza kimi o dövrdə bircə şair olub, o da Sabir Rüstəmxanlı idi. Sabir mərd idi, qorxmaz idi, əyilməz idi, ancaq onu da maddiyyat sındırdı.

– Bəs Bəxtiyar Vahabzadə?


– Mən Bəxtiyarı ciddi oxumamışam, oxuduqlarım da zəif idi. Şəxsiyyəti barədə isə heç nə deməyəcəm. O qədər klassik hesab etdiyimiz şairlər var ki, mən onları oxuya bilmirəm. Bəxtiyarın gözəl şeirləri var, sən dediyin səviyyədə isə yoxdur. O vaxt söz-söhbətlər olanda da dedim, indi də deyirəm, Xəlili söyənlərin heç biri Xəlilin şəxsiyyətinə sahibinə deyillər.

– Müharibə sizə necə təsir etdi?


– Mən müharibə tərəfdarı deyiləm. İnsanların ölümü bütün hallarda məni üzür. Dünya bir idi, bizlər onu böldük və çərçivəyə saldıq. Bu gün onun əzablarını çəkirik. Axmaq mentalitetin əlində qalmışıq, milli dəyərlərin lazımsızlığı bizi məhv edir. Böyük düşünə bilmirik. Sosiumun qayda-qanunu içində insani dəyərlərin hamısını unutduq. Sivil insan olmaq istəyirdik, zibil adam olduq. Pul qazanmaq üçün hər şeyini satanlar o dəyərləri heç vaxt istəməyəcək. Bu cəmiyyət üçün nəsə proqnoz verə bilmirəm. Həm də görünən kəndə nə bələdçilik?

– Bəs poeziyanın gələcəyini necə görürsünüz?


– Allah şairlərə özündən bir ruh verib. O ruha sahib adamlar azdı, çox azdı. Və istəmirəm ki, o şairlər ruhlarını ucuza satsınlar. Öz dəyərlərini bilsələr, hər şey yaxşı olacaq.

– Kinomuz bəs?


– Nə kino? Kino var? Yoxdu! Yalandan pul ayrılır, iki-üç istedadsız tökülüşüb kino çəkir, ortada da bir nəticə yoxdu. Rejissor-aktyor münasibətləri yoxdu. Pul ayrılmır. Kapitalizm burda da bizi yeyir. İstedadsızların pulu olur, istedadlıların da pulu olmur. Pullu adamı da həmişə istedadsızlar tapır. Ona görə, onlar çəkir, daha doğrusu çəkə bilmir, bizlərdə oturub baxırıq. Sistem yoxdu, industriya yoxdu. Kinoda olan pul, heç bir sahədə yoxdur, di gəl, imkan vermirlər, qazanaq. Dövlət dəstəyi olmalıdır. Ancaq o dəstək rejissorun qarşısında hansısa maneəni yaratmamalıdır. İllərdi bu söhbətlər gedir. Nəticəsi yoxdur. Vallah, yorulmuşam. Deyirəm, kaş 1000 şeir səsləndirdiyimə, onca dənə yaxşı kinoya çəkilərdim. Pul olsa, ssenaristin də yaxşısını seçərlər, aktyorun da, operatorların da qrim edənlərin də, montajçıların da, hər kəsin və hər şeyin ən yaxşısı. Onda rejissor da məsuliyyət daşıyacaq. Məsuliyyət yaxşı kino deməkdir. Biz isə kinoteatrları məhv edirik.

– Bəs çəkildiyiniz seriallardan razısınız?


– Mən ən reytinqli seriallarda çəkilmişəm. “Vicdan haqqı” həmişə birinci olub, “Yuxu kimi” də pis deyil. Bəli, qonşu ölkələrdən geri qalırıq. Serial biznesi yoxdur. Ancaq əlimizdə olanlardan mən çəkildiyim seriallar pis deyil.

– “Zəhər tuluğu” yayımlandığı gündən birincidi. Siz necə qiymətləndirirsiniz?


– Baxmamışam. Hamının təriflədiyi şeyə baxmıram. O uşaqlardan Əlixanın sonuncu filminə baxdım. Adı...

– “Sonuncu şam yeməyi”...


– Bəli, baxdım, güldüm də, ancaq sonra dedim ki, hə, nə olsun? Nəyə baxdım mən? Niyə baxdım? Mənə elə gəlir ki, bir neçə il sonra bizdə ümumiyyətlə komediya janrı qalmayacaq. Çox səviyyəsizdirlər, çox...

– Çox sağ olun, Kamran bəy!


– Siz sağ olun! Çalışın bu zəmanə sizi də məhv etməsin! Uğurlar!

Xəbər lenti