Azərbaycan Texnologiya Universitetində (UTECA) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tehsil.biz xəbər verir ki, Təhsil Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən elmi konfrans hibrid formatda təşkil edilib.
Tədbirdə Türkiyə, Bosniya və Hersoqovina, İsveç, Hindistan, Almaniya, Cənubi Koreya və MDB ölkələri də olmaqla ümumilikdə 12 ölkənin universitetlərinin elm adamları iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan konfransda ümummilli liderin, eləcə də Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov açılış nitqində bildirib ki, universitet hər il ənənəvi olaraq beynəlxalq konfransları ümummilli liderə həsr etməyi özünə mənəvi borc bilir. Çünki universitetin əsası 50 il əvvəl Heydər Əliyev tərəfindən qoyulub. Rektor inkişaf etmiş ölkələrin geniş texnoloji imkanlarının elmi innovasiyaların elm tutumlu sənayeyə tətbiqi ilə bağlı olduğunu vurğulayaraq tədbirin mövzusunun aktuallığına diqqət çəkib, konfransın məhsuldar olacağına əminliyini ifadə edib.
Sonra Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin nümayəndəsi Teymurlan Şabanov, KOBİA-nın idarə heyətindən Teymur Cəfərov, Kocaeli Səhiyyə və Texnologiya Universitetinin rektoru Muzaffer Elmas, İstanbul Texniki Universitetinin professoru Sema Erentürk, Respublika Rəssamlar İttifaqının üzvü Qasım Qasımov çıxış ediblər.
Konfransın plenar iclasında İsveçin Linnaeus Universitetinin professoru Alastair Şelmanın, Cənubi Koreyanın Milli İnformasiya Texnologiyaları Sənayesinin Təşviqi Agentliyinin eksperti Byung Chang Yullun, Belarusun Vitebsk Dövlət Texnologiya Universitetinin nümayəndəsi Yelena Vankeviçin, Bosniya və Hersoqovinanın Bihac Universitetindən Ajna Jodanoviçin, Azərbaycan Dövlət İqtisad Universtetindən Fazil Vəliyev və Azərbaycan Texnologiya Universitetinin professoru Cahangir Hacıyevin məruzələri dinlənilib.
Tədbir sonra 8 istiqamət üzrə panel iclaslarla davam edib.
Qeyd edək ki, konfransın məcmuələr toplusuna 30-dan çoxu xarici ölkələrdən olmaqla ümumilikdə 150-dən artıq tezis salınıb.