Logo

"Məntiqli nitq, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi"

12.12.2022 11:51 639 baxış
IMG

“Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”.

Bu sözlərin müəllifi ulu öndər Heydər Əliyevin tarixə böyük siyasi lider, dövlət xadimi kimi düşməyi ilə bərabər, XX əsr Azərbaycan siyasi natiqliyinin, nitq mədəniyyətinin təşəkkül tapmasında da rolu əvəzedilməzdir.

Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi bir daha təsbit edildi. 2001-ci ilin 18 iyununda Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçdi. 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünya liderləri içərisində, o cümlədən türk dünyasında ulu öndər Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran rəhbər olmayıb.

Heydər Əliyevi dinləyərkən, onun əsərlərini oxuyub dərindən təhlil edərkən bir daha əmin olursan ki, müstəqilliyin ali məqsədi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunması, xalqın özünü dərk etməsi, öz mənliyinin sahibi olmasıdır. Mənəviyyatın qorunması üçün ən mühüm şərtlərdən biri iqtisadiyyatın inkişaf etdirilməsidir. İqtisadi tərəqqini təmin etmək üçün isə dövlətçiliyin möhkəmləndirilməsi lazımdır. Möhkəm dövlətçilik təməli isə ancaq ictimai-iqtisadi sabitlik şəraitində, beynəlxalq nüfuzun yüksəldilməsi və beynəlxalq ictimai-iqtisadi əlaqələr sisteminə daxil olmaq sayəsində mümkündür.

Bu gün bizim gənclərin şəxsiyyət kimi, gələcəyin lideri kimi formalaşmasında nitq mədəniyyətinə yiyələnməyin böyük rolu var. Natiqliyə nail olmağın yolu isə ana dilimizi mükəmməl bilməkdən, geniş biliyə və mütaliəyə malik olmaqdan keçir. Əsas olan – natiqlik sənətinə yiyələnmə yolundakı səbat, inaddır, çünki mahir natiq olmaq uğurlu insan olmağa oxşayır. Auditoriyalar qarşısında çıxış etməyə hazırlaşan insanlar müasir dinləyicilərin informasiya qəbul etmək qabiliyyətinin yüksək olduğunu bilərək, nitqlərində bəzi nüansları diqqətdə saxlamalıdırlar. Təbliğatçının söhbəti qısa, yığcam, aydın, anlaşıqlı, elmi cəhətdən qüvvətli olmalıdır, bir sözlə, mühazirələr, söhbətlər, çıxışlar həyatın tələbindən doğmalı, onun səsinə səs verməlidir. Natiqlik sənətinə aid olan bütün bu xüsusiyyətləri isə gənclərimiz Heydər Əliyevin nitq nümunələrindən əldə edə bilərlər.

Rüstəmova Kəmalə
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı fəalı

Xəbər lenti