Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərirdi.
Dahi liderimiz Heydər Əliyev deyirdi: “Təhsil millətin gələcəyidir. Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam…Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”.
1969-cu ildən başlayan tarixi mərhələdə Azərbaycanın bütün sahələrində özünü göstərən dəyişikliklər təhsil və elm sahəsindən də yan keçmədi. Təhsilə xüsusi dəyər verən Heydər Əliyev üçün bu, prioritet sahələrdən biri oldu. Azərbaycan böyük bir imperiyanın tərkibində idi. Buna baxmayaraq məhz Heydər Əliyevin yüksək şəxsi keyfiyyətləri nəticəsində Azərbaycanın öz yolu, öz planları var idi. Ötən əsrin 70-80-ci illərində təhsillə bağlı məsələlər daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, ciddi islahatlar həyata keçirilmişdir. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdır. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi.
Ulu Öndərin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş ittifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına şərait yaratmış və onun təşəbbüsü, birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir.
Təhsilin, elmin xalqın inkişafında rolu danılmazdır. Heydər Əliyev müstəqilliyimizin ilk illərindən başlayaraq sürətli iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünyaya inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuz sahibinə çevrilməsini əsas məqsəd kimi seçməklə bərabər ölkədə təhsil islahatları aparılmasının zəruriliyini də vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu Öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırki vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.
Məhz buna görə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqillik illərində də Heydər Əliyev elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamışdır. Təhsil strategiyasının tətbiqi məqsədilə bir sıra tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. 2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratmışdır. Bundan başqa “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli Sərəncamı da ölkədə təhsil sahəsində müstəsna əhəmiyyətə malik dövlət sənədidir.
İnkişafa gedən yolda uğurlar qazanmaq bir tərəfdən dünyanın sivil dövlətləri ilə diplomatik, sosial-iqtisadi, mədəni əlaqələrin qurulması, əməkdaşlıqla bağlıdırsa, digər tərəfdən də elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulmasıdır. Azərbaycan təhsilində köklü islahatların aparılması məhz Heydər Əliyevin başladığı yolla irəliləməklə böyük nailiyyətlər əldə edilmiş və bu gün də davam etdirilməkdədir.
Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ümumi təhsil müəssisələrində şagirdlərin dərsliklərlə təminatı sahəsində əhəmiyyətli addım atılmış, 1978-ci ildən şagirdlərin dərsliklərlə pulsuz təminatına keçilmişdi. Müstəqilliyin ilk illərində qısa fasilə yaransa da, 1994-cü ildən bu imtiyazı yenidən bərpa etmiş, hazırda bütün şagirdlər dərsliklərlə, müəllimlər isə tədris vəsaitləri ilə pulsuz təmin edilirlər.
Təhsil ölkənin əsas sütunlarından biri olmaqla, nəinki daxildə, eləcə də beynəlxalq aləmdə dövlətin rolunu müəyyən edən əsas amillərdən biridir. O, maddi-mənəvi dəyərlərin və strateji gücün göstəricisidir. "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”- deyən Heydər Əliyev müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul etmiş, onlara hər zaman dövlət qayğısının göstərilməsi, fəxri adların verilməsi ilə əlaqədar mühüm sənədlər imzalamışdır.
Ümummilli Lider elə bir təhsil strategiyası başlatmışdır ki, o, artıq bu günümüzdə də öz real təzahürünü göstərməkdədir. Bu sahəyə xüsusi həssaslıqla yanaşan Heydər Əliyev öz çıxışlarında dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulamışdır:“Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Ulu Öndər dövlətimizin qarşısında duran əsas vəzifələri müəyyənləşdirərkən azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini hər zaman önə çəkmiş və hamını bu dəyərləri qorumağa çağırmışdır.
Günümüzün reallıqları sübut edir ki, həyatımızın bütün sahələrində olduğu kimi, Ulu Öndərin müəyyənləşdirdiyi təhsil siyasəti də hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət göstərir.
Dünya miqyasında böyük nüfuz qazanmış dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri saysız-hesabsızdır. İllər ötəcək, nəsillər bir-birini əvəzləyəcək, xalqımız Ulu Öndəri hər zaman fəxrlə, hörmətlə yad edəcək, onun ideyalarını davam etdirəcək. Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandıracaq.
Dilrubə SƏRDARQIZI