Logo

Kəlbəcərdə dillənən sazım, Ağdamda ötən muğamatım – Qarabağ!

13.12.2022 00:10 496 baxış
IMG

Azərbaycanın mərkəzində zəngin bitki və torpaq örtüyünə, qiymətli qoruq və yasaqlıqlara, bol sulu çaylara – bir sözlə zəngin və füsünkar təbiətə, ecazkar fauna və floraya malik Qarabağ adlı cənnətməkan yerləşir.

Həm də bu yeri elmimizin, musiqimizin də mərkəzi saymaq olar. Özünün Qarabağ xalçaları, atları, mətbəxi, abidələri ilə zəngin olan bu diyarın adının ən dolğun etimologiyası "Böyük bağ", "Qalın bağ" mənasındadır.

Vaxtilə Qarabağda yaşamış Əliş adlı bir kişidən qalan xatirələrdə Qarabağın təbiəti belə təsvir olunurdu: "Qarabağda hədsiz dərəcədə çoxlu qalın meşələr olub, hətta o qədər sıx meşələr olub ki, orada uçan quşu belə əlini uzadaraq rahatlıqla ayaqlarından tuta bilərdin".

Dünya alimlərindən biri Azərbaycanı təbii muzey, Qarabağı isə muzeyin ən unikal hissəsi adlandırmışdır. Muzey demişkən, yeri gəldiyi üçün bir məqamı da qeyd edim ki, hazırda dünyanın ən məşhur: Vaşinqtonun Metropoliten, Parisin Luvr, Londonun Viktoriya və Albert, Romanın, Berlinin, İstanbulun, Qahirənin, hətta Tehranın muzeylərində Qarabağa məxsus zəngin  kolleksiyalar, eksponatlar sərgilənir. Bir tərəfdən bu mənzərə xoş görünsə də digər tərəfdən isə xalqın mirasının həmin muzeylərdə sərgilənməsinin ağrılı tərəfi hər kəsə bəllidir. 

Xalqın mirasını çiyinlərində daşıyan, talayan xain qüvvələr, ancaq bu millətin mənəvi gücü altında əzilmiş, onun qədim və tarixi kökünə, milli kimliyinə təsir göstərə bilməmişlər. 

“Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilən Qarabağ nəinki Azərbaycanın, həmçinin də dünyanın ən qədim tarixə malik olan ərazisidir. Bu ərazidə ilk dəfə olaraq 18-ci yüzilliyin ortalarında "Qarabağ xanlığı" adında müstəqil dövlətimiz yarandı. Acı təəssüflə qeyd etmək lazımdır ki, əsasını Pənah xanın qoyduğu Qarabağ xanlığı sonradan şimaldan rusların, cənubdan qacarların hücumları və daxildəki düşmənlərin xəyanəti, satqınlığı ilə öz əzəmətini itirmiş, "Kürəkçay", "Gülüstan" və "Türkmənçay" müqavilələri ilə xanlığın başını qara dumanlar almış, sonradan isə xanlıq ləğv olunmuşdur. Bundan sonra bu ərazilərə ermənilərin köçürülməsi başlamışdır. Bu isə Qarabağda ermənilər və Türk-Azərbaycan əhalisi arasında say nisbətində köklü şəkildə dəyişikliyə gətirib çıxarmışdır.

Ali Baş Komandan İlham Əliyev İtaliyanın məşhur “La Repubblica” qəzetinə müsahibə verərkən Qarabağda ermənilərin məskunlaşma məsələsinə: "200 il bundan əvvəl orada, ümumiyyətlə, erməni yox idi. Çünki mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə – 1805-ci il “Kürəkçay”, müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilmişdilər”, – deyərək dünya ictimaiyyətinə bir daha həqiqətləri çatdırmışdır.
Görünən də odur ki, planlı şəkildə Qarabağa gətirilən ermənilər dini və etnik tərkibi dəyişməklə bərabər, hətta islamaqədərki alban məbədlərinə, o dövrün tarixinə belə vandal münasibət göstərmişlər. Aquen məbədini, Qandzasar monastrını hərbi baza kimi istifadə edən ermənilərin bu vəhşiliyi isə bilavasitə bəşəri cinayətdir. Bununla belə 5 dünya, 393 ölkə əhəmiyyətli olmaqla 547 abidə, 22 muzey, 927 kitabxana, 808 klub müəssisəsi, 85 musiqi məktəbi, 12 monument, 4 şəkil qalereyası, 10 mədəniyyət və istirahət parkı, 4 dövlət teatrı və 2 konsert müəssisəsi dağıtmış, yandırmış və qarət edərək Ermənistana daşımışlar.

Ümumiyyətlə, ermənilərin Qarabağa köçürülməsi ilə xalqımızın tarixinin qara səhifələri yazılmış, talehinin isə qaranlıq günləri başlamışdır. Ancaq xalqı bu qaranlıqlardan xilas edərək ağ günlərə çıxırmağa çalışan əbədiyaşar rəhbər Heydər Əliyev hakimiyyətinin bütün illərində Qarabağın işıqlı sabahını, orada yaşayan həmvətənlərinin taleyini düşünmüşdür. Hakimiyyətinin ilk illərindən Heydər Əliyev həyatının, fəaliyyətinin əsas qayəsindən biri də ermənilərin Dağlıq Qarabağa olan haqsız iddialarına son qoymaq, onların məkrli fəaliyyətinə qarşı mübarizə aparmaq, ermənilərin bu diyara olan əsassız iddialarının qarşısını almaq olmuşdur. Hətta müəyyən vaxtlarda Qarabağda baş qaldıran erməni təxribatlarının da qarşısı vaxtında alınmış, terrorçu qruplar zərərsizləşdirilmişdir.

Sovetlər dönəmində Bakı-Xankəndi dəmir yolu xəttinin çəkilməsi, Azərbaycan Pedoqoji Universitetinin Xankəndi filialının açılması və 1978-ci ildə ermənilərin Dağlıq Qarabağa sonradan gəlmə olduqlarını sübut etmək üçün Xankəndində onların bu diyara köçürülməsinin 150 illiyini sübut edən abidənin qoyulması dahi rəhbər Heydər Əliyevin xalqı üçün gördüyü ən böyük və taleyüklü məsələ idi. Bununla həm də Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasının qarşısını aldı və ermənilərin yersiz torpaq iddialarına cavab vermiş oldu. Bu gedişat qara qüvvələri narahat edirdi. Qaraçılardan, daha dəqiq “qəddar ürəkli” adlandırılan köçəri tayfadan əmələ gələn (XIX əsrin erməni tədqiqatçılarının fikirləridir) ermənilər yaranmış demoqrafik vəziyyətdən öz xeyirləri naminə istifadə edərək, himayədarlarının dəstəyi ilə Azərbaycanda görülməmiş qəddarlıqlar, terror hadisələri törətdilər. Sonrakı illərdə isə Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi ermənilərin terror qruplaşmaları tərəfindən işğal edildi. Azərbaycan xalqı Moskvadan asılı qalan müti siyasətçilərin, qardaş qırğını törədən hərbi birləşmələrin və bir də əzəli düşməni olan ermənilərin müsibətləri odunda yanıb kül olmaq təhlükəsi ilə üz-üzə qalan bir vaxtda xalq olaraq birləşib dönüş yarada bildilər. Xalqın tələbi Heydər Əliyevi yenidən hakimiyyətə qaytardı. Xalq gücünə rəhbəri ilə güc qatdı. Qarşıda isə görüləsi işlər çox idi. Yalnız Azərbaycan xalqının özünə inamını qaytardıqdan sonra Qarabağı düşmən caynağından azad edib, geri qaytarmaq olardı. Bunun üçün ictimai-siyasi sabitliyin təmin edilməsi mütləq idi. Ən vacibi isə güclü ordunun təşkili və  ölkənin inkişafını təmin edəcək strateji planların cızılması və həyata keçirilməsi oldu.
Heydər Əliyevin müdrikcəsinə müəyyən etdiyi inkişaf yolunu, uğurlu siyasətin parlaq davamını Prezident İlham Əliyev böyük məharətlə, yüksək elmi, hərbi, siyasi bacarıqla davam etdirdi. 

Hələ 15 il bundan öncə Ali Baş Komandan İlham Əliyevin söylədiyi: "İşğal olunmuş Azərbaycan torpaqlarından söhbət gedəndə Ermənistan hökuməti bilməlidir ki, heç bir güzəştə yol verilməyəcək" - sözləri öz təsdiqini 27 sentyabrdan başlayan Vətən savaşımızın 44 günündə tapdı. Ali Baş Komandanın qətiyyəti, ordumuzun qüdrəti, xalqın birliyi ilə ərazi bütövlüyünü təmin edən Azərbaycan qara bəxtli Qarabağı da ağ günə çıxartdı. 


Əsgər İsmayılov

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti