Yazıçının, sənət adamının acınacaqlı durumu, çətinliklərlə üzləşməsi, sosial durumunun aşağı olması ilə bağlı cəmiyyət tez-tez qınanır.
Ən çox istifadə edilən ifadə, “bu boyda yazıçı, bu böyüklükdə sənəntkar niyə yaxşı yaşamamalıdır?” –olur. Gəlin belə bir sual qoyaq: hansısa yazıçı, rəssam, yaxud bəstəkarın həyat şərtlərinin çətin olmasında xalq günahkardırmı? Axı biz yekdilliklə kapitalizmə səs vermiş, bu yaşamı seçmişik.
Deməli, hamı bacardığı qədər çalışmalı, qarşılığında da yaşayış şərtlərini yaxşılaşdırmalıdır. Daha bir sual, “məgər yazıçı, şair, rəssam, bəstəkar və başqa sənət adamları hansısa daş daşıyan fəhlədən artıqdır?” – sualıdır.
İlk olaraq deyim ki, xeyr, hər ikisi insandır, hər ikisinin də normal şərtlərlə yaşamağa haqqı çatır. Bəs onda niyə ayrıseçkilik edib isti sobanın kənarında oturub yazan, zövünə uyğun mahnı bəstələyən, ürəyindən keçən, könlü istəyən tablonu çəkən şəxslə isti-soyuq demədən ailəsini dolandırmaq üçün canını dişinə tutub gecə-gündüz çalışan şəxs arasında fərq qoymalıyıq? “Hamı haqqı olan həyatı yaşayır” – deyirlər. Məgər əli qabarlı fəhlənin rahat həyata haqqı çatmır?!
Gedişata hərə öz pəncərəsindən baxır, özünü haqlı bilir. Heç kimdən xalq, millət xahiş etmir ki, sən yazıçı ol, şair ol, rəssam ol... Hərə öz yolunu özü seçir, yaxud bacarığına görə o yolu tutur.
Alınmayanda da başlayır xalqı, milləti günahlandırmağa ki, sizin üçün çalışıram, sizsə mənə dəyər vermirsiniz. O zaman sual yaranır: Niyə bütün peşə sahibləri bu cür yanaşmasın? Məgər müəllim, həkim, polis, traktorçu, əkinçi xalq üçün çalışmırmı? Şəxsən, hansısa rəssama, yazıçıya, şairə, bəstəkara, jurnalistə dövlət hesabına maddi dəstək göstərilməsini anlamır və düzgün hesab etmirəm. Axı niyə?! Əkinçi əkib-biçməsə, ac qalmarıqmı? Müəllim insan yetişdirməsə, gələcək kor olmazmı? Hələ yanğınsöndürən özünü oda atmasa...
Şair, yazıçıdır olanda nə olasıdır?... Sənət peşədən daha çox könül işi, mənəvi qidadır – yaradan üçün də, istifadə edən üçün də. Sənin yaratdığından istifadə edənlər qarşılığını vermirlərsə, bu da sənə sərf etmirsə, dəyərini almırsansa, yazı-pozunun, yaradıcılığın daşını at, get, başqa işlə məşğul ol.
Yox, sənə belə xoşdursa, xoş sözlərlə mənəvi qarnını doldurmaq kifayət edirsə, heç kimi günahlandırmağa haqqın yoxdur. Bundan istifadə edib, “Sənət adamları acından ölür. Onlara dəstək olaq” – deyənlərinsə heç haqqı yoxdur. Hərə özünə çarə qılmağı bacarmalıdır. Necə? Gəlin deyim...
Doğulduğumuzdan bu günə qədər mübarizəyə yönləndirilmişik. Bəzilərimiz elə böyüdülürük ki, dünyanı dərk etmir, utopik və romantik şəkildə formalaşır, bu əzablı dünyanın gərdişindən baş aça bilmir, güclülərin əlində əzilirik. Burada hansısa sənət və ya peşə adamı fərqi yoxdur, bütün insanlıq belədir. Əgər cəmiyyət formalaşdıranda çevik zəkanı, məntiqi, dünyagörüşünü düzgün aşılaya bilsək, insanlıq bu problemləri yaşamaz.
Bu isə təhsildən keçir, təhsilli insan bilir ki, kitab oxumaq, filmə baxmaq, teatra getmək, sərgilərdə iştirak etmək vacibdir. O zaman kitab alanın da sayı çox olacaq, dəyərli sözə, sənətə qiymət də veriləcək. Bu da, “Yaxşı söz, yaxşı əsər yaxşı qiymətə satılacaq” – deməkdir. Yaxşı, bəs bu mümkündürmü? Bəli, mümkündür. Bunun üçün dövlət siyasətinin əsas xəttini maarifçilik təşkil etməlidir. İnsan kapitalına ciddi sərmayə ayrılmalı və bu vəsait düzgün xərclənməlidir ki, istədiyimiz cəmiyyəti formalaşdıra bilək. Yoxsa bir nəfər yaxşı roman yazsın, yaxud möhtəşəm tablo işləsin, ondan sonra da bütün fəaliyyətsizliyinə, əməllərinə rəğmən dövlət qayğısı ilə əhatələnsin, kef çəksin. Belə olmaz...
Mən də söz adamıyam. Yazıram, yaradıram, həm öz zövqüm üçün, həm də kimlərisə maarifləndirmək, bilgiləndirmək üçün. Bu lazımdırmı? Əlbəttə, lazımdır. Bunu mənə kimsə tapşırıbmı? Əlbəttə, yox. Buna görə mənə təşəkkür etməlidirlərmi? Qətiyyən. Heç kimin belə öhdəliyi yoxdur.
Cəmiyyətin formalaşması üçün söz adamına da, sənət adamına da çox böyük ehtiyac var, həmişə də olacaq. Yenə qeyd edirəm, bu vacib əməl sahiblərini tərifləyib adını Aladağa çıxarmaq cəmiyyətə düşsə də, heç kim onu boynuna alıb daşımağa məcbur edilə bilməz. Çünki dünya elə dünyadır ki, hamını öz canını, ailəsini saxlamaq, qorumaq üçün qarışqa kimi işləməyə sövq edir.
Heç kimin heç kimə borcu yoxdur. “Mən xalqım üçün çalışıram” – deyənlərin əksəriyyəti səmimi deyil. Hamı birinci növbədə özü üçün çalışır. Lap istəyir, belə peyğəmbər olsun. Nənəm həmişə deyərdi ki, peyğəmbərlər də odu birinci öz qabağına çəkib. Ən əsası, özün üçün çalışanda xalqa, millətə də faydalı ola bilirsənsə, deməli adamlıqdan insanlığa doğru addım atmağı bacarmısan.
Vəssalam!
Şəmil Sadiq