Keçən əsrin əvvəllərində Sovet İttifaqında kütləvi savadsızlığa qarşı mübarizə çərçivəsində Azərbaycan SSR-də türk, erməni, talış və sair dillərdə təhsil verilməyə başlanıldı.
Latın qrafikalı əlifba əsasında uşaqlar və yaşlı adamlar ümumtəhsil fənlərini dil və ədəbiyyatları ilə yanaşı, ana dilində öyrədilməyə başlanıldı. Lakin qısa müddət sonra Sovet İttifaqqının pedaqoqları bunun qeyri-effektiv olduğunu görüb müttəfiq respublikaların dövlət dillərində və rus dilində təhsilə keçdilər. Lakin Sovet İttifaqının dağılmasına 2 il qalmış ittifaqdakı xalqların ana dillərinin tədrisi qərara alındı. Müttəfiq respublikalar müstəqil olandan sonra Rusiya Federasiyası qeyri-rus xalqların dil-ədəbiyyat və tarix-mədəniyyətlərinin tədrisi üçün 2 fənni tədris planına salmaqla ölkə təhsilindəki milli məsələsini tam həll etdi.
Bu dövlət dünyada yeganə dövlətdir ki, öz milli məsələsini, təhsil də daxil olmaqla tam həcmdə həll edə bilmişdir. Ölkəmizdə də eyni zamanada, yəni sovet dövründən köklü xalqların yalnız dillərinin həftədə 2 saat olmaqla tədrisi formal olaraq həyata keçirilir. Lakin bu ləzgi dili üçün bu I-IX siniflərdə, ancaq talış və digər dillərdə yalnız I-IV siniflərdə həyata keçirildi. Xalqların ədəbiyyatı, tarixi və mədəniyyəti isə ümumiyyətlə tədris prosesindən kənara qaldı. Son illər isə həftədə 2 saat olmaqla tədris edilən köklü xalqların dilləri 1 saata endirildi. Sayları heç də digər xaqlardan az olmayan millətlərin ana dillərinə bu fərqli münasibəti isə heç cür anlamaq olmadı.
Bu azmış kimi bu xalqların dillərinin tədrisi üçün nəzərdə tutulan dərsliklər də bəziləri üçün tam şəkildə, bəziləri üçün isə natamam formada çap edilib. Bu dərsliklərin çapından az qala 20 il keçməsi və onların yalnız arxivdə tapmağın mümükünlüyü barədə isə danışmağa dəyməz...
Bəzi millətçi müxalifət fəalları və xalqların millətçi nümayəndələri ümumtəhsil məktəblərində tədris dilinin ana dilində olmasının vacibliyi barədə şüarlar verirlər. Xüsusən İrandakı ermənilərin ana dilində təhsil hüququ ilə yanaşı, oradakı türklərə də eyni hüququn verilməsini tələb edirlər. Hansı ki bu insanların özləri və övladları rus sektorunda, ölkədəki əsasən xarici dildə təhsil verən özəl məktəblərdə və xarici ölkələrdə təhsil alırlar.
İrandakı türkə və ya Azərbaycandakı talışa ana dilində təhsil almaq hüququ verilsə, hansı axmaq təhsilinin sonrakı pilləsində və karyerasını qurmaqdakı çətinlikləri gözünə alıb bu imkandan istifadə edəcək?
İrandakı ermənilər və digər xalqlar dini azlıq kimi bu hüquqdan istifadə edirlər. Məsələn, zərdüştülərin dili fars olsa da, onlar da dini azlıq kimi bu cür xüsusi məktəblərdən istifadə edirlər. İrandakı ermənilərin indiki Ermənsitanla heç bir bağlılıqları yoxdur, onların ədəbi dillərinin də bu dövlətlə bir bağlılıqları yoxdur. Lakin İrandakı türklərin oradakı digər müsəlman xalqlarla nəinki məzhəbi, hətta etnik bağlılıqları var, ədəbi dilləri isə mövcud deyil.
İrandakı erməni və sair dini azlıqlar digər İran vətəndaşlarına verilən bütün hüquqlardan istifadə edə bilmir və onlara karyera qurmaq üçün bir-çox qapılar bağlıdır. Hətta onlar arzulasalar belə ümumi məktəblərdə təhsil ala bilməzlər. Necə ki Gürcüstandakı azərbaycanlılar ana dilində təhsil aldıqları üçün məcburən karyeralarını Azərbaycanda qurmağa məcbur olur və oradakı kəndlər boşalır.
“Didaktika” adlı əsəri ilə "pedaqogika" elminin əsasənı qoyan keşiş Komenski ilk əvvəl bu əsəri ana dili olan çexcə yazır və sonradan əsəri almanca tamamlayır. Məhz bu əsərin almanca yazılması yeni bir elmin yaranmasına, Komenskinin isə dünyada tanınmasına səbəb oldu. Millətçi ünsürlər və siyasi dələduzlar bilməlidirlər ki, özlərinə rəva bilmədiklərini digərlərinə rəva görmək olmaz. Azərbaycandakı köklü xalqların millətçi olmayan nümayəndələri ana dillərinin və ədəbiyyatlarının I-IX siniflərdə həftədə 2 saat, tarix və mədəniyyətlərinin isə 1 saat tədrisini arzulayır və bunu konstitusiyon hüquq kimi dövlətdən tələb edirlər.
Ara qarışdırmaq istəyən və ya siyasi xal qazanmaq istəyənlərin fikirlərini ciddi qəbul edən yoxdur. Beləliklə, Azərbaycandakı köklü xalqlar dövlət dilində təhsil almalı, yalnız ana dilləri, ədəbiyyatları, tarix və mədəniyyətləri bir fənn olaraq onlara tədris edilməli, bu fənləri tədris etmək üçün dərsliklər çap edilməli və pedaqoji kadrlar hazırlanmalıdır.
Rabil Abdinov