Astronomlar iki fərqli səthə malik ağ cırtdan ulduzunu kəşf ediblər. Ulduzun səthinin bir hissəsi heliumdan, digəri isə hidrogendən ibarətdir. Adətən ulduzların səthinin təşkil olunduğu elementlər bərabər paylanır. Lakin astronomların aşkar etdikləri ulduz iki müxtəlif elementlərdən ibarətdir.
Tehsil.biz xəbər verir ki, bu barədə "Nature" jurnalında dərc olunmuş məqalədə məlumat verilib. Bu kəşf alimlər arasında geniş müzakirələrə səbəb olub. Belə ki, ağ cırtdan ulduzların atmosferində adətən hidrogen və ya helium üstünlük təşkil edir. Bu halda, əsas element digərindən təxminən 1 000 dəfə çox olur.
Lakin astronomların bu yaxınlarda kəşf etdikləri ağ cırtdan bu təsvirə uyğun deyil. Belə ki, ağ cırtdanın yarısı tamamilə hidrogendən, digər yarısı isə heliumdan ibarətdir.
Ağ cırtan ulduzu gecə səmasında obyektləri müşahidə etmək üçün nəzərdə tutulmuş "Zwicky Transient Facility" observatoriyasının köməyi ilə aşkar edilib.
Alimlər qeyd edirlər ki, ağ cırtdan fırlandıqda öz parlaqlığını dəyişdirir. Spektrometrin köməyi ilə aparılan sonrakı müşahidələr, ulduzun səthində parlaqlığın dəyişməsi ilə korrelyasiya edən kəskin fərqi göstərib.