Logo

Əl ilə – qələmlə yazının əhəmiyyəti

25.07.2024 10:06 914 baxış
IMG

Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin aparıcı mütəxəssisi Fatma Quliyevanın “Əl ilə – qələmlə yazının əhəmiyyəti” adlı məqaləsini təqdim edirik.

Məqalədə əl ilə – qələmlə yazının uşaqlarda kiçik motorikanın inkişafı ilə yanaşı, idrak prosesinə də müsbət yöndə təsirindən bəhs edilir.

Aşağıdakı keçidə daxil olmaqla məqaləni oxuya bilərsiniz:

 

Əl ilə - qələmlə yazının əhəmiyyəti

“Uşağın ağlı barmaqlarının ucundadır”                                                          ( V.A.Suxomlinski)

Uşaq böyüdükcə, əzələ kütləsi artdıqca onun inkişaf edən funksiyalarından biri də yazı yazmaq bacarığı olur. Öyrəndiyimiz biliklərin, tətbiq və riayət etdiyimiz qayda-qanunların əsası yazıb-oxumaqla bağlıdır. Uşaqların yazı yazarkən meydana çıxan səhvlərini həmin anda düzəltmək keyfiyyətli öyrənmə üçün olduqca vacibdir . Yazmaqla öyrənmək arasındakı əlaqəni italyan yazıçısı və filosofu Umberto Eko belə ifadə edir: “Həyatda qalmaq üçün hekayələr anlatmaq gərəklidir, bu hekayəni anlatmaq üçün isə praktik nə isə yazmaq gərəklidir”. Yazdıqlarımızla fikirlərimizi bölüşür, öyrəndiklərimizi çatdırır, həyatda daha böyük hədəflərə çatmaq üçün düzgün addımlarla irəliləyirik. Oxumaq və yazmaq anadangəlmə vərdişlər deyildir. Onlar sonradan yaranır və ali sinir fəaliyyəti ilə idarə olunur. Bu fəaliyyət dayaq hərəkət aparatının mühüm biomexaniki xassəsi (oynaqların iki-üç oxlu, çox şöbəli və azad dərəcəli olması) ilə yanaşı əl barmaqlarının dərisində yerləşən sinir uclarının; sinir sisteminə, əzələlərə impuls aparan sinir liflərinin; mərkəzi sinir sistemində gedən analiz-sintezin və duyğu orqanlarının (əl barmaqlarının dəqiq hərəkətlərini görüb yadda saxlayan gözlərin) koordinasiya olunmuş işinin inkişaf səviyyəsindən asılıdır. Əl ilə – qələmlə yazmaq müxtəlif vəziyyətlərə tez və asan uyğunlaşan bacarıqdır. Uşaq hərfləri yazan zaman müxtəlif hərəkətlər edir. Bu hərəkətlərin hər biri müxtəlif qıcıqlardır. Qıcıqlar beyində analiz-sintezə və nəticədə beyinin çalışmasına səbəb olur. Uşaq yazarkən hər hərfin şəkili ilə yazılış formasını əlaqələndirir, birləşdirir, onun beyinə həkk olunmasını asanlaşır. Bu zaman müxtəlif barmaq hərəkətləri beyin qabığında bir-birinə yaxın məsafədə yerləşən diqqət, hafızə, düşünmə və nitq mərkəzlərini hərəkətə gətirir. Bu isə həmin mərkəzlərdəki neyronların sinapslar (məlumatların bir neyrondan digər neyronlara ötürməsinə imkan verən xüsusi qovşaqlardır) vasitəsilə yaratdığı neyron şəbəkəsinin genişlənməsinə, güclənməsinə, sürətlənməsinə və əqli fəaliyyətlərin davamlı inkişaf etməsinə səbəb olur. Məşhur alman alimi İmmanuel Kant əlləri “baş beyin yarımkürələrinin görünən tərəfləri” adlandırmışdır. Mütəxəssislər yazı yazmağın sinaptik torun, neyron şəbəkəsinin inkişafındakı rolunu göstərmək üçün müxtəlif tədqiqatlar aparmışdılar. İndiana Üniversitetinin (ABŞ) apardığı bir araşdırma çox maraqla qarşılanmışdır. Alimlər bir qrupda uşaqlara hərfləri yazdıraraq öyrətmiş, digər qrupdakı uşaqlara isə sadəcə hazır hərfləri göstərərək öyrətmişlər. Müəyyən müddətdən sonra hər iki qrupun iştirakçıları beynin aktivliyini ölçən xüsusi bir EEQ cihazına yerləşdirmiş və öyrətdikləri hərfləri onlara göstərmişdilər. Bu zaman birinci qrupun iştirakçılarının beynindəki sinir hərəkətlərinin digər qrup iştirakçılarına nisbətən artdığı müşahidə edilmişdir. Alimlər bu təcrübə ilə bir daha sübut etmişlər ki, yazı fəaliyyəti beyində ifraz olunan, sinir hüceyrələri arasında əlaqə yaradan, beyinə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürən, yəni sinaps şəbəkəsini inkişaf etdirən dopamin (beyin tərəfindən təbii olaraq sintez olunan kimyəvi maddə) hormonunun sintezini sürətləndirir. Texnologiya inkişaf etdikcə qələmlə yazını kompüterlə yazmaq əvəz edir. Bu cür klaviatura yazısı yayıldıqca əl ilə – qələmlə yazmaq yavaş-yavaş gündəlik həyatımızdan çıxmağa başlayır. Qələmlə yazmağa çətinlik çəkənlər rahat şəkildə klaviaturada yazmağa üstünük verirlər. Bəzi mütəxəssislər müasir texnologiyaların üstünlüklərinə istinad edərək xəttatlığın az qala muzeylərdə nümayiş edildiyi dövrdə uşaqlara hüsnxətt, əl ilə yazı yazmağı öyrətməyin mənasız olduğunu əsaslandırmağa çalışırlar. Onlar rahat şəkildə klaviaturada yazmaq mümkün olduğu halda, uşaqların qələmlə yazmağını vacib hesab etmirlər. Lakin, tədqiqatçı alimlərin müxtəlif sinif şagirdləri arasında apardıqları müşahidələr sübut etdi ki, qələmlə yazmaq beyni, düşünmə və yaradıcılıq qabiliyyətini daha da inkişaf etdirir. Vaşinqton Wisconsin Üniversitetinin psixoloqu Virginia Berninger yazı yazarkən barmaq hərəkətlərinin beyinin düşünmə, nitq və hafızə mərkəzlərini hərəkətə gətirdiyini öyrənmək üçün 2-ci, 4-cü ve 6-cı sınıf şagirdləri arasında tədqiqatlar aparmışdır. Bir qrup şagirdlərə tapşırıqları qələm vasitəsilə, digər qrup şagirdlərə isə klaviatura vasitəsilə həll etməyi tapşırmışdır. Müşahidə nəticəsində məlum olmuşdur ki, tapşırıqları qələm vasitəsilə yerinə yetirən şagirdlər tez yazmaqla yanaşı fikirlərini və düşüncələrini daha aydın ifadə edirlər. Berningerin bu araşdırmaları qələmlə yazmağın uşaqların idrakı inkişafında daha təsirli olduğunu bir daha sübut etdi. Bartın Üniversitetininin Təhsil fakültəsinin dekanı prof. dr. Firdevs Günəş də, qələmlə yazmağın əhəmiyyətini öyrənmək məqsədilə müxtəlif tədqiqatlar aparmışdır. O, apardığı tədqiqatlarda belə bir nəticəyə gəlmiş və göstərmişdir ki, kompüterdə yazmaq vərdişi, yəni uzun müddət barmaqların klaviatura üzərində sürətli gəzməsi və bu zaman çıxan səslər uşaqlarda fiziki, zehni yorğunluq yaradır. Yuxarıda qeyd etdiyimiz hər iki tədqiqatçı ibtidai siniflərdə əsas diqqəti qələmlə yazmağa yönəltməyi məsləhət görür. Onlar göstərirlər ki, ilk olaraq qələmlə yazmaq səriştəsi formalaşdırıldıqdan sonra klaviaturada yazmaq öyrədilə bilər. Daha sonrakı illərdə hər iki bacarığın formalaşması üçün uşaqlara imkan və şərait yaratmaq, kömək etmək lazımdır. Yazı prosesinin düşünmə qabiliyyətini sürətləndirdiyini, düşüncələri gözoxşayan müxtəlif şəkillərdə ifadə etmə bacarığı qazandırdığını nəzərə alsaq, şagirdləri düşüncələrin “şəkilçəkənləri” adlandırmaq olar.

Fərqli zamanlarda və müxtəlif təqdiqatçıların apardığı araşdırmalar bir daha göstərir ki, qələm ilə yazı yazmaq insanın intellektual qabiliyyətini artırır, özünəinam hissini formalaşdırır, stressi azaldır, yaradıcılığı ortaya çıxarır, söz ehtiyatını artırır. Nə telefon, nə kompüter, nə də digər yazı yazma cihazları əl ilə – qələmlə yazmağı gündəlik həyatımızdan tamamilə sıxışdırıb, çıxara bilməz və çıxarmamalıdır. Çünki, qələmlə yazı yazmaq həyatımızdan çıxarılmayacaq qədər dəyərlidir.

 

Ədəbiyyat:

1. Q.Ş.Əbiyev, Y.N.Quliyev. Hərəki fəaliyyətin fizioloji əsasları. Dərslik. Bakı: AzDBTİA, 2019.

2. H.H.Əsədov, İ.U.Rəhimov, F.H.Əsədov. Uşaq orqanizminin anatomiyası və fiziologiyasının yaş xüsusiyyətləri. Dərslik. Bakı: “Təhsil”. 2008.

3. E.İ.Şəfiyeva, M. Ə.Həmzəyev. Psixofiziologiya. Dərs vəsaiti. Bakı: “Səda”, 1998.

4. Ю.И.Александров. Психофизиология. Учебник. Санкт-Петербург: «Питер», 2013.

 

ARTİ Əlavə təhsil xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsinin aparıcı mütəxəssisi Fatma Quliyeva

Xəbər lenti