Qanunvericilikdə nəzərdə tutulmuş qaydada vətəndaşların təhsil müəssisəsinə qəbul olunmaq, təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını sərbəst seçmək, dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq kimi hüquqları vardır. Vətəndaşların xarici ölkələrdə təhsilin hər hansı pilləsində təhsil alması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.
Bəzi hallarda vətəndaşlar sosial şəbəkə platformalarında və ya digər elanlarda, xüsusi razılıq (lisenziya) verilməmiş və akkreditasiyası olmayan təhsil müəssisələrinə qəbul olunarkən çağırışçılara müddətli həqiqi hərbi xidmətə möhlət hüququnun veriləcəyi barədə yanlış vədlərlə rastlaşırlar. Bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılan sözügedən məlumatlar həqiqəti əks etdirmir və gənclər arasında çaşqınlıq yaradır. Bu tipli məlumatların mediada, sosial şəbəkə platformalarında yayılmasını və təkrar tirajlanmasını yolverilməz hesab edirik. Vətəndaşlara informasiyanı bir neçə mənbədən dəqiqləşdirməyə, yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, saxta və yalan məlumatların təsirinə düşməməyə çağırırıq.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na görə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun verilməsi üçün həmin şəxslərin xarici dövlətlərdə əldə etdikləri müvafiq sənədlərin xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması sahəsində ixtisaslaşmış dövlət qurumu olan Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən tanınması tələb olunur. Tanınma zamanı müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və fəaliyyətinə dövlət lisenziyasının olması ümumi tələb kimi götürülür.
Agentlik tərəfindən xaricdə ali təhsil almaq istəyən, eləcə də xarici dövlətlərin ali təhsilə dair kvalifikasiyalarının tanınması üçün müraciət edən vətəndaşlara və onların ailə üzvlərinə çağırışlar olunaraq, müvafiq Qaydalara əsasən, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması), həmçinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələblərinin diqqətdə saxlanılması tövsiyə edilir.
Qeyd edək ki, Agentlik tərəfindən xaricdə təhsil alma ilə bağlı effektiv kommunikasiya strategiyası həyata keçirilir və ictimaiyyət operativ qaydada məlumatlandırılır.
Çağırışçılar yerli akkreditasiyası olmadığı və tanınma üzrə ümumi tələblərə cavab vermədiyi üçün ali təhsil sənədlərinə imtina verilmiş universitetlərin siyahıları ilə agentliyin internet səhifəsindən (tkta.edu.az) tanış ola bilərlər. İnternet səhifəsində yerləşdirilmiş məlumatlar mütəmadi yenilənir.
Həmçinin ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin internet səhifəsinin (enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla, həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür.