Logo

İnsanlara göz nuru bəxş edən novator alim - Zərifə xanım Əliyeva

15.04.2025 08:30 112 baxış
IMG

Ömrünü, bütün yaradıcılığını insanlara xidmətə həsr etmiş dəyərli insan, Azərbaycan, eləcə də dünya tibb tarixində iz buraxan görkəmli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyeva əsl Azərbaycan ziyalısının və xanımının bütün mənəvi dəyərlərini özündə cəmləşdirmişdir.

O nəinki Azərbaycan qadınlarına, bütün dünya qadınlarına nümunə ola biləcək nurlu simaya malik sədaqətli həyat yoldaşı, gözəl ana, işinə böyük məsuliyyətlə yanaşan həkim idi.

Zərifə xanım Əliyeva 1923-cü il, aprelin 28-də Azərbaycanın zəngin tarixə, əsrarəngiz gözəlliklərə malik dilbər guşəsində – Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Atası - Əziz Əliyev və anası - Leyli xanımın, eləcə də onların ulu baba və nənələrinin doğulduqları, böyüyüb boya-başa çatdıqları yer - tarixi Azərbaycan yurdu olan qədim İrəvan torpaqları olmuşdur.

Lakin sonralar hegemon dövlətlər vasitəsilə ermənilərin kütləvi şəkildə başqa ölkələrdən Qərbi Azərbaycan torpaqlarına köçürülmələri, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında məqsədli Ermənistan dövlətini yaratmaları bir müddətdən sonra yerli əhalinin – azərbaycanlıların ermənilər tərəfindən deportasiya edilmələrinə, məcburi qaçqın və köçkünə çevrilmələrinə səbəb oldu. O vaxtlar, yəni 1918-ci ildə Sankt-Peterburqdakı Hərbi Tibb Akademiyasında təhsil alan Əziz Əliyevin də ailəsi bu çətin məhrumiyyətlərlə üzləşdi. Diğər yerli ailələr kimi onların ailəsi də öz doğma yurd-yuvalarını məcburən tərk edib, əvvəl Arazın o tayına – Cənubi Azərbaycanın Ərəblər kəndinə, sonra isə Naxçıvanın Şahtaxtı kəndinə gəlib yerləşdilər. 1923-cü ildə, Zərifə Əliyevanın anadan olduğu il Əziz Əliyev ailəsi ilə birgə Naxçıvandan Bakıya köcmüş və burada Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olaraq bir vaxtlar Sankt-Peterburqda yarımçıq qalmış tibb təhsilini davam etdirmişdir. Elmə, təhsilə böyük önəm verməsi Əziz Əliyevin həyatında davamlı uğurlara yol açan bir cığır olmusdur. Məsuliyyəti, bacarığı, istedadı ilə fərqlənən Əziz Əliyev rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrdə çalışmış, yüksək intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdır.

Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, zəhmətsevərliyi, məsuliyyəti, xeyirxahlığı, nəcibliyi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, xalqa və Vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər Zərifə xanıma da təsir etmişdir. O, 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olmuş, institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1947-1949-cu illərdə Moskvada Ümum­ittifaq Mərkəzi Həkimləri Təkmilləş­dirmə İnstitu­tun­da diplomdan son­rakı hazırlıq fəaliyyəti nəticəsində oftal­molo­giya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmişdir.

Zərifə Əliyeva 1959-cu ildə fəlsəfə doktoru, 1976-cı ildə Moskvada yeləşən M.Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmlər doktoru dissertasiya­larını mü­da­fiə etmiş, 1977-ci ildə professor elmi adını almışdır.

1943-cü ildə Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi, 1960-1967-ci illərdə böyük elmi işçi, 1967-1985-ci illərdə Azər­bay­can Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafed­rası­nın müdiri vəzifələrində çalışmış Zərifə xanım Əliyeva işinin çətinliyinə baxmayaraq, böyük uğurlar əldə etmişdir. O, Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.

Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Görkəmli alim yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına da böyük əmək sərf etmişdir.

Zərifə xanım heç bir zaman gərgin işdən çəkinməmiş, böyük həvəslə çalışmışdır. Onun həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanların sağlamlığına göstərdiyi diqqəti, dinamik həyat mövqeyi ona dərin hörmət qazandırmışdır.

Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə, görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Zərifə Əliyeva həyatı boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həmçinin «Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin də üzvü idi.

Zərifə Əliyeva SSRİ dövründə ən mötəbər mükafat olan “Averbax” mükafatına (1981) layiq görülən ilk qadın idi. O, 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, elə həmin il “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzi akademik Zərifə Əliyevanın adı­nı daşıyır, Bakı şəhərində mərkəzi küçələrdən birinə akademikin adı verilmişdir.

Qeyd etmək yerinə düşər ki, Zərifə xanım Əliyeva həm də xoşbəxt xanım, xoşbəxt ana idi. Ulu tanrı onun taleyinə dövlət xadimi Əziz Əliyevin qızı, Ümummilli Lider səviyyəsinə yüksəlmiş dahi şəxsiyyət Heydər Əliyevin həyat yoldaşı və müstəqil Azərbaycan Respublikasının Prezidentinin, müzəffər Ali Baş Komandanın anası, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qaynanası olmağı yazmışdır. Məncə, bundan böyük xoşbəxtlik yoxdur.

Zərifə xanım Əliyeva alim, həyat yoldaşı, həm də ana kimi bütün vəzifələrinin öhdəsindən uğurla gəlir, hər bir işə sevgiylə yanaşırdı.

Əməkdar elm xadimi Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Zərifə xanım Əliyeva az yaşadı, lakin qısa bir tarixi əhatə edən həyatında çox böyük və əvəzsiz işlər gördü. Onun keçdiyi şərəfli və parlaq ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir.

Zərifə xanım Əliyevanın nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

İnsanlara göz nuru bəxş edən novator alim, qayğıkeş ana, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsini hər bir azərbaycanlı əziz tutur və böyük ehtiramla yad edir.

Könül HƏSƏNOVA,

ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent

Xəbər lenti