Logo

Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyi qeyd olunub

06.05.2025 14:13 90 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində universitetin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyi münasibətilə tədbir keçirilib.Tədbirdə universitetin rəhbər heyəti, NDU nəzdində kolleclərin rəhbərləri, Musiqi Kollecinin ilk məzunları və hazırda təhsil alan tələbələri iştirak ediblər.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbir Azərbaycanın milli musiqi ruhunu əks etdirən “Kompozisiya”, “Qala” rəqsi, Jenkinsin “Palladio”, Aşıq havası “Səməndəri”, “Bayatı-şiraz” rəngləri kimi ifalarla başlanıb və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Ardınca Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxışıyev, Anar Əlizadə və Emin Əliyevin birgə təşkil etdiyi rəsm sərgisinə və kompozisiyaya baxış olub.

Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva kollecin yarım əsrlik fəaliyyət dövründəki tarixi yolundan, bu gün əldə edilən uğurlarından, kollecdə fəaliyyət göstərən musiqi kollektivlərinin fəaliyyətindən danışıb.

Tədbirdə kollecin müəllim və tələbələrinin ifasında yubileyə həsr olunan “Naxçıvan” kantatası, Paul Mauriatın “El Bimbo”, Nizami Məmmədovun “Naxçıvanım”, Elza İbrahimovanın “Ötən günlərim”, Mehriban Əhmədovanın “Araz üstü şəhərim”, Emin Sabitoğlunun “Bağçamızdan keçmisən”, “Özümdən küsürəm”, “Dayan zaman” əsərləri dinlənilib. Eyni zamanda Oqtay Kazımının “Yaşayır insan”, Vasif Adıgözəlovun “Sahil boyu gəzirəm”, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, eləcə də Xanım İsmayılqızının “Dahi” əsərləri səsləndirilib.

Sonda Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov çıxış edərək Musiqi Kollecinin ötən 50 il ərzində bölgənin musiqi sahəsində inkişafına mühüm töhfələr verdiyini bildirib. O, kollecin həm ənənəvi musiqi irsinin qorunmasında, həm də gənc ifaçıların yetişdirilməsində əvəzsiz rol oynadığını vurğulayıb. Prorektor kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gənc musiqiçilərə daim yaradıcı axtarışda olmalarını tövsiyə edib.

 

 

 

 


 

Xəbər lenti