Logo

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

24.04.2024 11:28 236 baxış
IMG

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

Bu barədə "Tehsil.biz"ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi həmin ərazilərimizdə ilk dəfə olmaqla, aprelin 25-də Laçında “Laçında peşə öyrən!” adlı peşə yarmarkası keçirəcək.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçiriləcək yarmarka Həkəri çayının sahilində təşkil olunacaq.

Tədbirdə Laçında fəaliyyət göstərən işəgötürənlər tərəfindən Laçın şəhəri və Laçının Zabux kəndinin əhalisinə peşə istiqamətləri təqdim olunacaq. Həmçinin müxtəlif peşələr üzrə ustad-dərsləri keçiriləcək.

Xəbər lenti