Peşə, müəyyən təhsil yolu ilə əldə edilən sistemli bilik və bacarıqlara əsaslanan, insanlar üçün faydalı məhsul və ya xidmətlər istehsal etmək və bunun müqabilində mənfəət əldə etmək məqsədini daşıyan fəaliyyətlər məcmusudur.
Peşə təhsili isə sosial həyatın bütün sahələrində lazım olan (və ya vacib hesab edilən) peşələrdə ixtisaslı texniki kadrların hazırlanması üçün lazımi bilik və bacarıqların aşılandığı təhsil bazasıdır.
Deyə bilərik ki, bu təhsili bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, istehsal və xidmət sahələri üçün müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı həyate keçirilir.
Ölkələrin inkişaf və yüksəlməsində sənayeləşmənin əsas elementləri olan bilik, bacarıq və işgüzar vərdişlərə malik yüksək səmərəliliyin həyata keçirilməyə qadir ixtisaslı kadrların hazırlanması zəruri bir hala çevrilmişdir.
Fikrimizcə, ixtisaslı kadrların bilik və bacarığı iqtisadi (ümumilikdə) uğurun əsasını təşkil etdiyi söyləmək yerində olar. Peşə təhsilinin xüsusilə iki məqsədi mövcuddur. Bu, bir tərəfdən gənclərə uğurlu karyera yolu hazırlamaq, digər tərəfdən isə iqtisadiyyat üçün ixtisaslı kadrlar hazırlamaqdır. Bu gün hamıya məlumdur ki, dünya səviyyəsində sürətli texnoloji dəyişikliklərdə və struktur dəyişikliyində texniki peşə pəhsilinin rolu çox böyükdür.
Gələcəyimizin təminatı olan gənclərimizin maraqlarını, istedad və bacarıqlarını inkişaf etdirərək, lazımi bilik, bacarıq, davranış və birgə işləmək vərdişlərini mənimsəməklə həyata hazırlanmasında və ölkəmizin inkişafında onların mühüm bir amilə çevrilməsində peşə təhsili böyük imkanlar yaratmışdır.
Məhz yuxarıda qeyd olunan imkanlar və gənclərin əmək bazarının tələbləri çərcivəsində yetişməsi üçün peşə təhsili deyirik!
Hacıyeva Səbinə,
Rabitə və İnformasiya Texnologiyaları üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Dərs hissə müdiri