Logo

Tələbələr Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda istehsalat təcrübəsi keçirlər - FOTO

03.04.2024 14:20 217 baxış
IMG

BDU-nun Kimya fakültəsinin və ATU-nun kimya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir sıra laboratoriyalarında istehsalat təcrübəsi keçirlər.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasının dosenti Aybəniz Quliyeva tələbələrə emal prosesinə temperaturun təsiri və oksidləşmiş mis filizinin tərkibində olan bir sıra metalların müəyyən edilməsi haqqında məlumat verib.

Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə laboratoriyasının aparıcı elmi işçisi Yaqub Nağıyev tələbələrə müasir “Agilent technologies 7890B” xromotoqraf aparatından istifadə qaydaları və maddələrin analiz proseslərinin aparılması haqqında danışıb.

Daha sonra tələbələr Ekoloji kataliz laboratoriyasının böyük elmi işçisi Bilqeyis İsmayılovanın təqdimatında praktikada istifadə olunan metal katalizator növlərinin strukturu, xüsusiyyətləri və ən son metodlar haqqında məlumatlarla tanış olublar.

Sonra Monooksigenaz reaksiyalarının modelləşdirilməsi laboratoriyasında katalitik oksidləşmə proseslərinin aparıldığı axınlı reaktora malik laboratoriya qurğusunun quraşdırılması ilə tanış olan tələbələr, qaz fazalı ilkin xammalın və maye halda H₂O₂ məhlulunun reaktora daxil edilməsi və onların sürətlərinin tənzimlənməsi prosesini maraqla izləyiblər.

Sonda Nadir metalların kompleks birləşmələri laboratoriyasında aparıcı elmi işçi dosent Şahnaz Qəhrəmanova tərəfindən neytral mühitdə 2 valentli Mn kompleksinin alınma prosesi əyani olaraq tələbələrə göstərilib

Eyni zamanda, qonaqlar Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar laboratoriyasında ərimə-qarışdırma üsulu ilə müxtəlif qatılıqlarda bentonit-polipropilen və bentonit-polietilen kompozit materiallarının sintezi prosesində iştirak ediblər.

Xəbər lenti