Zülfüqar müəllim də Kəlbəcər dağları kimi ağrı-acını, dərd-səri başı uca qarşılayardı...
Kəlbəcər doğma insanlarından bir qərinəlik zaman ayrılığı yaşadı. Bu qərinəlikdə bir qəribəlik də var idi. Bu elin adamlarının şəhadət barmağı xaric nota toxunmadı, könül simləri pas atmadı, kökdən düşmədi. Onlar "Baş sarıtel"ə, "Ruhani"yə köklü qaldılar, köklərində qaldılar.
Davranışlarında “Köhnə İrfani” kimi ağır oturar, batman gələr, əməllərində də “Yeni İrfani” kimi hərəkətli, sədaqətli oldular.
Ana nənəmin dayısı İsmayıl Əhmədov Kəlbəcər Rayon yol-tikinti idarəsinin müdiri, sonradan şəhər aparatına rəhbərlik etmişdir. Keçilməz dağlara, dərələrə yollar çəkmişdir. İsmayıl müəllimin ömür-gün yoldaşı Diləzbər xanımın nənəsi – Güləndam xanım Kəlbəcərin Almalı kəndindən idi. O Güləndam xanım ki, böyük söz ustası Aşıq Ələsgər el məclislərinin birində onun xanım-xatınlığını, gözəlliyini öz yaradıcılığında tərənnüm etmişdir.
Dədə Şəmşirin yadigarı Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Qəmbər müəllim Ağdam İkiillik Müəllimlər İnstitutunda təhsil alarkən ana babamgildə – Məhəmməd müəllim və Hürzad xanımın (Süleyman Sani Axundovun xalası qızı) isti və halal ocağında qalmış, gənclik illərini birlikdə keçirmişlər.
Bunları babamdan, nənəmdən eşitmişəm. Onları ziyarətə gələn kəlbəcərlilərin nə dərəcədə istiqanlı, sözübütöv olduqlarına şahid olmuşam.
Kəlbəcər camaatına həmişə sevgim, hörmətim olub. Bu da təsadüfi deyil, çünki həmin hörməti onlardan görmüşəm. Elə Zülfüqar Hüseynzadədən gördüyüm kimi. Ara-sıra yazılarımı baş redaktoru olduğu sayta yollayardım. Bundan əlavə də müəllim, tələbə yazılarını da göndərərdim. Zülfüqar müəllim zarafatla deyərdi: "İndi kimin yazısını göndərirsən?". Bəzən özünəməxsus şəkildə: "Uzun yazı, uzunsov şəkil göndərmə" – deyərdi.
Deyirlər ki, insan doğulduğu yerin təbiətinə bənzəyər. Zülfüqar müəllim də Kəlbəcər dağları kimi idi: bəzən mehrli, bəzən qəhrli...
Kəlbəcərin dağları kimi, ağrı-acını, dərd-səri başı uca qarşılayardı. Sözü kəsərli idi. O, olduğu kimi idi.
Kəlbəcər həsrətinə Gədəbəydə sığınardı. Çiynini dağlara söykəyərdi. Xallı kəpənəklərə naz edən nərgizçiçəyinə, ürəkaçan qırmızı laləyə bürünən dağ döşündən şəkil çəkib dostlarla bölüşərdi. Gədəbəy dağlarına çıxmağına bəxtəvərlik verənləri qınayardı: "5 il öncə Kəlbəcərsizlik dərdindən Gədəbəy dağlarına çıxmışdım, dedilər bəxtəvər yaylağa çıxıb..."
Tanrı onu bu sözləri qələmə alanda deyil, qəlbindən keçirəndə, elə beş il bundan öncə eşitdi. Ona bəxtəvərliyi, xoşbəxtliyi sayla hesab olunmayacaq qədər Kəlbəcərin azadlığı ilə yaşatdı... "Başlıbel" faciəsinin 28-ci ildönümünü eyniadlı kənddə – doğulduğu yerdə, şəhidlərimizin uyuduğu məkanda Azərbaycan bayrağına bürünərək qeyd etdi. Faciəni rəhbəri olduğu sayt vasitəsilə ictimaiyyətə, dünyaya çatdırdı. Bu işdə onun zəhməti, fədakarlığı danılmazdır. Ali Baş Komandana, Silahlı Qüvvələrimizin şəxsi heyətinə, Tanrıya şükranlığını bildirdi.
Haqq savaşımızdan qalib ayrıldığımız ildə rəhbəri olduğu saytın 8 yaşı tamam olurdu. "Hər şey Vətən üçün, hər şey Qələbə üçün" yazmışdı. Və bu zəfəri saytın doğum gününə ən böyük hədiyyə bilmişdi.
Təsadüfmü, zərurətmi bilmirəm, amma bircə ona şahidik ki, Zülfüqar Hüseynzadənin baş redaktoru olduğu "Moderator.az" saytı noyabr ayında fəaliyyətə başladı. Kəlbəcərin də azadlığı bu aya təsadüf etdi.
Ötən il Zülfüqar müəllimin haqq dünyasına qovuşduğu xəbərini aldım: sayt redaktorlarından birinin zəng edib acı xəbəri söyləməsi ilə. Düzü, inanmadım, "gerçəkdirsə yalan olsun" dedim.
Dedilər ki, gerçəkdir, doğulduğu Başlıbeldə Tanrının rəhmətinə qovuşub. Adətən əbədiyyətə qovuşanların uyuduğu yerin "cənnətməkan" olmasını arzu edərlər. Zülfüqar Hüseynzadənin bizdən ayrılıb, qovuşduğu Başlıbelin özü Tanrının cənnətidir. Cənnətiniz mübarək, Zülfüqar Hüseynzadə!
Əsgər İsmayılov, BDU Jurnalistika fakültəsinin tələbəsi