Logo

Ordu: xalqın istinad nöqtəsi, varlığının nidası

26.06.2024 16:20 297 baxış
IMG

26 iyun Zəfər salnaməmizin əbədiyaşarları – Bəhmənli Manaf Bəhmən oğlu timsalında Bakı Dövlət Universitetinin on səkkiz şəhid məzunlarının günüdür. Yazı bütün şəhidlərimizin əziz xatirəsinə ithaf olunur.

44 gündə silaha sarılaraq bizə zəfər və şərəf yaşadanlar üçün bitməz bir gün seçdik - bu, 45-ci gündür. Silaha sarılanları qələmə sarılaraq əbədi yaşatmaq isə əli qələm tutan hər kəsin mənəvi borcudur... Çünki 44 gün - bir xalqın məğrur, qürurlu... olduğunu göstərən tarix. Bu günlər bir xalqı 44 il deyil, neçə belə 44 illərlə yaşadacaq. 4 rəqəmi möhkəmlik və sabitlik rəmzidir. Bunların yanaşı olması isə bu möhkəmliyi, sabitliyi daha da gücləndirir, əbədiləşdirir. Bu rəqəm həm də torpaq, su, hava və odun ifadəsidir. Dörd müqəddəs ünsürün qoruyucusu da, möhkəmlik və sabitlik rəmzi də məhz şəhidlərimizdir. Haqqın 44 günü göstərdi və öyrətdi ki, şəhidlik xalqın istinad nöqtəsi, varlığının isə nidasıdır!

Tarix hər zaman əllərini uca səmaya açıb Tanrıdan güc-qüvvət istəyən türkün döyüşdən güclü çıxan mərd, məğlubedilməz, iradəsi əyilməz fatehlər olduğunun şahidi olub. Bu mənada Azərbaycanın varlıq tarixində 15 və 27 sentyabr günü müqəddəs hesab edilir. Eyni zamanda bu şanlı və qanlı varlıq tariximiz özündə qürurun təntənəsini, millətin haqq səsini və əbədiyaşarlıq fəlsəfəsini daşıyır və yaşadır. 

Əbəs yerə 1918-ci ilin 15 sentyabrı ilə 2020-ci ilin 27 sentyabr gününün şanlı tarixini eyniləşdirmədim: çün bu iki tarixdə qürurumuzun isbatı, səbrimizin cavabı, ən həssas məqamlarımızın həlli var. Eynilik sözü isə elmlərin şahı olan riyaziyyatda doğru olan bərabərlik anlamına gəlir.

Yazı boyu ən həssas məqamlara toxunub, ən saf eyniləşdirmələr, paralellər aparacağıq. Çalışacağıq ki, fikir silsiləmiz qırılmasın. Axı dağ vüqarlı oğullardan yazırıq. Dağların silsiləli şəkildə olan birliyi, qayaların məğrur duruşu - dikliyi, dağ zirvəsinin ucalığı - əlçatmazlığı qədər uca olan haqqı-nahaqqa qurban verməyən, özləri isə Vətən uğrunda canını xalqın, millətin səfası yolunda fəda edən ər oğullarımız, mərd ərənlərimiz haqqında... Səməd Vurğun dağa xitabən: "qara yellər ora dörd yandan əsər", - deyirdi. Ancaq zaman-zaman qara yeli də, qara buludu da, qara qüvvələri də darmadağın edən zəfər tariximiz, bu tarixi elə şanlı tarixə çevirən oğul və qızlarımız oldu. 

15 sentyabr - təkcə Azərbaycan Xalq Cümhuriyyətinin öz paytaxtı - Bakıya qovuşması deyil, nə də 27 sentyabr - təkcə Azərbaycan Respublikasının əzəli və əbədi torpağı - Qarabağa qovuşmasının başladığı gün deyil. Bu tarixlər həm də bir xalqın var olması, düşmən qüvvələrinin isə xar olduğu müqəddəs və mübarək gündür. Həmçinin bu tarixlər geniş kontekstdə götürsək, istiqlal şəhidlərimizin əbədi Vətən yolçuluğuna çıxdığı, yoxluqları ilə varlıq - Bütöv Azərbaycanı yaratdıqları gündür...

Xalqımızın milli yaddaşına dayalı, milli ruhuna bağlı olan Osman Sarıvəlli şeirində: "yad ellərə düşəndə
qəriblik boğur məni"… ifadəsinin təsirli və ağrılı yükünü, yəqin ki, doğma yurddan uzaq düşənlər yaxşı anlayar. Həssas ruhlu qələm adamı bu sətirlərlə bərabər, həm də "ayağın torpaqdan üzülməsin" - deyərdi. Şair necə ki, alnının tərinə, əlinin qabarına, qələminin gücünə arxalanırdı, eləcə də şeirinin hər sətrində xalqın birliyinə, mübariz oğulların gücünə inanırdı. Osman Sarıvəlli həm də xalqın səsini kiçik bir bayatıda görürdü. Əlbəttə, dildən-dilə gəzən bayatılar, xalq nəğmələri, ana laylaları xalqın mənəvi sığınacaq yeri olmaqla bərabər, həm də bir xalqın, millətin mənəvi yetkinləşməsinə, milli ruhda böyüməsinə daim xidmət etmişdir. 

Təsadüfi deyil ki, ana dilimizdə yazıya alınmış ilk fundamental sənət əsərimiz olan "Kitabi-Dədə Qorqud” abidəsi - dastanı özü belə sözü uca tutur, yazını müqəddəs bilir, tariximizi və dəyərlərimizi ən ali məqama ucaldır. Demək olar ki, hər boyda oğuz xanımlarının namusuna, ismətinə sığınmasını, qılıncına and içən ər oğulların yağı düşmənə aman verməməsini, ağsaqqal sözünə sonsuz ehtiramı görmək olar. Vətən torpaqlarının sərhədi olduğu halda, Vətən torpaqlarına sevginin sərhədsizliyini oğuz türklərinin hər birinin timsalında sezmək olur.  Əbəs yerə deyilməyib ki, türk oğlu at belində doğulub, xaraktercə qorxmazdır, mərdi-mərdanədir.

Dediklərimizin əməli təsdiqini isə ötən ilin 27 sentyabrında - Vətən savaşının davam etdiyi müqəddəs günlərdə bir daha görmüş olduq. Torpaqlarımızın azadlığı, tamlığı yolunda xalq, ordu və hakimiyyət birliyi isə bütün dünyaya nümunə oldu, desəm, yanılmaram. Varlıq, haqq savaşımızda təhsil aldığım Bakı Dövlət Universitetinin də şəhid - məzunları oldu. Bu qədərin içində kədər olsa da, ancaq hədər yox idi. Çünki Bakı Dövlət Universitetinin şəhid-məzunları Tanrının nuruna bürünərək müqəddəs səmaya ucaldılar. Onlar minlərlə tələbədən fərqli olaraq, əbədi və əzəli xatırlanacaq, daim əziz tutulacaqlar: dərin hörmət, sonsuz ehtiram, min-min rəhmətlə...

Əziz oxucu, işğalçı düşmənin beynəlxalq aləmdə ifşa edildiyi, rüsvayçı məğlubiyyətə uğradığı o günləri hər dəfə xatırlayanda qürurlanırıq. Bu ucalığı bizlərə yaşadan şəhid və qazi qardaşlarımıza isə bir ömür borcluyuq. İstər müqəddəs savaşımızda, istərsə də mübarək qələbəmizdən sonra Bakı Dövlət Universiteti şəhid və qazi qardaşlarımızın adını uca tutan layihələr həyata keçirdi.

Beləliklə, alman faşizmi İkinci dünya müharibəsində, bundan da qat-qat təhlükəli olan erməni neofaşizmi isə İkinci Qarabağ müharibəsində məğlubiyyətə uğrayır. Faşizm üzərində qələbə haqq tərəfində olan dövlətlərin birliyi nəticəsində hasil oldusa, neofaşizm üzərində parlaq qələbə isə haqqa tapınan, Tanrıya sığınan bir ölkənin - Azərbaycanın öz iradəsi, öz gücü, sonsuz qətiyyəti hesabına baş tutdu. Sözsüz ki, dünya erməniliyi üzərində parlaq qələbə şəhid və qazilərimizin canları bahasına başa gəldi.

Burada ortaya sadə bir məntiqi nəticə çıxır. Deməli, zülmətin köksünü yandıran günəştək Tanrı qatına ucalan şəhidlərimiz Vətən torpaqlarını yağı düşməndən azad etməklə bərabər, həm də bəşəriyyət üzərindən qara buludu - erməni neofaşizmini çəkmiş, parçalamış, məhv etmiş oldular. Beləliklə, şəhid qardaşlarımız bəşəriyyətin xilaskarına çevrildilər. 

Görünən odur ki, bəşəriyyəti Tanrı ilə bərabər, həm də sonsuz səmalara çəkilən, əlçatmaz yüksəkliyə ucalan şəhidlər qoruyur.

Düzü, bu yazını hazırladıqca, hər sözü-sözə, cümləni-cümləyə caladıqca şəhidlərimizi xatırlayır, onların odlu-alovlu, məşəqqətli döyüş yollarını gözlərim önündə canlandırırdım. Çalışırdım ki, Tanrının nuruna boyanaraq sonsuz səmalara ucalan əbədiyaşar şəhidlərimizin saf və bizləri qoruyan ruhları inciməyə... Onlar bizi yaşatmaq üçün silaha sarıldı. Biz isə şəhidlərimiz önündə heç zaman ödəyə bilməyəcəyimiz mənəvi borc olaraq qələmə sarıldıq. Əlbəttə, onları heç kim, heç nə əvəz edə bilməyəcək, elə onların fədakarlıqlarını da. Hər bir şəhid Tanrının həm seçilmiş, həm də təkrarlanmayacaq bəndələridir. Və heç kim də Bəhmənli Manaf ola bilməyəcək.

Bəhmənli Manaf Bəhmən oğlu 1998-ci il yanvar ayının 2-də anadan olub. Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı tam orta məktəbdə təhsil alıb. Bəhmənli Manaf 2015-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. O, Vətən savaşının başladığı ildə BDU-nu bitirir. Çox keçmir ki, hərbi xidmətə yollanır...

Qəhrəman qardaşımın qısa və şərəfli həyat tarixçəsini vərəqlədikcə, onun keçdiyi çətinli yollara nəzər saldıqca, bir məqamın şahidi oluram. Sanki onun həyat yolunu, şəhidlik ucalığına yüksəlməyini hansısa müqəddəs bir qüvvə əvvəlcədən cızıb və özü də bu məqama yetişəcəyini hiss edib, duyurmuş. Haqq savaşımızın başladığı o müqəddəs 27 sentyabr günü, məhz o an Bəhmənli Manafın şəhidlik ucalığını da heç də təsadüfi saymıram. Burada dərin hikmət var, böyük mətləb var. O, gələcək mübarək və müqəddəs qələbəmizin qaranquşuna çevrilərək, mələk qanadlarında sonsuz ucalığa yüksəldi. Şərəfin, haqqın, ədalətin 44 gününün ilk şəhidlərindən oldu.

Yazının əvvəlində ən həssas məqamlara toxunacağımızı, eyniləşdirmələr, paralellər aparacağımızı demişdik. Müəyyən mənada etməyə çalışdıq, ancaq yenidən bir neçə maraqlı nüansa nəzər yetirək. Çox maraqlıdır ki, mənim qazi atamın da, şəhid qardaşım Manafın da həyat yolunda çox oxşarlıqlar var: ikisi də Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsini bitirib; hər ikisi Qarabağ - Vətən savaşına yollanıb. Və ən nəhayət, hər ikisinin döyüş yolu Murovdan keçir. Təsirli və qürurlu digər bir məqam da odur ki, şəhid Bəhmənli Manaf anası ilə eyni gündə, yəni yanvarın 2-də anadan olub, atası ilə də eyni gündə, ayın 28-də torpağa tapşırılıb. Bütün bu olanları bəlkə də təsadüf də adlandırarsınız. Ancaq, təsadüf baş verənlərin məqsədsiz və səbəbsiz şəkildə cərəyan etdiyini bildirən anlayışdır. Burada  məqsəd də, amal da, səbəb də bəlli idi - Vətən! Bütün bu baş verən hadisələri də nizamlayan bir qüvvə var idi - Tanrı. Bu, Vətən və Tanrı müqəddəsliyinin tən ortasında isə mübarək Şəhidlərimiz!

Hər dəfə qələbə müjdəçisi olan şəhid qardaşım Manafın telefonumda saxladığım hərbi geyimdə olan şəklinə baxıram: məğrur və qürurlu rəsminə. Ağır hərbi təlimlər, keçilən şərəfli yollar onu qorxutmur. Bir tərəfdən çətin təlimlərlə, tökülən tərlə mətinləşən şanlı əsgərimin düşmən canına vəlvələ salan, qorxu yaradan sərt baxışları, digər bir tərəfdən də o gözlərdə xalqına, doğmalarına, bir sözlə onu sevən hər kəsə yönələn halal əsgər mehribanlığı, istiqanlığı... Özümü hər dəfəsində şəhidimin gözlərinin içində görürəm: sanki, bizlərə əmanət etdiyi torpaqları qorumağı, sevməyi, daim əziz tutmağı tapşırır. Və bütün şəhidlər adından "Bizi unutmayın!" çağırışını duyuram. Əsla, heç sizləri unutmaq olarmı?! Sizlər bəşəriyyətə səfalət, əsarət, rəzalət gətirən erməni neofaşizmini məhv etdiniz. Sizlər ən ağır xəstəlikdən - erməni terrorundan regionu xilas etdiniz. Ərlik-ərənliyiniz, nərliyiniz və mərdliyiniz şərəf tariximizi yazdı.

Xalq 30 illik Qarabağ həsrətinə nəfəs qədər yaxın olduğu o müqəddəs 44 gündə minlərlə şəhidimiz Bütöv Azərbaycan uğrunda son nəfəsini verdi. Halalzadə şəhidlərimiz Tanrı səmasını, Vətən torpağını qolları ilə qucaraq, bağrına basdı. Hər addımımızda sizin varlığınız, hər nəfəs aldıqda sizin müqəddəs qoxunuz duyulur. Batili ayaqlar altına, haqqı başımız üzərinə qaldıran əbədiyaşar şəhidlərimiz.

Əbədiyyətiniz, cənnətiniz mübarək.

Əsgər İsmayılov

Xəbər lenti