Oktyabrın 14-18-də İtaliyanın Milan şəhərində keçiriləcək 75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 52 tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda təmsil edəcək.
TƏHSİL.BİZ xəbər verir ki, bununla bağlı 7 oktyabrda Azercosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qruplarının təşkilatçılığı, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə gənclərlə Konqres öncəsi tədbir keçirilib.
Xatırladaq ki, Azərbaycandan Milan Konqresinə 345 elmi məqalə təqdim olunub.
Azərbaycanın bu il yüksək göstəriciyə nail olmasında ötən il Bakıda keçirilən Konqresin xüsusi rolu olub. Milan Konqresinə Azərbaycandan təqdim olunan elmi məqalələrin 90%-i gənclər tərəfindən hazırlanıb. Gənclərin kosmik sahədə öz elmi məqalələrini beynəlxalq auditoriyaya təqdim etməsi ölkəmizdə kosmik ekosistemin inkişafı yolunda aparılan fəaliyyətlərin nəticəsidir.
“Dayanıqlılıq naminə kosmik məsuliyyət” (Responsible #Space for Sustainability) çağırışı ilə keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı təmsil edəcək milli elmi komanda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan İdman Akademiyası və Sumqayıt Dövlət Universitetinin tələbə, gənc mütəxəssis və alimlərindən formalaşıb.
Bakı Konqresinin yaratdığı yüksəksəviyyəli tədbir standartı sayəsində dünyada builki Astronavtika Konqresinə maraq artıb və nəticədə Milan Konqresinə 106 ölkədən ümumilikdə 7 000-dən çox elmi məqalə təqdim edilib.