Logo

Onu məndən daha çox sevirsiniz…

06.11.2024 23:51 153 baxış
IMG

Qısqanclıq duyğusu – hər bir insanda müşahidə edilə biləcək duyğulardandır. Bu insanın sevdiyi, sahibləndiyi şəxsi kimsəylə paylaşa bilməməyi; həmin şəxsin gözündə öz statusunun itirmə qayğısı yaşamasıdır. Övladlar arasında yaşanan qısqanclıq isə ailəyə yeni övladın gəlməsi ilə yaranır. Bu qısqanclığın təməlində valideynlərdən gördüyü qayğı, sevgini itirmək qorxusu, bunları başqa biri ilə paylaşmaq istəməməsi dayanır.

Doğulduğundan bəri ailədə diqqət mərkəzində olan; valideynlərin göstərdiyi qayğı, sevginin tamamını görən uşaq ailəyə yeni birinin gəlməsi ilə bütün bunların artıq təkcə yeni övlada olunacağını düşünməyə başlayır. Özünün olduğundan yeni övlada niyə ehtiyac olduğunu anlaya bilməməklə bərabər valideynlərini, oyuncaqlarını, otağını və s. paylaşacağı yeni birisinin gəlməsini qəbul edə bilməz. Belə uşaqları bəzi davranışları ilə diqqət çəkirlər: bacı(qardaşı) yoxmuş kimi davranamaq; geriyə dönüş hərəkətləri(altını islatma, barmaq sorma, dırnağını yemə, uşaq kimi danışma halları); yanında kimsə yoxkən qardaşını (bacısını) vurması; kiçik övlada qayğı, diqqət göstərənlərə qarşı aqressiv davranışlar sərgiləyə bilər; valideynlər azyaşlı uşaq ilə maraqlanarkən onlara maneə olmaq, diqqəti özünə çəkməyə çalışmaq; ata-anaya: “Artıq məni sevmirsiniz”, “Hamı onunla maraqlanır!!” və s. kimi narazılıq ifadə edən cümlələr qurmaq; içinə qapanma, heç bir narahatçılığı olmadığı halda diqqət çəkmək üçün nələrsə etməsi(qarnım ağrıyır, ürəyim bulanır və s.); səssiz qalma və s. halları baş verə bilər. Bütün bu və ya digər halları müşahidə edən valideynlər narahat olmağa başlayır.Bununla baş etmək üçün əvvəlcə hamiləlik dövründə böyük övladınıza ailənizə yeni birinin gələcəyi, onun övladınızın bacısı (qardaşı) olacağını; gəlişi ilə ailədə hansı dəyişikliklər olacağını; böyük övladınızın yaşına uyğun digər övladın dünyaya gəlməsi ilə bağlı məlumat verə; bacı (qardaşının) adının müəyyən edilməsində ondan fikir ala; uşaqla bağlı olan dəyişiklikləri də bərabər müəyyən edə bilərsiniz . Bu vəziyyətin ona göstərilən sevgi, qayğının dəyişməyəcəyini, sadəcə eynisini digər övladınıza da edəcəyinizi deməli və bunu etməyə xüsusi diqqət yetirməniz gərəkdir. Hər iki övladınıza da vaxt ayırmağa, onlarla maraqlanmağa çalışın. Hər uşaq eyni deyil, hər birinə övladınızın arzu etdiyi şəkildə yanaşmağa diqqət yetirin.

Zəhra Qorxmaz

Xəbər lenti