Logo

Təhsilli qadın - millətin gözəl gələcəyədir.

06.11.2024 23:58 273 baxış
IMG

Azərbaycan qadını - əzmkarlığı, mübarizliyi ilə dünya qadınlarına örnəkdir. Tarixi faktdır ki, Azərbaycan müsəlman şərqində qadınların seçib-seçilmək hüququnu tanıyan ilk ölkə olmuşdur.

Cümhuriyyətin qadınlara seçmək və seçilmək hüququnu verməsi təkcə müsəlman və Şərq cəmiyyətləri üçün əhəmiyyətli olmayıb. Çünki o zaman hətta özünü demokratiyanın beşiyi elan edən və sözün həqiqi mənasında, müasir demokratiyanın əsaslarını yaradan cəmiyyətlər qadınların seçmək və seçilmək hüququnu tanımaq istiqamətində addım atmamışdılar.

Tarixi ədəbiyyatda dünyada qadınlara ilk seçki hüququnun verildiyi ölkə kimi Yeni Zelandiyanın adı çəkilir. Bu ölkə 1893-cü ildə qadınların seçkidə iştirak hüququnu tanıyıb. Lakin bu, bütün təbəqədən olan qadınlara aid deyildi, eləcə də, qadınların namizəd ola bilməsi məhdudlaşdırılmışdı. Yeni Zelandiya seçki hüququnun tam təmin olunmasına ötən əsrin 20-ci illərindən sonra nail ola bildi. Hərçənd, həmin vaxt Azərbaycanda bütün təbəqələrdən olan qadınların səsvermə hüququ təmin olunmuşdu.

Avropada qadınların səsvermə hüququnu tanıyan ölkərin sırasında başda Norveç, Finlandiya və İslandiya kimi ölkələr gəlir.

Məlumat üçün xatırladaq ki, hazırda hələ də bəzi ölkələrdə qadınlar ya qismən, ya da tamamilə seçki hüququndan məhrum edilmiş durumdadırlar.
Azərbaycandan fərqli olaraq, dünyanın əksər ölkəsində qadınlar seçki hüququ qazanmaq üçün ağır mübarizə aparmalı olub. Hətta bu gün demokratiyanın tam təşəkkül tapdığı deyilən Qərb ölkələrində zərif cinsin nümayəndələri seçkidə iştirak edə bilmək üçün müxtəlif məhrumiyyətlərlə üzləşib.

ABŞ-da qadınlar 1848-ci ildən başlayaraq, seçkidə iştirak hüququ tələbi ilə çıxış etsələr də, buna yalınız 72 il sonra nail oldular. Bu gün amerikalılar da qadınların seçki hüququndan danışarkən, "ABŞ-da qadınlara seçki hüququ Azərbaycandan sonra verilib” deyə qeyd edirlər. Vaşinqtonda Süval-Belmont muzeyinin direktor müavini, muzeyin kolleksiyalar şöbəsinin müdiri Cennifer Krafçi "Azərbaycan və Birləşmiş Ştatlar: Qadınlara səsvermə hüququ verən öncül ölkələr” adlı məruzəsində qeyd edir ki, "Azərbaycanda qadınlara seçki hüququnun ABŞ-dan öncə verildiyini öyrənəndə təəccübləndim və bunu araşdırmağa başladım”. C.Krafçi Azərbaycandan fərqli olaraq, ABŞ-da qadınların seçki hüququnu əldə etmək üçün həbslərə, işgəncələrə məruz qaldığını bildirir.

ABŞ-da qadınların seçki hüququ hərəkatının tanınmış fəalı Anna Dallas Dadlinin (1876-1955) tarixə düşmüş "Xalq üçün olan bu hökumət yalnız qadın əhalinin hüquqlarını inkar edir” sözləri də Azərbaycanla müqayisədə okeanın o tayındakı qadınların seçki hüququnu əldə etmək üçün enişli-çıxışlı yollardan keçdiyini göstərir.
Fransa "demokratiyanın beşiyi” hesab olunmasına və qadın hüquqlarını hələ XVIII əsrdə gündəmə gətirməsinə baxmayaraq, qadınların seçki hüququnu Azərbaycandan 24 il sonra – 1944-cü ildə tanıdı.

İsveçrədə qadınlar seçki hüququnu əldə etmək üçün 1909-cu ildən 1971-ci ilə qədər mübarizə aparmalı oldu. 1971-ci ildə buna nail olunsa da, qadınların seçkilərdə iştirak etmələri yalnız 1989-cu ildə reallaşdı.

Bu ölkələrin sihayısını uzatmaq da olar, lakin bütün araşdırmaların nəticəsi eynidir: Azərbaycan dünyada heç bir maneə olmadan qadınların seçki hüququnu tam təmin edən ilk ölkələrdəndir.

Azərbaycan qadının öz iradəsi və mərdliyi...

Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizdə, xalqımızın milli dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb.
Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ ilə yanaşı, çoxlarına bəlli olmayan, bilavasitə qadın taleyi ilə bağlı olan qərarlar da verib.
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, qadınların seçib-seçilmək hüququnu tanıyan, qadın-kişi bərabərliyini təmin edən ilk müsəlman ölkəsi olub. Məhz bu dövrdə milli qadın siyasəti dövlət statusu alıb. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl məhz Azərbaycanda qadına cəmiyyətin həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib.

Azərbaycan dövlətçilik tarixində, dövlətin inkişafında, ictimai-siyasi mühitin formalaşmasında qadınların xüsusi yeri var. Milli dövlətçilik anlayışının keşiyində duran qadınlarımız dövlətə, dövlətçiliyə, milli məfkurəyə bağlı olub, onun üçün mücadilələr verib. Bu gün də o ənənəni davam etdirirlər. Qadınların dövlətçiliyə bağlılıq, dövlət quruculuğunda iştirak etmək ənənəsini, missiyasını müasir qadınlar çox uğurla daşıyır.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süquta uğradı. Lakin 100 il öncə əsası qoyulmuş seçki hüququnun tam təmin edilməsi ənənəsi bu gün Azərbaycanın əsas prioritetidir. 1991-ci ildə Azərbaycanın müstəqilliyi yenidən bərpa ediləndə qadınların seçmək və seçilmək hüququ da bərpa olundu.

Mövcud olduğu dövrun ictimai-siyasi və iqtisadi çətinliklərinə baxmayaraq, bütün səylərini bir çox ümummilli problemlərin həllinə yönəltmiş Azərbaycan Xalq Cümhuriyyəti və Parlamenti maarif, mədəniyyət və təhsil sahəsindəki islahatların həyata keçirilməsində qadınların təhsili və cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olmasını da diqqət mərkəzində saxlayırdı. Əslində isə «qadın azadlığı» və «qadın hüquqları» məsələsi hələ ADR yaranmamışdan da əvvəl, güclü siyasi mövqeyə malik olan partiyalardan «Müsavat» və «Türk Ədəmi-Mərkəziyyət» partiyalarının ideyalarına daxil idi. Bu partiyaların liderləri M.Ə.Rəsulzadə və N.Yusifbəyli hələ 1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayında bu məsələ ilə bağlı müəyyən fikirlər söylədilər. Qadınların cəmiyyət daxilində gedən proseslərə qoşulmalarının vacibliyi məsələsinin qalxmasında qurultayda iştirak edən qadınlar özləri təşəbbüs qaldırdılar. Demokratik dəyərlər toplusuna Azərbaycan qadınlarının siyasi və hüquqi bərabərliyini daxil etmiş cümhuriyyət nəinki öz dövrünün, həm də indiki dövrün gender bərabərliyinin əldə edilməsi yollarını göstərdi. M.Ə.Rəsulzadə qadın problemi haqqında yazırdı: «Əgər bütün millətlərin qadınları azad və təhsillidirsə, Azərbaycan qadını onlardan geri qala bilməz».

1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən Müsavat Partiyasının ilk qurultayında iki siyasi partiyanın birləşməsilə bərabər, həm də partiyanın proqramı geniş müzakirə olunduqdan sonra qəbul edildi. Daha çox demokratik dəyərlərə əsaslanan bu qərara görə dinindən, milliyyətindən, cinsindən, partiya mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında hamının bərabərliyi, azad və bərabər əsaslarda təhsil hüququ nəzərdə tutulurdu.

Qadın azadlığı və maarifi məsələsinin dövlət səviyyəsində qaldırılması XX əsrin əvvələrində çarizmin müstəmləkəsi altında olan müsəlman xalqlarının 1917-ci il aprel ayının 16-dan 22-ə qədər Daşkənddə keçirilən Türküstan müsəlmanlarının ilk qurultayında da prioritet məsələ kimi diqqət mərkəzində saxlanıldı. Müsəlman qadınlarının təhsil problemi qurultay sənədlərində öz əksini tapdı və bu məsələ qurultayda qızğın disskusiyalar şəraitində müzakirə olundu. Qeyd olundu ki, Qafqaz və Türküstanda yaşayan müsəlman qadınları din pərdəsi altında ictimai həyatdan uzaqlaşdırılır və onların hüquqları hər addımbaşı pozulur. Qurultay iştirakçılarından biri olan Ə.Topçubaşov qadınların da kişilər kimi ictimai-siyasi həyatda bərabər iştirakının təmin olunmasını irəli sürdü və o dövrün qadınlara həqarətinin əsas mənbəyi sayılan coxarvadlılığa qarşı çıxdı. Lakin qurultayın bir çox mühavizəkar üzvləri bu fikirlərin əleyhinə cıxdılar və 197 imam, şeyx və mollanın imzaladığı etiraz ərizəsi ilə qurultaya müraciət etdilər. Qadın azadlıqlarının bir çox kişi nümayəndələr tərəfindən boğulmasına edilən ciddi cəhdlərə qarşı burada iştirak edən qadınlar çox kəskin çıxış etdilər: «Biz bura danlanmağa yox, düşündüyümüzü deməyə gəlmişik. Gəlmişik deyək: Nikolay hökuməti xalqın iradəsinə davam gətirə bilmədiyi kimi, mütləq sizin də iradəniz yıxılacaqdır. Biz sizin iradənizi, şübhəsiz devirəcəyik. Yadda saxlayın: bizə azadlıq vermək istəmirsinizsə, deməli millətin irəli getməyini istəmirsiniz. Millət ananın tərbiyə etdiyi uşaqlarla irəli gedir. Sizin bayraqlarınızda ədalət olmasa, irəli gedə bilməzsiniz. Sizin bizə münasibətiniz isə ədalətsizlikdir. Ədalət yoxsa, şərəflə qaldırmaq istədiyiniz bayraqları aşağı salın».

XX əsrin əvvəlində cəmiyyətin qadın azadlığını boğan qüvvələrinə qarşı belə çıxışlar müsəlman Şərqinin sosial asimetriyasına və zorakılığına qarşı geniş vüsət alacaq etirazların başlanmasından xəbər verirdi. Məhz bu hadisələrdən sonra cəmiyyətdə qadın probleminə ciddi yanaşma başlandı.

Ölkənin Ali qanunverici orqanı olan Müəssisələr Məclisinə seçkilərdə cinsindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların iştirak etmək hüququna malik olması Azərbaycan qadınları qarşısında yeni üfüqlər açdı. Müəssisələr Məclisinə qapalı və birbaşa seçilmək hüququ almış azərbaycan qadını islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hüququna malik oldu. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən azərbaycan qadınına verilən belə bərabərliyə nəinki Şərq ölkələrinin böyük əksəriyyəti, həm də Avropa dövlətləri həsəd apara bilərdilər. Azərbaycan Xalq Cümhuriyyəti, Şərqdə ilk müstəqil dövlət olaraq 1907-ci ildən təməli qoyulan qadın məsələsini de-yure həll etdi. Cünki hələ 1907-ci ildə Rusiya Dövlət Dumasında çıxış edən azərbaycanlı deputat X.Xasməmmədov Azərbaycan qadınlarına kişilərlə bərabər seçki hüququ verilməsi məsələsini qaldırmışdı.

Azərbaycan Demokratik Cümhuriyyətinin qadın təhsili və hüquqları ilə bağlı həyata keçirdiyi islahatlardan danışarkən bu cümhuriyyətin qurulmasında tarixi rol oynamış M.Ə.Rəsulzadənin qadın azadlığına münasibəti haqqında danışmaq lazımdır. Qadın hüquqlarına toxunan bu görkəmli şəxsiyyət qadın azadlığını qadının maariflənməsində görürdü.

Azərbaycan Xalq Cümhuriyyəti dönəmindəki şərəfli ilklərdən biri də bütün təbəqələrdən olan qadınlara seçki hüququnun verilməsidir.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbiti ilə yanaşı, həm də Şərqdə ilk dəfə qadına səsvermə imkanı vermiş oldu. Müqayisə üçün xatırlatmaq yerinə düşərdi ki, ABŞ-da qadınlara ilk dəfə 1920-ci ildə seçmək hüququ verilib. İndi Avropanın qabaqcıl ölkələrindən sayılan Fransada qadınların səsvermə hüququ yalnız 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə qəbul edilib...
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bu mütərəqqi addımın atılması həmin dövrdə Şərqin ilk müstəqil respublikasının hüquqi dövlət quruculuğu yolunda əzmlə irəlilədiyinin, həm də ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq göstəricisi idi.

Qadın azadlığı uğrunda mübarizlər

Azərbaycanın görkəmli ziyalıları xalqı maarifləndirmək, ona öz hüquq və vəzifələrini anlatmaq yolu ilə ictimai rəyə təsir göstərməyə çalışır, jurnalist və publisistlər “qadın bir şəxsiyyət kimi azad olmayınca onun problemləri həll olunmaz qalacaq!” ideyasını irəli sürürdülər. Öz səhifələrində qadın mövzusuna yer verən “Şərqi-Rus”, “Həyat”, “Səda”, “İrşad”, “Tərəqqi”, “Kaspi”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Dirilik”, “Zənbur”, “Tuti”, “Babayi-Əmir” və s. qəzet və jurnallar qadının əsasən üç mühüm problemindən – təhsil, ailə-nikah və sosial məsələlərdən bəhs edirdi. XX əsrin ilk illərində Azərbaycan qadınlarının mühüm problemlərindən biri təhsil almaq imkanının məhdudluğu idi. Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir. Azərbaycanda qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığını saxlayıb. Unutmamalıyıq ki, təhsilli qadın bizim gözəl gələcəyimizin əsas özəyidir.

Xəbər lenti