Nyu-Yorkda Türk evində Mahmud Kasğarinin “Divanü lüğət-it türk” əsərinin 86 il sonra tapılmış, repressiya qurbanı, özbəkəsilli türkoloq Xalid Səid Xocayevə məxsus latın qrafikalı ilk əlyazmasının nəşrinin təqdimatı və sərgisi keçirilib.
Layihənin rəhbəri UNESCO GYC üzvü, UNESCO Elektoral qrupunun eksperti, “Dünya Dilləri Atlası” layihəsinin koordinatoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri dosent Vəfa Abdullayeva-Nəbiyevadır.
TƏHSİL.BİZ xəbər verir ki, təqdimat və sərgi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi dəstəyi ilə hibrid formatda keçirilib.
Qeyd edək ki, bu il əsərin 950 illik yubileyi çərçivəsində silsilə tədbirlər təşkil olunur. Bu tədbirdə əvvəlkilərdən fərqli olaraq Xalid Səid Xocayevin yadigarı - Kanadada yaşayan nəvəsi Əfruz Məmmədovanın ailəsi də iştirak edib.
Əvvəlcə tədbir iştirakçılarına “Divan”ın tarixinə həsr olunmuş videomaterial təqdim edilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin açılış nitqindən sonra çıxışlar dinlənilib. Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, bu böyük tapıntının müəllifi, professor Nadir Məmmədli, Türk Mədəniyyəti və İrsi Fondunun birinci katibi Leyla Həsənova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti professor Bəhram Abdulxalimov, görkəmli türkoloq Xalid Səid Xocayevin nəvəsi Əfruz Məmmədova, AMEA-nın Folklor İnstitutunda bölmə rəhbəri Əli Şamil, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Almaz Ülvi Binnətova, BDU-nun professoru Yeganə İsmayılova çıxış ediblər.
Tədbirdə Xalid Səid Xocayevin həyatı, yaradıcılığı, ailəsi haqqında qısametrajlı film də nümayiş olunub. Filmin ideya müəllifi dosent Vəfa Abdullayeva-Nəbiyevadır.
Sərgidə isə Xalid Səid Xocayevin arxivi - “Keçmiş günlər”, “Müxtəsər üslubiyyat”, elmi-publisistik əsərlərinin siyahısı, özü yazdığı tərcümeyi-halı, ailə fotoları, həyat və yaradıcılığı haqqında kitablar nümayiş edilib.
Tədbirin qonaqları sırasında Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin, Türk Amerikan Yönləndirmə Komitəsinin təmsilçiləri və digər türk dövlətlərinin nümayəndələri də olub.