“Məktəbəqədər təhsil müəssisələrində keyfiyyət monitorinqləri davam etdirilir. Bu il monitorinqlər 100 müəssisəni əhatə edib”.
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov TƏHSİL.BiZ qəzetinə müsahibəsində deyib.
O bildirib ki, İş eyni prinsip və fəlsəfə əsasında həyata keçirilir. Bunun kulminasiya nöqtəsi kimi beynəlxalq ekspertlərin iştirakı ilə “Məktəbəqədər təhsilə yeni baxış” adlı ikinci beynəlxalq konfrans keçirilib:
“Burada həm elm və təhsil naziri, nazirliyinin rəsmiləri, həm Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin məsul şəxsləri, həm regional təhsil idarələrinin nümayəndələri, həm də məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak etdi. Monitorinqlərin nəticələrinə əsasən hazırlanan tövsiyələr aidiyyəti qurumlara təqdim olunur. Bu tövsiyələr əsasında müəssisələrin fəaliyyətinin yaxşılaşdırılması üçün müvafiq işlər görülür. Qiymətləndirmə prosesində qayğı və təhsilin təşkili, məzmunun keyfiyyəti, heyətin səriştəsi, valideynlərlə iş və digər mühüm parametrlər əsas götürülür”.
Tural Əhmədov əlavə edib ki, Lənkəran rayonunun Boladı kəndində yerləşən məktəbəqədər təhsil müəssisəsində infrastrukturun müasir standartlara tam cavab verməməsinə baxmayaraq, tədris keyfiyyətinin müqayisədə yüksək olduğu müşahidə edilib. Bu, müəllimlərin yaratdığı müsbət mikro mühitin təsirini göstərir. Belə nümunələr digərləri üçün də örnək ola bilər və bu uğurların geniş coğrafiyada tətbiqi mümkündür.