Logo

Nadir İsrafilov: “Niyə, təhsilimiz “təlimçi”lərsiz keçinə bilmir…?”

24.12.2024 17:08 119 baxış
IMG

Əlavə hazırlıqların və “təlimçilər ordusunun” yaranması, bazar iqtisadiyyatınınyaratdığı vəziyyətin təzahürüdür.”


 

TƏHSİL.BİZ -ə müsahibə verən təhsil eksperti Nadir İsrafilov bildirib ki, təhsilimizin elə bir sahəsi qalmayıb ki, əlavə hazırlıqla bağlı peşə və ixtisas təlimçilərinə
ehtiyac duyulmasın:

"Mənə kurikulum təlimçiləri ilə bağlı sual veriləndə istər-istəməz yadıma Mirzə Ələkbər Sabirin misraları düşdü: 

“Beş deyil, on beş deyil, hər yan, baxırsan, var madam, 

Ev madam, mənzil madam, balkon madam, talvar madam, 

Sirk madam, qəstin madam,pasaj madam, bulvar madam, 

Müxtəsər, əqlim çaşıb, ey dad bidad...”

 Indi, hara baxırsan təlimçiyə rast gəlirsən. Özü də təkcə kurikulum təlimçiləri olsa dərd yarı idi. Bir sözlə, təhsilimizin elə bir sahəsi qalmayıb ki, əlavə hazırlıqla bağlı peşə və ixtisas təlimçilərinə ehtiyac duyulmasın: MİQ təlimçiləri, DİQ təlimçiləri. DİL təlimçiləri, sadalamaqla uzanıb gedən digər təlimçilər. Hələ, bir yandan təhsilimizi ağuşuna alan repetitorlar, markerlər,daha kimlər, daha nələr… Məni qınamayın, bir vaxtlar “təlimçi” anlayışı yalnız ayrı-ayrı vəhşi hehvanların əhilləşdirilməsi ilə məşğul olan sirk və zoopark işçilərinə aid edilərdi. Məsələn, ayı təlimçiləri ayıya velosiped sürməyi, pələng təlimçiləri pələngə odlu halqanın içərisindən tullanmağı öyrədərdilər. Uşaqların tərbiyəsi ailədə və məktəbəqədər tərbiyə müəssisələrində, təlim-tərbiyəsi isə orta ümumtəhsil məktəblərində həyata keçirilərdi. Sonralar biz məktəbəqədər tərbiyə müəssisələrini məktəbəqədər təhsil müəssisələrinə çevirməklə tərbiyə ilə yanaşı təhsili də uşaq bağçalarının üzərinə yüklədik, Hələ bu azmış kimi, əlavə olaraq məktəblərdə məktəbə hazırlıq qrupları açdıq. Sual olunur, məktəbəqədər tərbiyəni, məktəbəqədər təhsilə çevirmişdiksə, uşaqların yuxusuna haram qatıb, məktəbə hazırlığı 5 yaşdan başlamağa nə ehtiyac vardı? Və ya məktəbəqədər təhsil müəssisələri var idisə, məktəbə hazırlıq qrupları kimə və nəyə lazım idi?

Məktəbə mübarək qədəmlərini qoymaq üçün azyaşlı məktəbəqədər hazırlıq keçməlidir, məktəbi bitirən məzun ali məktəbə daxil olmaq üçün repetitor yanına getməlidir, ali məktəbi başa vuran bakalavrlar ixtisası üzrə İşə düzəlmək üçün əlavə imtahan verməlidirlər, ali təhsilin birinci piilləsini bitirənlər ikinci pillədə təhsillərini davam etdirmək üçün maqistr hazırlığı keçməlidirlər, maqistrlar özlərinə müvafiq iş tapmaq üçün təcrübə qazanmaq adı ilə əlavə kurslara çəlb olunmalıdırlar və s. və i.a. Elə isə sual yaranır, bu halda bəs orta məktəblər nə edib ki, repetitorlara ehtiyac yaranıb, bəs ali məktəblərin professor-müəllim heyyəti nə ilə məşğul olublar ki, onların yetirmələrindən əlavə imtahan götürülür...? Bir halda ki, maqistraturanı bitirən də əlavə hazırlıqlara cəlb olunursa, onda əlavə deməyə də başqa söz qalmır.

Əgər hər kəs, hər müəssisə, hər təşkilat, hər dövlət qurumu öz üzərinə düşən funksional vəzifələri lazımınca yerinə yetirsəydi, işlərini “məndən keçdi qardaşıma dəydi, elə bildim un çuvalına dəydi” prinsipi ilə qurmasaydı, belə bir vəziyyət də yaranmaz, əlavə hazırlıqlara,gündən günə artmaqda olan təlimçilərə ehtiyac qalmazdı. Bəyənmədiyimiz sovet dönəmində nə təlimçi olub, nə də əlavə hazırlıq kursları.Başqa cür ola da bilməzdi.Əgər məktəb varsa, məktəbin alternativi - əlavə kurs nə deməkdir, yox əgər müəllim varsa, bu əlahiddə xidmət növü, qeyri-rəsmi fəaliyyət sahəsi – repetitorluq nə imiş. Əgər ali məktəblərin diplomuna etibar etmiriksə, professor-müəllim heyyətinin 4 illik zəhmətinə qiymət vermiriksə, 1-2 aylıq kurslardakı hazırlığa, 1-2 saatlıq işə qəbulla bağlı imtahanın nəticələrinə güvənmək hansı məntiqdən irəli gəlir?

Elə götürək kurikulum təlimçiləri ilə bağlı vəziyyəti. Bir ara Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəd Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli kurikulum) kimi təsdiq etdik və konseptual xarakterli çərçivə sənədinə müvafiq olaraq, Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” qüvvəyə mindi. Sonu nə oldu?

Kurikuluma keçiddə tələskənliyə yol verməyimizi təkcə ekspertlər, müəllimlər valideynlər, media nümayəndələri deyil, Təhsil Nazirliyinin və DİM-in ən yüksək vəzifəli rəsmiləri də zaman-zaman etiraf ediblər: “Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq.” 

(M, Cabbarov) ; “20 il ərzində müəllimlərə ənənəvi test tapşırıqlarını necə tətbiq etməyi öyrətmişik və onlar bunu mənimsəyiblər. Lakin müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri qınamaq lazım deyil.” (M, Abbaszadə)”

Biz kurikulumlara ali məktəblərdən başlamalıydıq, orta məktəblərdən yox. Orta məktəb müəllimləri üçün bir neçə seans təşkil etdik, ali məktəblərdən isə kurrikulum səriştəsinə yiyələnən davamçılar gəlmədi və bu məsələdə ardıcılliq və varislik pozuldu, yeni gələn davamçıları maarifləndirmək üçün əlavə təlimçilərə zərurət yarandı. Halbu ki, bu halın qarşısı alına da bilərdi. Ali məktəblərdə qabaqcadan kurikulumun tələblərinə yiyələnəngələcək müəllimlər artıq, fəaliyyətə başlayarkən hər hansı bir çətinliklərlə üzləşməyə də bilərdilər.Bəli, bu gün təhsilimizin bir çox sahələrində illərllərdən bəri yaranan müəyyən boşluqlar var və əəsaslı islahatlara ehtiyac var.. İslahatlar aparaq, ancaq bu şərtlə ki, boşluqları doldurmaq əvəzinə, yeni boşluqlar yaratmayaq...

 

Xəbər lenti