Logo

Avropa Komissiyasının 2024-cü il üzrə təhsil və təlim hesabatı dərc edilib

24.12.2024 16:05 66 baxış
IMG

Avropa Komissiyası tərəfindən “2024-cü il təhsil və təlim hesabatı” adlı illik hesabat dərc olunub.

TƏHSİL.BİZ xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin dekabr sayında hesabatdan çıxarışlara yer verilib.

Hesabatda Avropa İttifaqı ölkələrinin təhsil və təlim məqsədlərinə nailolma prosesi nəzərdən keçirilir və dayanıqlılıq üçün tədris prioritet sahə kimi vurğulanır. 

Dayanıqlı təhsil öyrənənlərin tənqidi analiz edə bilməsi, qlobal problemlərə uyğunlaşması, eləcə də yaşıl keçidə, dayanıqlı gələcəyin qurulmasına töhfə verə bilməsi üçün zəruri biliklər və bacarıqlarla təmin edilməsini hədəfləyir, həmçinin fərdi və kollektiv fəaliyyət üçün məsuliyyət hissinin inkişafını təşviq edir. Burada əsas məqsəd ekosistemlərin qorunması, nəsillərarası ədalət və bərabərliyin təşviqinə yönəlmiş təşəbbüsləri dəstəkləməkdir. Belə ki, dayanıqlılıq təhsili yalnız mövcud ekoloji problemlərin həllinə deyil, gələcək nəsillərin daha ədalətli və balanslı bir dünya qurmaq üçün lazımi bilik və vasitələrlə təchiz edilməsinə istiqamətlənib.

Dayanıqlılıq məsələsində məlumatlılıq və fəaliyyət arasında əhəmiyyətli bir boşluq olduğu hesabatda qeyd edilir. Belə ki, gənclərin 83,6%-i dayanıqlılığı dəyərləndirdiyi və ekoloji cəhətdən səmərəli davranışların əhəmiyyətini bildiyi halda, bunların yalnız 29,8%-nin bu dəyərləri gündəlik həyatlarına fəal şəkildə tətbiq etdiyi hesabatda əks olunur. 

Dayanıqlılıq məsələsində məlumatlılıq artsa da Avropa İttifaqında əsas dayanıqlılıq təhsili üzrə əhəmiyyətli fərqlər müşahidə olunur. Belə ki, Danimarka bilik səviyyəsində liderlik etdiyi halda, Bolqarıstan bu səviyyə üzrə aşağı nəticə göstərir. Eyni zamanda Aİ üzrə dayanıqlı kompetensiyaların tədris proqramlarında əhatə olunmasında əhəmiyyətli boşluqların olması da hesabatda öz əksini tapır. Bir çox təhsil sistemi dayanıqlılığı müəyyən dərəcədə tədris proqramına daxil etsə də mürəkkəbliyi anlamaq (sistemli düşüncə), gələcəyi təsəvvür etmək (gələcək savadlılığı) və dayanıqlılıq üçün hərəkət etmək (fərdi və kollektiv fəaliyyət, siyasi təşəbbüskarlıq) kimi vacib sahələrin tez-tez diqqətdən kənar qaldığı hesabatda vurğulanır. 

Gələcək savadlılığı, tələbələrdə dayanıqlı gələcəyi proqnozlaşdırmaq və formalaşdırmaq, eyni zamanda laqeydlik və ekoloji narahatlıq kimi problemlərlə mübarizə aparmaq bacarığının formalaşmasına kömək edir. Bununla belə dayanıqlı təhsil sahəsində bu istiqamətə ən az diqqət yetirilməsi tələbələrin mürəkkəb sosial-ekoloji problemləri effektiv şəkildə idarəetmə və onların həlli üçün zəruri olan bacarıqlar qazanmasını məhdudlaşdırır.

Hesabatda erkən uşaqlıq təhsilinin və Avropa İttifaqı üzrə 3 yaşdan icbari təhsilin başlanğıcına qədər olan uşaqlar üçün iştirak səviyyəsinin 2022-ci ildə 93,1%-ə çatdığı qeyd olunur. Bildirilir ki, erkən uşaqlıq təshili üzrə Portuqaliya, Litva kimi ölkələr islahatlar vasitəsilə böyük irəliləyiş əldə etsə də kiçik yaşlı uşaqlar və sosial statusu aşağı ailələrdən olan uşaqlar arasında boşluqlar mövcuddur. Belə ki, bu qruplar arasında iştirak nisbətində 15,8 faizlik fərq qeydə alınıb.

Hesabatda həmçinin təhsil nailiyyətlərində mövcud problemlər də vurğulanır. Qeyd olunur ki, məktəbi erkən tərketmə halları 9,5%-ə qədər azalsa da sosial-iqtisadi cəhətdən imtiyazlı təhsilalanlar, Aİ-yə üzv olmayan miqrantlar (23%) və fiziki məhdudiyyətləri (22,2%) olan şəxslər arasında ciddi fərqlər hələ də qalır.  Bildirilir ki, valideynlərin təhsil səviyyəsi, sosial-iqtisadi status üçün əsas göstərici hesab olunur. Belə ki, valideynləri aşağı təhsil səviyyəsinə malik olan səkkizinci sinif şagirdləri, yüksək təhsilli valideynləri olan həmyaşıdlarından orta hesabla 76.3 bal aşağı nəticə göstərir (458,5 və. 534,7). Bu fərq bəzi ölkələrdə 100 balı ötür: Slovakiyada (143,5), Polşada (125,3), Sloveniya (120,1), Litva (109,5) və İsveçdə (108,5).

Hesabatda qeyd olunur ki, fərdi təhsil planları davamiyyəti artırmaq üçün tədbirlər və tələbə rifahı təşəbbüslərini əhatə edir. Bəzi ölkələr erkən məktəbdən çıxmanın qarşısını almaq üçün risk altında olan təhsilalanların monitorinqi və onlara dəstək xidmətlərinin göstərilməsi üzrə innovativ strategiyalar tətbiq edir.

O cümlədən, hesabatda Peşə təhsili və təlim (VET) sahəsində irəliləyişlərin də olduğu vurğulanır. 2023-cü ildə peşə təhsilində karyera əsaslı öyrənmədə iştirak səviyyəsi 64,5%-ə çataraq, 2025-ci il üçün nəzərdə tutulan 60%-lik hədəfi üstələmişdir. Peşə təhsili üzrə məzunların işlə təmin olunma səviyyəsi 81%-lə rekord səviyyəyə çatıb. Almaniya, Avstriya və Niderland kimi ölkələr işlə təminat və karyera əsaslı təlim sahəsində liderlik edirlər. Bununla belə peşə təhsilində sərhədlərarası mobillik hələ də problemlidir: tələbələrin yalnız 5,1%-i transsərhəd öyrənmə təcrübəsi əldə edir ki, bu da 2030-cu il üçün nəzərdə tutulan 12%-lik hədəfdən uzaqdır.

Dayanıqlılığın inteqrasiyası sahəsində irəliləyişlər olsa da Aİ ölkələri arasında ciddi fərqlərin mövcudluğu da hesabatda yer alır. Aparıcı ölkələr yaşıl keçidə uyğun olaraq tədris proqramlarına yaşıl bacarıqlar əlavə etsə də bəzi ölkələr peşə təhsili sistemlərinə dayanıqlılığı daxil etməkdə gecikir.

Hesabatda ali təhsildə nailiyyətlər, öyrənmə mobilliyi və əmək bazarı tələblərinə uyğunlaşma məsələlərinə də diqqət yetirilir. Vurğulanır ki, ali təhsil nailiyyətləri artmaqda davam edir və 2023-cü ildə 25–34 yaşlılar arasında bu göstərici 43,1%-ə çatıb. Bu da Aİ-nin 2030-cu il üçün nəzərdə tutulan 45%-lik hədəfinə yaxınlaşdığını göstərir. Buna baxmayaraq, ölkələr və sosial-iqtisadi qruplar arasında əhəmiyyətli bərabərsizliklər qalır. Lakin bir çox Aİ ölkələri ehtiyac əsaslı təqaüdlər, yaşayış üçün subsidiyalar, digər tədbirlər tətbiq edərək ədalətli girişi təşviq etsələr də bu tədbirlərin əhatə dairəsi və effektivliyi fərqli şəkildə həyata keçirilir.

Hesabatda 2023-cü ildə 25–34 yaşlılar arasında ali təhsil alma səviyyəsinin 43,1%-ə çatdığı qeyd olunur. Lakin əmək bazarının tələbatına baxmayaraq, informasiya və kommunikasiya texnologiyaları (İKT) kimi vacib sahələrdə iştirak səviyyəsində əhəmiyyətli dərəcədə artım müşahidə olunmur. Ömürboyu təhsildə iştirak səviyyəsi 39,5%-dir və bu göstərici hədəflərdən xeyli aşağıdır. 

Avropa İttifaqına üzv olan ölkələrin əksəriyyətində təhsil sistemlərinin dayanıqlılığın tədrisi üçün bütöv məktəb strategiyalarını təşviq etdiyi hesabatda qeyd olunur. Bu strategiyalara dayanıqlılığın məktəb inkişaf planlarına daxil edilməsi, müəllimlərin təlim keçməsi və davamlı təhsil mühitlərinin yaradılması daxildir. Lakin bu fəaliyyətlər tez-tez sistemli dayanıqlılıq problemlərini həll etmək əvəzinə tullantıların toplanması kimi aşağı təsirli tədbirlərlə məhdudlaşır. Dayanıqlı kompetensiyalar üzrə Avropa çərçivəsi olan GreenComp bilikləri, bacarıqları və münasibətləri təhsilin bütün səviyyələrinə inteqrasiya edərək, bu boşluqları aradan qaldırmağa yönəlib.

Ali təhsildə öyrənmə mobilliyi də narahatlıq doğurur: 2022-ci ildə tələbələrin yalnız 11%-i mobillik proqramlarında iştirak edib ki, bu da 2030-cu il üçün nəzərdə tutulan 23%-lik hədəfdən xeyli aşağıdır. Mobillik göstəricilərində ölkələr arasında əhəmiyyətli fərqlər mövcuddur. 

Hesabatda böyüklərin təhsili sahəsində yenidən ixtisaslaşma və bacarıqların artırılması üzrə əsas məsələlərə də yer verilmişdir. Belə ki, məlumatlara görə böyüklərin təhsildə iştirakı 2022-ci ildə 39,5% olmuşdur ki, bu da Aİ-nin 2025-ci il üçün nəzərdə tutulan 47%-lik hədəfindən geri qalır. İştirak səviyyəsi ölkələr arasında ciddi fərqlər göstərir: İsveç 66,5%-lə liderlik edir, Bolqarıstan isə 9,5%-lə ən aşağı göstəriciyə malikdir. 

Eyni zamanda hesabatda dayanıqlılığın böyüklərin təhsilinə daha geniş inteqrasiyası vurğulanır. Yeni tədris proqramları, infrastrukturun yaxşılaşdırılması və təlim imkanlarının genişləndirilməsi bu məqsədlərə xidmət edir. 

Cari hesabat dayanıqlılıq təhsilindən əlavə təhsilin dözümlülük, rəqabət qabiliyyəti və sosial inklüzivlikdə daha geniş rolunu vurğulayır. Hesabat təhsilin Avropa İttifaqının Avropa Yaşıl Sazişi, rəqəmsal və demoqrafik keçidlər kimi prioritetləri ilə əlaqəsini göstərir. Təhsil sistemlərinin hər yaşda olan öyrənənlərə dayanıqlı, inklüziv və uyğunlaşan gələcək qurmaqda daha yaxşı dəstək verməsi üçün inkişaf etmiş monitorinq vasitələri, hədəflənmiş investisiyalar və ədalətə yönəlmiş yanaşmalar tövsiyə olunur.

Mənbə: European Commission. (2024). Education and Training Monitor 2024: Comparative report. Directorate-General for Education, Youth, Sport and Culture. https://op.europa.eu/etm

Xəbər lenti