Dekabrın 24-də AMEA-nın Humanitar Elmlər Bölməsi və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas, mətnşünas və biblioqraf Salman Mümtazın anadan olmasının 140 illiyinə həsr edilmiş “Azərbaycan folklorşünaslığının yeni tarixi və aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Bu barədə Tehsil.biz-ə Folklor İnstitutundan bildirilib. Tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli bildirib ki, Azərbaycan ədəbiyyatının, klassik irsinin tədqiqində və tanıdılmasında böyük xidmətləri olan Salman Mümtazın 140 illiyi münasibətilə bir çox qurumlarda, elmi müəssisələrdə tədbirlər, konfranslar keçirilib. Ədəbiyyatşünaslıq və folklorşünaslıq sahəsində apardığı əsaslı tədqiqatlarla, Azərbaycan mədəni irsinin qorunub saxlanılması və tanıdılmasında gördüyü işlərlə Salman Mümtaz həmişə xatırlanacaq, onun zəngin irsi həmişə aktual qalacaq.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək Salman Mümtazın milli ədəbiyyatımızın tanınmasında göstərdiyi xidmətlərdən danışıb. Bildirib ki, Salman Mümtaz ömrünü folklor mətnlərinin, aşıq poeziyası nümunələrinin və klassik ədəbiyyatımızın nümayəndələrinin əlyazmalarının toplanması, şərhi və nəşrə hazırlanmasına sərf edib. Akademik vurğulayıb ki, Salman Mümtaz elə müstəsna şəxsiyyətdir ki, gərək həmişə təxəllüsü adından əvvəl çəkilə, çünki onun şəxsiyyətinə də, bütün fəaliyyətinə də mümtazlıq xasdır.
Salman Mümtazın Əlyazmalar İnstitutundakı arxivini hələ 1970-ci illərin ortalarında, tələbəlik dövründə araşdırdığını qeyd edən alim bildirib ki, Azərbaycanın repressiyaya məruz qalan digər şair və yazıçıları kimi, Salman Mümtazın da xatirəsi hər zaman dövlətimiz və xalqımız tərəfindən əziz tutulur. Bu fədakar şəxsiyyətin Azərbaycan ədəbiyyatının klassiklərinin zəngin irsinin gələcək nəsillərə çatdırılması naminə gördüyü işlər, Azərbaycan mətnşünaslığı sahəsində göstərdiyi müstəsna xidmətlər heç vaxt unudulmayacaq, xalqımız onu qəlbində və düşüncəsində saxlamağa həmişə borclu olacaq.
Daha sonra “Mümtaz alim, “Şəki savları” və Kaşğari “Divan”ı”, “Salman Mümtaz arxivində folklor nümunələri”, “Salman Mümtazın xalq ədəbiyyatı sevgisi”, “Ədəbiyyatşünaslıq elmi tariximizin Salman Mümtaz dönəmi: xalq yaradıcılığı xəzinəmizdən qaynaqlanan Salman Mümtaz tədqiqatları”, “Salman Mümtazın gizli imzaları”, “Salman Mümtaz tədqiqatlarında qarabağlı “El şairləri” və “Salman Mümtazın folklorşünaslıq fəaliyyəti” mövzularında məruzələr dinlənilib.
Tədbirdə Salman Mümtazın nəvəsi şərqşünas alim Urxun Qalabəyli də iştirak edib.